Qatarla səyahətə Wi-Fi, kartla ödəniş və üztanıma gəlir - ADY-dən yeniliklər

“Azərbaycan Dəmir Yolları” QSC sərnişin daşımalarında rəqəmsallaşma və texnoloji yeniliklərə böyük önəm verir. Məqsəd səyahəti sərnişinlər üçün daha rahat, daha əlçatan və müasir etməkdir, eyni zamanda, yükdaşıma əməliyyatlarını sürətli həyata keçirməkdir.
"Sərnişin məmnuniyyətinin artırılması məqsədilə rayonlararası qatarlarda və bir sıra stansiyalarda sərnişinlər üçün pulsuz internet bağlantısı (Wi-Fi) təqdim olunub".
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, Abşeron dairəvi dəmiryol marşrutunda son illərdə bir sıra mühüm yeniliklər edilib. Artıq sərnişinlər ödənişi bank kartı, Apple Pay və Google Pay ilə rahatlıqla edə bilir. Həm fiziki, həm də virtual kartlardan istifadə mümkündür. Stansiyalarda isə köhnə turniketlər yeni və daha sürətli sistemlərlə əvəz olunub.
"2023-cü ilin oktyabrında istifadəyə verilmiş “ADY Mobile” mobil tətbiqi sərnişinlərə səfərlərini daha rahat təşkil etməyə imkan yaradır. “ADY Mobile” vasitəsilə bütün istiqamətlər üzrə biletlərin alınması və qaytarılması, balansın artırılması, hərəkət qrafiklərinin yoxlanılması, dəmir yolları ilə bağlı bütün xəbər və yeniliklərin əldə edilməsi daha rahatdır. Bu gün mobil tətbiqin artıq 300 mindən çox istifadəçisi var.
Rayonlararası istiqamətlərdə ADY-nin veb-saytı üzərindən də onlayn satışlar daim artır. Artıq satışların 80%-i nağdsız ödənişlə həyata keçirilir. Bu, sərnişin vərdişlərində müsbət dəyişikliklərin göstəricisidir".
Bundan başqa, ötən ilin iyulunda ADY-nin ölkədaxili marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı həm də elektron şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə icazə verilib.
"Belə ki, “My.gov.az” portalından qeydiyyatdan keçməklə şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edib, həmin QR kodu səfər öncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı) oxutmağa təqdim etməsi kifayətdir. Bu da sərnişinlərin rahat səfər etməsinə, eləcə də hər hansı səbəbdən fiziki şəxsiyyət vəsiqəsi olmadıqda belə səyahətlərini davam etdirməsinə imkan verir".
Əlavə olaraq qeyd edilib ki, əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni elektron xidmət portalı (portal.ady.az) istifadəyə verilib. ADY-nin elektron xidmətlər portalı ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan “digital.login” ilə uğurla inteqrasiya edilib.
"Hazırda isə turniketlərdən keçid zamanı SimaPay – üztanıma ilə ödəniş sisteminin test işləri davam etdirilir. Məqsəd xüsusilə pik saatlarında turniketlərdə növbələrin, sıxlığın azaldılmasına, sərnişinlərin daha rahat keçidinə nail olmaqdır",- ADY-dən bildirilib.
Yeni sədr özünə müşavir təyin etdi - FOTO
Sərnişinlərin NƏZƏRİNƏ: Azərbaycanda yeni qatar reysi fəaliyyətə başlayır - FOTO
Bakıda yeni metro stansiyasının istifadəyə veriləcəyi TARİX BİLİNDİ
"Şamaxinka"da hərəkətin tənzimlənməsinin süni intellekt versiyası təklif edilib - VİDEO
Bakıda yeni tikiləcək stansiyaların yerləri MƏLUM OLDU
Tıxaclara son? - Bakı bu tarixə qədər tramvay şəbəkəsinə keçir
Xətai rayonunda piyadaların təhlükəsizliyi üçün yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni şura yaradıldı - FƏRMAN
Bakıdakı bu zolaq maraqla qarşılandı - FOTO
Bu yolda avtobus zolağı ləğv edildi - VİDEO
Uçan taksilər FƏALİYYƏTƏ BAŞLADI - FOTO










