Məmur oğlunun faciəsi - Mövzu öldü

Bir məmur var idi. Oğlu Bakıda at oynadırdı, mətbuat da yazmışdı, TV-lər də göstərmişdi, tutub bir ay həbs verdilər uşağa. Sonra yenə həbs olundu, sonra sürücülük vəsiqəsi əlindən alındı. Atası ona maşın almırdı. Bilirdi ki, gedib yenə nəsə hoqqa çıxaracaq. Uşaq dinc dayanmadı. Gedib icarəyə maşın götürüb əylənirdi. Kefindən qalmırdı. Hamı narkoman deyirdi. Amma atası and içirdi ki, oğlum narkoman deyil, ürəyitəmiz uşaqdı, düzələcək. Sonra o atayla görüşdük. Atamla eyni yaşda olardı. Yalvardı, gözləri yaşardı. Dedi, bilirəm, mən də səhv etmişəm, evin tək uşağı idi deyə ərköyün böyütmüşəm. İndi çox peşmanam. Cəmiyyətdən kömək istəyirəm ki, uşağımı düz yola qaytarım. Heç kim kömək etmir, hamı məni qınayır.
Bu məmurla tez-tez görüşürdük. Çox savadlı insan idi. Amma uşaqdan bərk nigaran idi. Bir gün eşitdim ki, uşaq evə girib, balkondan yerə zir-zibil atır, qonşulara ziyan vurur. Atası məcbur qalıb gecə saat 3-ə kimi yağışın altında dayanıb gözləmişdi ki, oğlu yatandan sonra evə girsin. Və girdi də. Uşağın yatdığı yerdə əl-qolunu bağlayıb dəlixanaya apardılar. Müalicə almalı idi. Aldı da. Amma düzəlmədi...
Uşağın və atanın faciəsini bilirdim, üzülürdüm. Onların hər ikisi həyatın acısını yaşayırdılar. Amma çoxları onlara xoşbəxt, imkanlı ailə kimi baxırdı. Uşaq psixi xəstə, ata yaşından da qoca, anası yataq xəstəsi olmuşdu. Hər cür şərait, hər cür imkan var idi. Bircə hüzur yox idi, xoşbəxt deyildilər...
Bir gün ağsaqqal zəng etdi ki, xaricdəyəm, gələn həftə Bakıda olacam, görüşək, çay içək. Dedim, yaxşı.
Kişi Bakıya qayıdan kimi zəng elədi, görüşdük. Sonra daha bir neçə dəfə görüşüb söhbətləşdik. Hər görüşəndə uşaqla bağlı danışırdıq, planlar qururdu. Amma az da olsa, təsiri olurdu. Sonuncu dəfə dedi, 3-cü gün zəng elə. Dediyi vaxtda zəng etdim. Telefonu açdı.
- Salam, necəsiz müəllim?
- Elməddin... Oğlumun toyudur, səni toya dəvət edirəm. Gəl...
Donub qaldım. Hiss etdim ki, toy deyil. Nəsə baş verib. Soruşdum ki, hardasız? Dedi, Təzə Pir məscidində. Heç nə deyə bilmədim. Durub getdim. Oğlunun şəkli divara asılmışdı. Özü qapıda dayanmışdı. Görüşüb məclisə keçdim. Hamı ona təsəlli verirdi görüşdükcə. Amma gec idi. Kişi anlaqsız halda sadəcə oğlunun şəklinə baxırdı. Molla hərdən "Allah rəhmət eləsin" deyib fatihə verəndə kişi diksinirdi. Bir stəkan çay içib qalxdım. Qapıda yenə görüşdük, başsağlığı verib mümkün qədər tez çıxmaq istəyirdim. O atanın ümidsizliyini izləyə bilmirdim. Əlini sıxdım. Buz kimi idi. Eləcə susub baxdım, o da nəsə demək istəyirdi, amma duruxub qalmışdı. Elə bircə bunu deyə bildi.
- Elməddin, oğlum getdi. Başa düşürsən? Getdi. Mən nə edəcəm? Yenə yetim qaldım... Anam, oğlum...
Sonradan öyrəndim ki, bir ay əvvəl həmin məmurun anası da rəhmətə gedib. Elə Təzə Pir məscidində, elə həmin zalda anasına da ehsan verib.
Artıq 3-4 aydır ona zəng etmirəm. Edə bilmirəm. Mövzu öldü axı.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










