Norveçdə 3, İsveçrədə 5, Azərbaycanda 57 - AĞRILI VƏ QORXUNC STATİSTİKA
Bu günlərdə Azərbaycanda yol hərəkəti iştirakçısı olan uşaqların vəziyyətini araşdırarkən qarşıma acınacaqlı bir statistika çıxdı. Dövlət Yol Polisinin saytındakı məlumata görə 2019-cu ildə Azərbaycanda yol qəzalarında 57 uşaq həlak olub, 170 uşaq xəsarət alıb.
Bu rəqəm məndə narahatlıq doğurdu və başqa ölkələrdəki vəziyyətə göz atmağa vadar etdi. Müqayisə üşün ərazi və əhalisi bizdən çox olan ölkələri seçsəm də, təəssüf ki, bu məşum statistikada “öndə getdiyimiz” məlum oldu.
Avtomobil sayı bizdən dəfə çox olan İsveçrədə 1980-ci ildən indiyədək hər il avtomobil qəzalarında orta hesabla 5 uşaq həlak olur.
Ərazisi bizdən 5 dəfə böyük olan Norveçdə isə bu rəqəm 3-dür.
Hər 2 ölkədə uşaqlar əsasən dərsə gedərkən qəzaya düşürlər.
İsveçrə və Norveçi ötməyimiz bu sahəyə nəzarətin zəif olmasından daha çox, özümüzün intizamsızlığımızın göstəricisidir.
Dünyada avtomobil sayının artımı bəzi problemlər də doğurur. Nəqliyyat vasitələrinin artımı ilə paralel olaraq hərəkət çətinləşir, yol qəzalarının, ölən və xəsarət alanların sayı artır. Bu bədbəxtliklərdən nəsibini alanlardan bir qismi uşaqdır.
Şəxsi təcrübədən deyə bilərik ki, əksər valideynlər nəqliyyatda (istər şəxsi, istərsə də ictimai) uşaqların təhlükəsizliyi məsələsi barədə məlumatlı deyil və ya bu məsələyə barmaqarası baxırlar. Qucağında körpə uşaqla sükan arxasında oturan sürücüyə, avtomobili özü idarə edən, qabaq oturacaqda ayaq üstə duran, qolunu və ya başını pəncərədən çıxaran, qabaq oturacaqdakı sərnişinin qucağında əyləşən uşaqlara addımbaşı rast gəlmək olur.
Yol polisini gördükdə təhlükəsizlik kəmərini sinəsi üstünə atan valideyn də övladı üçün çox pis nümunədir. “Evdə olanı uşaq götürər” prinsipi ilə böyüyən bu cür “nəsil davamçıları” bir tərəfdən qorxaq böyüyür, digər tərəfdən atalarının yolları ilə gedərək, gələcəkdə intizamsız (bəlkə də, tərbiyəsiz demək yerinə düşər) yol hərəkəti iştirakçılarına çevrilirlər.
Bəzi avtomobil sahibləri isə daha “ağıllı” davranaraq təhlükəsizlik kəmərlərini söküb atır, hava yastıqlarını isə qəza vaxtı avtomobilin ön paneli korlanmasın deyə (malım batınca canım çıxsın) işdən ayırır. Bu tip “texniki vanldalizm”in sonu göz yaşı və itirilmiş sağlamlıq olur. Yol polisinin gözündən uzaq olduğu üçün belə hallar kənd yerlərində artıq adət halını alıb. Nəticə isə heç vaxt ürəkaçan olmur. Eynən ötən ay Gəncədə atasının avtomobilini qaçıraraq özü ilə yanaşı 1 nəfərin də ölümünə səbəb olmuş məktəblinin faciəsi kimi.
Keçid üçün link: https://avtosfer.az/az/gundem/azerbaycanda-qeza-toredib-olen-16-yasli-mekteblinin-fotosu-163343
Uşaqlar nə üçün kəmərlə bağlanmalıdır?
Uşaqları kəmərlə bağlamaq qəza zamanı xəsarət alma riskini azaldır. Avropa ölkələrində 1992-ci ildən etibarən 10 yaşa qədər uşaqların xüsusi oturacaqlarda daşınması məcburidir.
Düzgün oturmayan (bağlanmayan) uşağın 20 km/saat sürətlə baş verən toqquşmada həlak olması ehtimalı böyükdür. Düzgün oturmayan uşaq qəza vaxtı qabaq şüşəyə, oturacağa çırpılaraq, ya da avtomobildən bayıra sıçrayaraq həlak ola bilər.
Nə üçün xüsusi vasitələr?
Avtomobillərdəki təhlükəsizlik kəmərləri, hava yastıqları və digər qoruyucu vasitələr böyüklərə hesablanıb. Kiçik uşaqların bu kəmərlərdən istifadəsi qəza zamanı boğulmaya gətirib çıxara bilər. Kiçik uşağın bu kəmərdən sürüşüb çıxması çox da çətin deyil. Xüsusi oturacaqlar isə uşaqların anatomik göstəricilərinə uyğundur. Uşaqlar burada rahat və təhlükəsiz şəkildə otura və yata bilərlər. Bu oturacaqlar hərəkət zamana uşağı yedizdirməyi də asanlaşdırır.
Ən təhlükəli hallardan biri də uşağın qabaq oturacaqdakı sərnişinin qucağında əyləşməsidir (təəssüf ki, bizdə çoxları bunu norma hesab edir). Qəza zamanı, xüsusilə də hava yastığı açıldıqda, uşaq üçün nəticə letal ola bilər.
Uşaq böyüdükcə şəhər yerində onun üçün həyati təhlükə də artır. Dərsə tək gedən şagird artıq müstəqil yol hərəkəti iştirakçısına çevrilir. Məktəb yaşlı uşaqlarla bağlı ən böyük problem də elə onların müstəqil şəkildə dərsə gedib qayıtması ilə bağlıdır. Əksər ölkələrdə uşaqlar yolu keçərkən qəzaya düşürlər (təəssüf ki, bu hal yol mədəniyyətinin aşağı olduğu ölkələrdə “saqqallı uşaqlara” da şamil edilir).
Velosipeddən istifadə edən uşaqların iştirak etdiyi qəzalar Avropada çox olsa da, bizdə nadir rastlanan hadisədir. Azərbaycanda əksəriyyət velosipedi yalnız uşaq oyuncağı hesab edir və 19 əsrin böyük ixtiralarından olan bu texnika bizdə (hələ ki) nəqliyyat vasitəsi kimi ciddi qəbul olunmur. Azərbaycanda məktəbə velosipedlə gedən uşağa demək olar ki, rast gəlmirik. Dərsə velosipedlə gedən uşağın sinif rəhbəri və ya direktorun qəzəbinə tuş gəlməsi də istisna olunmur.
1994-cü ildən İngiltərənin Hertfordşir qraflığında “Məktəbə piyada gedək” adlı kampaniya təşkil edildi. Məqsəd uşaqlara yol hərəkəti qaydalarını öyrətmək və uşaqların müstəqil yol hərəkəti iştirakçısına çevrilməsini təmin etmək idi. Kampaniya tezliklə bir çox ölkəə yayıldı. İndi tədbirlər ildə iki dəfə - mayda və oktyabrda, hər dəfə bir həftə olmaqla təşkil edilir. Tədbirlərdə QHT-lər, valideynlər, məktəbin və icra strukturlarının nümayəndələri və polis iştirak edir. Bu tip tədbirlərin Azərbaycanda (xüsusilə şəhərlərdə) təşkil edilməsinin vaxtı çoxdan çatıb. Maarifləndirmə işini təkcə DYP-nin üzərinə atmaq düzgün deyil. Tam əminəm ki, müraciət olduğu təqdirdə polis bu tip maarifləndirici tədbirlərə maksimum kömək göstərəcək.
Çıxış yolu
Uşaqların nəqliyyat qəzalarından qorunmasında birinci olaraq məsuliyyət valideynin üzərinə düşür. Bunun üçün onlar bəzi sadə qaydaları gündəlik həyatda tətbiq etməlidirlər:
- Uşaqlara 3 yaşından başlayaraq küçə hərəkət qaydaları praktik olaraq (yəni küçədə) izah edilməlidir;
- Uşaqlara yolu keçərkən müəyyən həddə müstəqillik verilməlidir;
- Uşaqlar küçəyə başlı başına buraxılmamalıdır.
Daha yaxşı nəticə almaq üçün yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərlə yanaşı piyadalar və sərnişinlər də cəzalandırılmalıdır. Televiziyada müntəzəm olaraq maarifləndirici proqramlar təşkil olunmalıdır.
Nəhayət valideyn hər bir hərəkəti ilə uşağa nümunə olmalıdır. Təhlükəsiz hərəkət qaydalarını uşağa izah edən valideyn özü qayda pozursa, bu izahatın faydası yoxdur. Başqa sözlə dəvət edən özü düzgün yolda olmalıdır.
Sözardı
Yol hərəkəti iştirakçılarının həmrəyliyi ölkənin mədəni və inkişaf səviyyəsinin göstəricisidir. Gəlin, bu sahədə adımızın “vaxtovka” KAMAZ-ların marşrut avtobus kimi istifadə edildiyi dövlətlərlə deyil, Hollandiya, Almaniya və İsveçrə ilə bir sırada çəkilməsinə nail olaq. Bu nə göründüyü kimi çox çətin, nə də çox asan deyil.
Vüqar Yaşaroğlu