Yol qəzaları niyə məhz bu saatlarda baş verir? – Kamran Əliyev yazır

Son günlər ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələrində piyadaların vurulması hallarının artmasını müşahidə edirik və bu qəzalar əsas etibarı ilə günün alatoranlıq və qaranlıq vaxtlarına, yəni saat 17-19 aralığına təsadüf edir. Sözsüz ki, bu müddət insanların ən çox işdən çıxaraq evə getdikləri vaxtdır. Piyadalarımızın əksəriyyətinin yolu keçmək vərdişləri isə hamıya bəllidir. Xüsusilə də tələsəndə. Əlbəttə, evə tələsənləri anlamaq olar. Hər bir kəs çalışır ki, evinə tez gedib balalarının və ya valideynlərinin yanında olsun, istirahət etsin, dincəlsin, ev işlərini görsün. Lakin bəzən onun evə tələsərkən qənaət etmək istədiyi çox kiçik zaman kəsiyi onu doğmalarından ya birdəfəlik ayırır, ya da uzun zaman müalicə almaq üçün xəstəxana çarpayısına məhkum edir. Özü də əziyyət çəkir, yaxınları da, xüsusilə də bu şəxs ailə başçısı, daha doğrusu evin dolanışığı üçün qazanc gətirən şəxs olduqda. Təsəvvür etmək belə çətidir. Amma nə etmək olar ki, reallıqdır və demək olar ki, hər gün belə hallara rast gəlinir. Özü də təkcə iri şəhərlərdə deyil, rayon mərkəzlərində, hətta kəndlərdə də. Bəs belə qəzaların qarşısını necə və hansı yolla almaq olar? Yəqin ki, oxucuların çoxu polisin inzibati təsir metodunu gücləndirməsini və televiziya ekranlarında, mətbuatda geniş təbliğat işlərinin aparılmasını təklif edəcək. Əlbəttə, bu işlər görülür və bunların təsiri də var. Amma qismən. Düşünürük ki, təbliğat və maarifləndirmə işlərini hər kəs öz təfəkküründə, şüurunda aparsa daha təsirli və daha effektiv olar. Yəni, sürətlə şütüyən avtomobilləri görə-görə, keçidin qadağan olduğunu bilə-bilə özlərini ölümün pəncəsinə atanlar öz həyatları üçün heçmi təhlükə hiss etmirlər? Çox güman ki, hiss edirlər, sadəcə nəticəsi haqqında düşünmürlər, yaxud da düşünmək istəmirlər. Düşünmürlər ki, indi elə buradaca məni maşın vursa nə olacaq, nə baş verəcək? Hətta sağ qalsam belə, evimə, ailəmə verilən qəfil xəbərdən doğmalarım hansı stresləri keçirəcək, bu xəbəri çatdıran telefon zənginə valideynlərimin ürəyi tab gətirəcəkmi? Yəni, bütün bunların baş verməməsi üçün 100-150, lap elə 300-500 metr məsafəni artıq gedib təhlükəsiz yerdən keçmək o qədərmi çətin və əziyyətlidir? İstəsək edərik. Qalır sadəcə bircə dəfə yaxşı-yaxşı düşünüb bu istəyi birdəfəlik öz şüurumuza həkk etdirmək. Və təkcə özümüzün yox, bütün yaxınlarımızın, əzizlərimizin, doğmalarımızın. Yəni, ən azı hər gün səhər-səhər evdən çıxana “Yolda tələsmə, diqqətli ol, yalnız piyada keçidindən keç” deməklə bu hərəkətlərin vacibliyini onların şüuruna yeritmiş olarıq. Yalnız özümüzə və onlara bu vərdişləri tam aşıladığımız təqdirdə nə anaların gözü yaşlı qalar, nə balalar yetim böyüyər, nə də ki, kimsə canından olar.
Kamran Əliyev,
DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi,
polis polkovniki
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










