Məhkəmə BNA-nın cərimə protokolunu ləğv etdi; Agentlik qanunsuz tələb irəli sürdü
Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov Bakı Nəqliyyat Agentliyinin sürücü Nuruzadə Elnur Akiz oğlu barəsində tərtib etdiyi elektron qərarı ləğv edib. Elnur Nuruzadə mayın 18-də idarə etdiyi “BMW” markalı, 99-OC-036 dövlət nömrə nişanlı avtomobillə Nərimanov rayonu, Ağa Neymətulla küçəsində dayanma-durmanın qadağan olunmadığı ərazidə dayanıb. Maşını səkiyə paralel şəkildə dayandırdığı halda BNA onu kamera vasitəsilə cəzalandıraraq 20 manat məbləğində cərimə yazıb. Cərimədən narazı qalan vətəndaş Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə ərazidə nişanların olmamasını, vətəndaşın əleyhinə olan sübutların qanunsuz toplanmasını, qanunda nəzərdə tutulmadığı halda BNA-nın qanunsuz olaraq kamera ilə cərimə yazmasını və digər halları nəzərə alaraq cərimə qərarını ləğv edib. Lakin Bakı Nəqliyyat Agentliyi bu qərardan narazı qaldığı üçün apellyasiya şikayəti verib. BNA hesab edir ki, kamera ilə qeydə alınan 2280699 saylı inzibati tənbeh vermə haqqında qarar qanunsuz deyil. Buna görə də, Nərimanov rayon Məhkəmsinin sözügedın qararı əsassız və qanunaziddir.
Agentliyin apellyasiya şikayətində qeyd olunur ki, mübahisə predmeti olan İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətaların dairəsi qəti şəkildə müəyyən edilməyib. Bununla bağlı həmin, habelə Məcəllənin digər maddələrində düzünə göstəriş yoxdur.
Sözügedan maddənin məqsədi yalnız onda sadalanan inzibati xətalarla bağlı icraatın aparılmasının xüsusi qaydasını tənzimləməkdan ibarətdir. Eyni mövqe İnzibati Xətalar Məcəlləsinin 57.6-ci maddəsinə 23 fevral 2021-ci il tarixdə edilmiş dəyişiklikdən də aydın şəkildə görünür. Belə ki, həmin maddədə 122.1-ci maddə ilə yanaşı, 124.5 və ya 124.6-cı maddələrdə də nəzərdə tutulan, xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətaların rəsmi qaydada verilməsindən bəhs edilir. Başqa sözlə, qanunvericilik Məcəllənin 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaların (o cümlədən 346.1 və 346.2) da xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsini mümkün hesab edir. Bu hal isə Agentlik tərəfindən kameralar vasitəsilə inzibati xətaların aşkar edilməsinin qanuniliyinə dəlalət edir.
Başqa bir məsələ isə BNA-nın qərarından verilən şikayətin kim tərəfindən edilməsi ilə bağlıdır. BNA iddia edir ki, cərimə Xəlilov Rəşad Namiq oğluna yazılsa da, Nərimanov rayon Məhkəməsinə Elnur Nuruzadə şikayət edib. Lakin E.Nuruzadə Avtosfer.az-a bildirib ki, avtomobil onun adınadır və cərimə də ona yazılıb. Amma BNA cərimənu sonuncu etibarnamə verilən şəxsə - Rəşad Xəlilova göndərib.
Lakin BNA hesab edir ki, Nərimanov Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləgv edilməli və Baki Nəqliyyat Agentliyinin 18 may 2022-ci il tarixli BNA 2280699 saylə inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdir.
Avtosfer.az isə bildirir ki, Bakı Nəqliyyat Agentliyinin apellyasiya şikayətində irəli sürdüyü iddialar tamamilə əsassızdır. Agentlik iki arqument irəli sürüb. Birincisi 122.1-ci maddə ilə bağlıdır və tamamilə yanlışdır. Ona görə yanlışdır ki, istinad etdikləri maddədə ( 524.6 istisna olmaqla) xüsusi texniki vasitənin adı çəkilir. Düzdür, İXM-nin 124.5 və 124.6-cı maddələrində də “xüsusi texniki vasitə” sözü var, amma o xüsusi texniki vasitələrin adı 56 və 57-ci maddələrdə adı çəkilir deyə bu o demək deyil ki, ondan 122.1-dəki kimi istifadə olunmalıdır. Xüsusi texniki vasitələrin istifadə qaydaları fərqlidir və onların növləri çoxdur. Məsələn, avtomobillərin tüstüsünü ölçən aparat da xüsusi texniki vasitə hesab olunur. Avtomobillərin tüstüsünə görə yazılan cərimənin maddəsi 342.5-i də kamera ilə qeydə ala bilərik? Təbii ki, yox. Həmin xüsusi texniki vasitənin istifadəsinin öz qaydası var. Məcəllənin 122.1-ci maddəsində konkret olaraq yazilib ki, kamera qayda pozuntusunu görür və insan faktoru olmadan aşkar edib cərimə yazır. 124.5 və 124.6-da xüsusi texniki vasitənin qaydası belədir ki, canlı adam gəlməlidir, xüsusi texniki vasitə olan bort kompyuterlə foto və video çəkməlidir və planşetdə cərimə tətbiq edib yerində sistemə yerləşdirməlidir. Cərimə protokolu isə kağızda çap olunaraq avtomobilin qabaq alın şüşəsinə qoyulmalıdır.
Bu səbəbdən də yaxşı olar ki, BNA xüsusi texniki vasitənin istifadə üsulunu da öyrənsin. Elə bu səbəbdən də appelyasiya şikayətindəki həmin arqument yalnışdır. Cərimə edilənin başqası, şikayət edənin isə başqa biri olması məsələsinə isə yuxarıda izah verdik. Avtomobilin sahibi kiməsə etibarnamə verib deyə cərimələrin hamısı həmin şəxsə göndərilə bilməz. DYP də eyni hərəkətləri edir. Amma bu, tamamilə yalnış bir addımdır.
Elməddin Muradlı