Yeraltı və yerüstü keçidlər: Düzgün istifadə edə bilmirik, yoxsa...
Piyadaların yollarda hərəkəti zamanı həyat və sağlamlıqlarının, təhlükəsizliyinin qorunması, həmçinin, şəhər nəqliyyatının maneəsiz hərəkətinin təmin edilməsi istiqamətində dövlətimiz intensiv işlər görür. Bu məqsədlə paytaxtın bir çox yollarında yeraltı və yerüstü piyada keçidləri inşa edilirək vətəndaşların istifadəsinə verilir. Qeyd etməliyik ki, dövlət vətəndaşları düşündüyü kimi, vətəndaşlar da dövləti, onlar üçün yaradılan bu infrastrukturları lazımi səviyyədə dəyərləndirməli, ondan düzgün istifadə etməlidirlər.
Təəssüflər olsun ki, bir zamanlar piyadaların keçidləri kənara qoyub, sürətli avtomobil yollarından keçərək özlərini təhlükəyə atmasından şikayətlənirdiksə, indi isə keçidlərdə piyadalardan daha çox zibil, tullantı qalıqlarına, siqarət kötükləri, kiçik polietilen torbalarına rast gəlirik. Belə ki, vətəndaşlar Bakı küçələrində yerləşən yeraltı və yerüstü piyada keçidlərini zibilləməkdən, çirkləndirməkdən, texniki avadanlıqlara ziyan vurmaqdan çəkinmirlər. Sonda isə paytaxt sakinləri və əcnəbi qonaqlar üçün xoş olmayan görüntü yaranır. Təbii ki, belə olduqda da piyadalar antisanitar vəziyyətdə olan keçidlərdən istifadə etməkdən çəkinirlər. Bu isə onların keçidləri kənara qoyub həyatını riskə atması deməkdir.
Maraqlıdır, niyə piyadalar yeraltı və yerüstü keçidlərdən düzgün istifadə etmirlər?
Budəfəki mövzumuzda bu və digər suallara ekspertlərin fikri əsasında cavab tapmacağıq. “İki sahil” bu məsələ ilə bağlı mütəxəssislərin fikirlərini təqdim edir:
Sanitar vəziyyətə nəzarət edən aidiyyəti qurumlar var. Amma bu, o demək deyil ki…
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət idarəsinin əməkdaşı, ictimai səhiyyə mütəxəssisi Şəhla Mirzəzadə sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ətraf mühitin çirkləndirilməsi insan sağlamlığına zərər olmaqla bərabər, həm də etik davranış baxımından doğru deyil. Keçidlər insanlar üçün təhlükəsiz şərait yaradan yerlərdir. Buradan gün ərzində yüzlərlə, minlərlə insan keçir. Hər kəs əlindəki hansısa əşyanı ora atsa, keçidlərdə təmizliyin pozulması ilə yanaşı, həm də gigiyenik qaydaların pozulmasına şərait yaradacaq. Əlbəttə ki, keçidlərdə təmizlik işləri aparan, sanitar vəziyyətə nəzarət edən məsul şəxslər və aidiyyəti qurumlar var. Amma, bu, o demək deyil ki, vətəndaşlar “onsuz da təmizlənəcək” deyib ətrafı çirkləndirə bilərlər. Bu doğru yanaşma deyil.
Mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilməlidir
Mütəxəssis əlavə etdi ki, ilk növbədə, cəmiyyətin sağlamlığı baxımından təmizliyə riayət etmək lazımdır. Çünki ətrafa atılan əşyalar, xüsusilə plastik məhsullar uzun illər ətraf mühitdə qalır, qida qalıqları pis qoxunun yaranmasına səbəb olur. Bu baxımdan, hər kəs ilk növbədə məsuliyyətini dərk edib ətrafı çirkləndirməməlidir. Bu məsələ ilə bağlı mütəmadi təbliğat işləri həyata keçirilməlidir. İnsanlar atdıqları addımın nələrə səbəb olacağı barədə məlumatlandırıldıqca, sözügedən prosesin daha uğurlu təşkilinə nail olmaq olar. Bu baxımdan mütəmadi olaraq həyata keçirilən uğurlu maarifləndirmə tədbirləri problemin həllində əsas rol oynayır. Gəlin, ətrafımızı təmiz saxlayaq. Çünki bu, hər birimizin sağlamlığı üçün vacibdir.
Şahidi olmuşam ki, paytaxt sakinləri yeni tikilən piyada keçidlərində eskalatorları, liftləri qəsdən xarab edirlər
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, vətəndaşlar tərəfindən bu yerlərdə eybəcər mənzərə yaradılır: “Dövlətimiz tərəfindən milyonlarla vəsait xərclənir, yeni qatarlar, avtobuslar alınır, yeraltı və yerüstü keçidlər inşa edilir və bir müddət sonra görürük ki, insanlar onları bərbad vəziyyətə salırlar: “Mən konkret olaraq şahid olmuşam ki, paytaxt sakinləri yeni tikilən piyada keçidlərində eskalatorları, liftləri qəsdən xarab edirlər. Yeraltı piyada keçidlərində görmüşəm ki, kimsə orada qol gücünü yoxlamaq üçün keçidin sağ-sol divarlarına döşənmiş mərmər piltələri yumruq, ya təpiklə, ya da hansısa bir alətlə vurub sındırırlar. Avtobus, metro oturacaqlarının yazılması, cızılması, sökülməsi böyük bir biabırçılıqdır. Bütün bunlar xəstəliyin, psixi pozuntunun təcəssümüdür. Necə ola bilər ki, insan dərk etməsin ki, bu cür gözəl, müasir və rahat şərait onun özü, ailəsi, yaxınları, bütün vətəndaşlarımız üçün yaradılıb.”
Dövlət əmlakına ziyan vurmağa görə faktlar təsdiqini tapırsa...
Ekspert vurğuladı ki, qanunvericilikdə metroda bu cür qayda pozuntularına görə inzibati məsuliyyət nəzərdə tutulur. Sürahilərə toxunmaq, vaqon qapılarına zərər vurmaq, oturacaqları, divarları yazmaq, siqaret çəkmək və s. kimi hərəkətlərə yol verən vətəndaşlar 10-100 manat məbləğində cərimə oluna bilərlər. Bu cərimələrin nə qədər olması və digər məsələlər hələ ki, açıq qalıb. Yeraltı və yerüstü piyada keçidləri də dövlət əmlakıdır. Zənnimcə, dövlət əmlakına ziyan vurmağa görə faktlar təsdiqini tapırsa, təbii ki, onu törədən insanlar da məsuliyyətə cəlb olunur. Sadəcə ictimailəşmir deyə, biz o barədə məlumatsızıq.
Cəmiyyətdə “mənim deyilsə, məni maraqlandırmır” düşüncəsi var
Hüquqşünas Ərşad Hüseynov isə yaranmış bu mənzərənin əsas səbəbini insanların sosial dəyərlərə və nemətlərə laqeyd münasibətində gördü: “Sosial dəyərlər dedikdə bura piyada keçidi də, metronun girişi-çıxışı, vaqon, avtobus və s. ictimai istifadə də olan yerlər də daxildir. Fərqi yoxdur ki, kimindir: dövlətin, ya sahibkarın. Onlar ictimaidir və hər bir vətəndaş qaydalar çərçivəsində faydalanmalıdır. Bizim cəmiyyətimizdə bəzən belə sosial nemətlərə laqeyd münasibət olur: “Sanki, mənim deyilsə, məni maraqlandırmır” kimi düşüncə var.” Cəmiyyətimizdə maddiləşməmiş sosial dəyərlərə, o cümlədən də sosial normalara laqeyd münasibət var. Bu da ictimai şüurla bağlıdır. Məsələn, qaydaları pozuruq, piyada keçidi olmayan yerdən keçirik. Polis və ya kamera olmayan yerdə sürücü olaraq intizamsızlıq edirik.”
Onları ictimai qınaq obyektinə çevirmək lazımdır
Ə.Hüseynov vurğuladı ki, bütün bunları aradan qaldırmaq üçün yanaşmalarımızı dəyişməliyik. Bu məsələlərin həlli üçün müxtəlif variantlar var: “Onlardan biri də motivasiyadır. Yəni, insanlara izah olunmalı və inandırılmalıdır ki, ictimai istifadə üçün nəzərdə tutulan məkanlara hörmət və sayğı ilə yanaşmaq lazımdır, onların mövcudluğu zəruridir, onları qorumaq lazımdır. Bunun əksi isə hər kəs üçün müəyyən problemlər yaradır. Yəni, keçidlər köhnəlir, xarab olur, görkəmi dəyişir, ürəkaçan görüntü yaranmır. Məsələnin həllinin digər tərəfi isə nəzarət funksiyasıdır. Nəzarət o deməkdir ki, bu problemin həlli üçün hər hansı tədbir görülür. Yəni, sosial dəyərlərə hörmətsiz yanaşmanı ictimai qınaq obyektinə çevirmək lazımdır. Bir də bütün bu neqativ hallara, pozuntulara qarşı hüquqi məsuliyyət yerində olmalıdır. Aidiyyəti qurumlar öz səlahiyyətləri daxilində bu kimi hallara qarşısını almalı və nəzarət tədbirlərini gücləndirməli, bu əməli törədənləri cəzalandırmalıdırlar ki, başqalarını da dərs olsun.”
Sonda bu qənaətə gəlmək olar ki, sözügedən problemə əncam çəkmək üçün əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Piyadalar unutmamalıdır ki, yeraltı və yerüstü keçidlər vətəndaşların təhlükəsiz və rahat hərəkətini təmin etmək üçündür, onları idman zalı hesab edib “gücünü göstərmək” və digər “fantastik şoular” nümayiş etmək və ya həmin yerlərə zibil qabı kimi baxmaq olmaz.
Yaqut Ağaşahqızı, “İki sahil”