Banner

Məktəblilər dərsə niyə bıçaqla-beşbarmaqla gəlir? - Nəzarətsizlik - ARAŞDIRMA - VİDEO

Yazarlar 12 Fevral 2024 18:45 Oxunub 6028
Məktəblilər dərsə niyə bıçaqla-beşbarmaqla gəlir? - Nəzarətsizlik - ARAŞDIRMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son vaxtlar məktəblilər arasında soyuq silah gəzdirilməsi halları artıb. Şagirdlər məktəbə bıçaq, beşbarmaq, “kəpənək” və s. kimi silahlar gətirir. Bəzən bu böyük fəlakətlərə səbəb olur. Ölkəmizlə yanaşı xaricdə də bu kimi hallar müşahidə edilir. Həmçinin məktəblilər soyuq silahlarla videolar çəkib sosial şəbəkələrdə paylaşırlar. Bəs belə hallar niyə çoxalıb? Məktblilərin soyuq silahlara marağı nədən qaynaqlanır? Bunun qarşısı necə alınmalıdır? Hansı tədbirlər görülə bilər?

Bu barədə Avtosfer.az-a açıqlama verən psixoloq Sevinc Həbibova bildirib ki, son vaxtlar cəmiyyətdə yeniyetmələrin aqressiyanın qəfil artması müzakirəyə səbəb olur: “Adi məktəblilər bir-birlərinə və başqalarına hücum edirlər. Bu, uşaqların münaqişə vəziyyətlərini necə həll edəcəyini bilmədikləri üçün baş verir. Belə mövzular kütləvi informasiya vasitələrində geniş ictimai rezonans və müzakirəyə səbəb olur. Tədricən yeniyetmələr arasında müəyyən bir dəb formalaşır. Bütün uşaqlar bu vəziyyəti tənqidi qiymətləndirə bilmirlər. Bənzər bir təcrübəni təkrarlamaq istəyən təcavüzkarın imicini ideallaşdırırlar. Geniş rezonans doğuran vəziyyət, bir qayda olaraq, bəzi oxşar kiçik miqyaslı hadisələrə səbəb olur. Bu cür halları işıqlandırmaq və daha da çox, uşaqlarla müzakirə etmək çox diqqətlə aparılmalıdır”.

Psixoloq qeyd edib ki, "Şagirdlərin daxili qaydaları"da məktəbə xarici əşyaların, soyuq silahların, tütün məmulatlarının, zəhərli maddələrin və digər əşyaların və şagirdlərin sağlamlığına zərər verə biləcək maddələrin gətirilməsinin qadağan edilməsi barədə əlavə bir bənd daxil edilməlidir: “Vəziyyət yalnız müxtəlif səviyyələrdə eyni vaxtda tədbirlər görməklə dəyişdirilə bilər. Belə ki, məktəb tərəfdən vaxtında psixoloji həyəcanlıq əlamətlərini görmək, sinifdəki psixoloji iqlimi müşahidə etmək, aqressiyanın aşkarlanmasına lazımi diqqət yetirmək və s. Ailə isə uşağa hər zaman dəstək olmalıdır, Valideynlər uşağını sevən, anlayışlı və çətin vəziyyətdə ona kömək etməyə hazır olmalıdır”.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən sosioloq Mail Yaqub bildirib ki, cəmiyyətdə hər hansı bir faktın, hadisənin çoxalması barədə qəti qərar vermək risklidir: “Bir neçə halın mövcudluğunu görüb Azərbaycanda bu faktların xeyli çoxaldığını deyə bilmərik. Bu elmi yanaşma deyil. Belə hallarda gərək əlimizdə statistika olsun. Konkret, dəqiq mərkəzlər bu sahədə işləsinlər ki, Azərbaycanda, məsələn, 2022-ci illə müqayisədə 2023-cü ildə məktəblilərin məktəbə soyuq silahla gəlməsi faktları neçə faiz çoxalıb”.

Sosioloq qeyd edib ki, belə halların qarşısını almaq üçün iki yol var: “Onlardan biri ailədə həmin yeniyetmələrin uşaqların ciddi tərbiyə alması, yəni valideynlərin bu məsələyə xüsusi diqqət ayırmasıdır. Mən sizi tam əmin edirəm ki, əgər valideynlər ailədə uşaqlarıyla dost olsalar, onlara xüsusi diqqət ayırsalar, onların təlim tərbiyəsinə zaman ayırsalar, onlarla söhbət etməyə zaman ayırsalar, uşaqların, yeniyetmələrin içindəki enerji boşalacaq və onlar öz enerjilərini boşaltmaq üçün məktəbə soyuq silah gətirməyə ehtiyac duymayacaqlar. Təlim tərbiyə deyəndə uşağı vurmaq, döymək nəzərdə tutulmur. Təlim tərbiyə, yəni valideynin uşaqla dost olması, ona zaman ayırması, onun suallarını cavablandırılması, onu danışdırması, onunla xeyli müzakirə aparmasıdır. Bu uşağın içindəki o enerjisini azaldan əsas amildir. İkinci məsələ isə hüquqi məsələdir. Uşaqlarının tərbiyəsinə laqeyd qalan valideynlər hüquq qarşısında cavab verməli, hüquqi məsuliyyətə cəlb olunmalıdır ki, bundan sonra uşaqlarına daha çox zaman ayırsınlar, daha çox diqqət ayırsınlar”. 

Mövzü ilə bağlı Avtosfer.az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, son illər ciddi şəkildə təhsil prosesində uğurlar görməməklə yanaşı, son iki il ərzində neqativlərin həcmi və eyni zamanda ağırlıq səviyyəsi də artıb: “Təkcə 2022-ci ilin yanvarından sentyabrın 30-a qədər olan müddətdə intiharlar, şagirdlərin birinin digərinə fiziki zorakılığı, müəllimlər arasında münasibətlər, direktorların tədris prosesinin düzgün təşkil etməməsi, şagirdlərdən əsassız olaraq pul yığmaları kimi hallar çoxalıb. Bu onu göstərir ki, Elm və Təhsil Nazirliyi nəzarəti həyata keçirə bilmir. Eyni zamanda, hər hansısa bir funksiyasını yerinə yetirməkdə ciddi problemlər var. Maraqlı tərəfi ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyi məhz bu problemlərin aradan qaldırılması üçün bir sıra qeyri hökumət təşkilatlarına böyük məbləğdə qrant layihələr verib. Bu qrant layihələr tədris prosesinin keyfiyyəti artırılması, şagirdlər arasında münasibətlər, eyni zamanda məktəb, müəllim münasibətləri düzgün tənzimlənməsi üçün verilib. Amma biz görürük ki, bu qədər qrant layihələri almağına, tədbirlər keçirməyinə baxmayaraq, neqativ halların sayı azalmaq əvəzinə ciddi şəkildə artıb”.

Ekspert təəssüflə vurğulayıb ki, şagirdlərin məktəblərə davamiyyəti, müəllim, şagird həmçinin məktəb, valideyn münasibətləri düzgün istiqamətdə qurulmayıb: “Bunun mənfi nəticələrindən biri də təhsil səviyyəsinin aşağı düşməsidir. Məsələn bu il üçün ıı və ııı ixtisas qrupu üzrə qəbul imtahanları nəticələri çox aşağı düşdü. Ümumilikdə hal-hazırda tədrisin təşkili ilə bağlı idarə edilməsi ilə bağlı ciddi problemlər var. Şagirdlər arasında biz xoşagəlməz halların günü gündən artdığını müşahidə edirik. Bu, təbii ki, yaxşı hal deyil. Hesab edirəm ki, məktəblərə davamiyyətin yüksəldilməsinə, eyni zamanda təhsilin keyfiyyətinə ciddi nəzarət olunmalıdır. Bunun üçün məktəblərdə profilaktik işlər görülməlidir. Ümumiyyətlə, tədrisin idarə olunmasına və təhsilin təşkilinə mütəxəssislər, peşəkar insanlar cəlb edilməlidir”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə  "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh