Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI

Yeniliklər 12 Avqust 2026 15:00
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
WhatsApp kanalımıza abunə olun

“İkinci Qarabağ müharibəsi başa çatar-çatmaz biz dərhal həm dəmir yollarının, həm də avtomobil yollarının bərpasına başladıq, o cümlədən Naxçıvana doğru gedən yolların tikintisinə. Bu gün Horadiz–Ağbənd avtomobil yolu demək olar ki, hazırdır. Bir sıra xırda məsələlər qalıb. Dəmir yolunun tikintisi də sürətlə gedir”.

Avtosfer.az xəbər verir ki, bunu Prezident İlham Əliyev AzTV-yə müsahibəsində deyib.
“Biz bu layihəni hər an sürətləndirə bilərik. Sadəcə olaraq, Ermənistan hissəsi hazır olmadığı üçün buna lüzum görmürük. Çünki investisiyaları, sərmayələri daha vacib və təcili məsələlərin həllinə yönəltmək üçün.
Ancaq istənilən halda gələn il dəmir yolu da Ermənistan sərhədinə gəlib çatacaq. O ki qaldı, Naxçıvan dəmir yolunun tikintisinə, hazırda işlər gedir. Mənim göstərişimlə Nəqliyyat Nazirliyi bu işlə məşğuldur. Azərbaycan Dəmir Yolları Ordubad istiqamətində inşa işlərinə başlamışdır və olmayan hissələr yenidən tikiləcək. İki hissə mövcud deyildi, hər ikisi də Ermənistan sərhədinə yaxındır - biri Ordubad, ikincisi isə Sədərək rayonlarının ərazisindədir. Hər iki hissənin uzunluğu o qədər də böyük deyil, təqribən 3-5-7 kilometrdir. Qalan dəmir yolu isə prinsipcə işlək vəziyyətdədir və bu gün də ondan istifadə edilir və edilə bilər”, - Prezident qeyd edib.
Bəs Naxçıvan dəmir yolunun Ermənistan sərhədinə qədər uzadılması və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Azərbaycanın regional nəqliyyat imkanlarına necə təsir göstərəcək?

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzə Avtosfer.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin inkişafının təməli Azərbaycanın işğaldan azad etdiyi ərazilərin azad olunmasından sonra qoyulub:


"Azərbaycan qələbədən sonra ilk elan etdiyi layihələrdən biri məhz Zəngəzur dəhlizinin inkişafı olub və bu istiqamətdə davamlı, sistemli işlər görülüb. Bu layihənin ilkin təməl daşı Horadiz–Ağbənd dəmir yolu olub. 2021-ci ildən etibarən tikintisinə başlanılan layihə artıq yekunlaşma mərhələsindədir. Sonuncu hissənin tikintisi isə müəyyən razılaşdırma məsələləri səbəbindən daha yavaş həyata keçirilir. TRIPP layihəsi bu ilin sonuna qədər sürətli tikinti mərhələsinə keçdiyi halda, onun qısa müddətdə digər hissələrlə əlaqələndirilməsi mümkün olacaq. 
Eyni zamanda, Naxçıvanda ötən ilin sonundan etibarən Ordubad–Sədərək istiqamətində, Ermənistan sərhədinə doğru dəmir yolunun əsaslı tikintisinə başlanılıb və artıq ilkin nəticələr görünür. Ümumilikdə Naxçıvanın dəmir yollarının yenidən modernləşdirilməsi nəzərdə tutulur. Bu işin transmilli şirkətlərlə birgə həyata keçirilməsi planlaşdırılır. Belə bir əməkdaşlıq baş tutmasa belə, Azərbaycan bu yolun tikintisini öz imkanları hesabına başa çatdıracaq".


Ekspert qeyd edib ki, Türkiyə tərəfi Zəngəzur dəhlizinin öz ərazisindəki hissəsinin 2029-cu ilə qədər tamamlanmasını nəzərdə tutur. Naxçıvanın dəmir yollarının da bu müddətə qədər hazır olması gözlənilir:
"Yaxın üç il ərzində dəhliz tam fəaliyyət göstərəcək və 15 milyon tona qədər yükün daşınmasına imkan yaradacaq. Dəhliz Şərq–Qərb, Şimal–Cənub və Cənub–Qərb marşrutları üzrə fəaliyyət göstərəcək, müxtəlif istiqamətlərə yüklərin fasiləsiz və təhlükəsiz daşınmasını təmin edəcək.
Bu, Azərbaycanın strateji yanaşmasının bir hissəsidir. Yük axınlarının şaxələndirilməsi istiqamətində atılan bu addım Cənubi Qafqazın əhəmiyyətini artıran layihələrdən biridir. Azərbaycan bir deyil, bir neçə istiqamət üzrə beynəlxalq yüklərin daşınması üçün imkanlar yaradır.
Bu marşrut həm Azərbaycanın ixracyönümlü məhsullarının beynəlxalq limanlara və bazarlara çıxışını asanlaşdırır, həm də Mərkəzi Asiyanın dənizə çıxışı olmayan ölkələri üçün yeni ticarət marşrutu yaradır. Digər mühüm məqam isə dünyada logistika zəncirlərinin pozulması və ənənəvi marşrutlarla yanaşı, yeni multimodal nəqliyyat yollarının əhəmiyyətinin artmasıdır. Azərbaycan yaratdığı bu imkanlarla region ölkələri və beynəlxalq tərəfdaşlar üçün yeni nəqliyyat və logistika imkanları formalaşdırır".
Milli Məclisin deputatı Arzuxan Əlizadənin fikrincə isə, Azərbaycanın dəmir yolu şəbəkəsinin yükdaşıma qabiliyyətinin 1,5 milyon tondan 15 milyon tona çatdırılması kifayət qədər böyük və strateji hədəfdir:


"Bunun üçün ilk növbədə əsas dəmir yolu xətlərinin modernləşdirilməsi, buraxılış qabiliyyətinin artırılması, elektrikləşdirmə və siqnalizasiya sistemlərinin yenilənməsi, yük terminallarının və logistika mərkəzlərinin genişləndirilməsi vacibdir. Eyni zamanda, Bakı–Böyük Kəsik, Bakı–Astara və digər əsas istiqamətlər üzrə infrastrukturun təkmilləşdirilməsi, lokomotiv və vaqon parkının yenilənməsi, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi yükdaşımaların sürətini və səmərəliliyini artıracaq. Bu prosesdə yalnız dəmir yolu xətlərinin fiziki imkanlarının artırılması deyil, bütövlükdə vahid logistika sisteminin formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Limanlar, yük terminalları, gömrük-keçid məntəqələri və avtomobil yolları ilə dəmir yolunun inteqrasiyası təmin edilməlidir. Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin artan yük həcmini nəzərə alsaq, 15 milyon tonluq göstərici ölkəmizin tranzit potensialının reallaşdırılması baxımından mühüm mərhələ ola bilər".

Deputat əlavə olaraq bildirib ki, Naxçıvan dəmir yolunun Ermənistan sərhədinə qədər uzadılması və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması isə Azərbaycanın regional nəqliyyat xəritəsində mövqeyini daha da gücləndirəcək:
"Bu bağlantının bərpası Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu əlaqəsi yaratmaqla yanaşı, ölkəmizin Türkiyə və daha geniş coğrafiya ilə nəqliyyat əlaqələrini də şaxələndirəcək. Nəticədə Naxçıvan mühüm tranzit və logistika qovşağına çevrilə, Azərbaycan isə Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişdiyi əsas nəqliyyat mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirə bilər. 
Zəngəzur dəhlizi yalnız yükdaşımaların artırılması baxımından deyil, regionda yeni iqtisadi əməkdaşlıq imkanlarının yaranması baxımından da strateji əhəmiyyət daşıyır. Dəhlizin dəmir yolu ilə yanaşı enerji və rəqəmsal bağlantılarla tamamlanması Azərbaycanın regional iqtisadi rolunu daha da artıracaq. Bu baxımdan, dəmir yolu infrastrukturunun genişləndirilməsi Azərbaycanın uzunmüddətli tranzit strategiyasının və geoiqtisadi imkanlarının mühüm dayaqlarından biridir".

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fatimə Dadaşova

Oxunub : 262
ŞƏRH YAZ
Ad

E-mail

Şərh