Yeni avtoparkinqlərdə ödəniş sistemi dəyişir

Bakıda müvəqqəti duracaqlardan istifadəyə görə ödəniş edilməsi ilə bağlı yeni sistem artıq tam sınaqdan keçirilib və onun sentyabrın ortalarından etibarən işə salınması nəzərdə tutulur. Bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev məlumat verib. Onun sözlərinə görə, avtomobil sahibləri müvəqqəti duracaqlardan istifadəyə görə artıq telefon və elektron kartlarla da ödəniş edə biləcəklər: "Sürücülərin təxminən 80%-i özləri parkomatlardan istifadə qaydalarını bilir. Yalnız nisbətən yaşlı insanlar bu məsələdə bir az çətinlik çəkirlər ki, onlara da nəzarətçilərimiz kömək edirlər. Artıq SMS və xüsusi elektron kartlarla ödəniş sistemi tətbiq olunandan sonra bu problem də öz həllini tam tapacaq və heç kimin nəzarətçilərin köməyinə ehtiyacı olmayacaq. SMS və kartla ödəniş olduqda, yəni nağd ödəniş olmayanda qəbz verilməsi məsələsi də aradan qalxacaq".
Lakin H.Abdullayev qeyd edib ki, hələlik bununla bağlı bəzi texniki məsələlər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə həll edilməlidir: "Sürücülərə onların müvəqqəti duracaqdan istifadə müddətinin bitməsi və həmin şəxsin balansından ödənişə görə müəyyən məbləğin çıxıldığı barədə ismarış göndəriləcək. Bundan başqa xüsusi elektron kartlar da buraxılacaq ki, həmin kartlar vasitəsilə bütün parkomatlarda ödəniş etmək mümkün olacaq. Sürücü kartı parkomata yaxınlaşdırıb avtomobilin dövlət nömrə nişanını daxil edəcək. Həmin kartların balansını elə parkomatlar vasitəsilə də doldurmaq mümkün olacaq. Bundan əlavə, sürücülər kredit kartını, eləcə də qəpik pulları daxil etməklə ödəniş edə biləcəklər".
İdarə rəisi bildirib ki, müvəqqəti duracaqlardan istifadəyə görə ödəniş məbləğlərində dəyişikliyin olması gözlənilmir: "Qiymətlər şəhərin mərkəzindən uzaqlaşdıqca azalır. Bəzi yerlərdə qiymət bir saata görə 50, bəzi yerlərdə 30 və hətta 20 qəpik təşkil edir. Yeraltı qarajlardan uzaq olan yerlərdə avtomobilin saxlanması üçün limit də tətbiq edilmir. Şəhərin mərkəzində isə belə bir limit var. Belə ki, bir avtomobili eyni duracaqda fasiləsiz 4 saatdan artıq saxlamaq olmaz".
O, qeyd edib ki, hazırda əsas çətinlik bəzi sürücülərin ödəniş etməkdən boyun qaçırmaları ilə bağlıdır: "Ödənişi vaxtında etmədikdə yol polisi sürücüləri cərimələyir ki, bu da onlarda narazılıq yaradır. Onlar sadəcə bilməlidir ki, artıq bu proses başlayıb və davam edəcək. Buna qarşı çıxmağın heç bir mənası yoxdur. Bu işin nəticəsi də göz qabağındadır. Artıq həm şəhərin mərkəzində saxlanılan avtomobillərin sayı azalıb, həm də əvvəlki aylara nisbətən avtomobillləri daha rahat park etmək olur. Sürücülərin bəziləri isə buna qarşı çıxır, əməkdaşlarımızla kobud davranır, hətta bəzən onları söyürlər. Onlar başa düşməlidir ki, nəzarətçilər sadəcə icraçı, adi işçilərdir və qanuna tabedirlər. Sürücü avtomobili duracaqda 15 dəqiqə saxlayacaqsa, buna görə 1 saatlıq ödəmə etməyə ehtiyac yoxdur. Aparat vasitəsilə müəyyən məbləğ ödənildikdə neçə dəqiqə saxlamaq mümkün olduğu göstərilir. Heç kim onları məcbur edə bilməz ki, mütləq bir saatın pulunu ödəməlidirlər. Qısası, sürücülərimizi bir az mədəniyyətli olmağa çağırıram".
Sərnişinlərin NƏZƏRİNƏ: Azərbaycanda yeni qatar reysi fəaliyyətə başlayır - FOTO
Bakıda yeni metro stansiyasının istifadəyə veriləcəyi TARİX BİLİNDİ
"Şamaxinka"da hərəkətin tənzimlənməsinin süni intellekt versiyası təklif edilib - VİDEO
Bakıda yeni tikiləcək stansiyaların yerləri MƏLUM OLDU
Tıxaclara son? - Bakı bu tarixə qədər tramvay şəbəkəsinə keçir
Xətai rayonunda piyadaların təhlükəsizliyi üçün yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni şura yaradıldı - FƏRMAN
Bakıdakı bu zolaq maraqla qarşılandı - FOTO
Bu yolda avtobus zolağı ləğv edildi - VİDEO
Uçan taksilər FƏALİYYƏTƏ BAŞLADI - FOTO
Ödənişli yollarla bağlı yenilik: 130 ilə sürmək olar










