DYP-nin və Avtosfer.az-ın dəstəyilə maarifləndirici videoçarx müsabiqəsi keçirildi - FOTO

“Nərdivançı” sosial müəllim layihəsinin Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi və Avtosfer.az saytının informasiya dəstəyi ilə təşkil etdiyi “Yol hərəkəti qaydalarını bilirəm!” adlı maarifləndirici videoçarx müsabiqəsinin təltifetmə mərasimi keçirilib.
Avtosfer.az-ın xəbərinə görə, Bakı şəhəri, Səbail rayonu, 7 saylı məktəbdə keçirilən tədbirdə məlumat verilib ki, “Nərdivançı” sosial müəllim layihəsi 2020-ci ilin aprel ayında pandemiya vaxtı bir qrup könüllü müəllim tərəfindən yaradılıb. “Nərdivançı”nın rəhbəri, Cəlilabad rayon, Alar kənd 2 saylı məktəbin müəllimi Elçin Abbasov bildirib ki, layihə müəllimlərin asudə vaxtlarını səmərəli keçirməsi, bilik və fəaliyyətlərinin təkmilləşdirilməsi və tanıdılması, peşəkar pedaqoqlarla təcrübə mübadiləsi aparılması məqsədi ilə gerçəkləşdirilir:
“Qeyri-kommersiya layihəsi olaraq heç bir yerdən maliyyə dəstəyi almayan, müəllimlərin sırf könüllü fəaliyyəti nəticəsində bir çox işlər görən, müəllimlərin ehtiyac duyduğu mövzularda ödənişsiz təlimlər, vebinarlar təşkil edən layihə eyni zamanda yarışlar, müsabiqələr də təşkil edir”.
O, “Yol hərəkəti qaydalarını bilirəm!” adlı maarifləndirici videoçarx müsabiqəsinə verdiyi dəstəyə görə Baş Dövlət Yol Polisi İdarəsinə təşəkkür edib.
Layihənin könüllülərindən olan 306 saylı orta məktəbin direktor müavini Aynur İbrahimova bildirib ki, "Yol hərəkəti qaydalarını bilirəm!” adlı maarifləndirici videoçarx müsabiqəsi şagirdlərin yol hərəkəti qaydaları haqqında maarifləndirilməsi və müəllimlərin dərslərində layihə çərçivəsində ərsəyə gələcək videoçarxlardan dərs vasitəsi kimi istifadə etməsi məqsədi daşıyır.
Tədbirin keçirildiyi təhsil müəssisəsinin - Bakı şəhəri, Səbail rayonu, 7 saylı məktəbin direktoru Könül Təhməzova layihənin əhəmiyyətini vurğulayıb. K.Təhməzova rəhbəri olduğu məktəbin avtomobillərin gediş-gəlişinin çox olduğu yol kənarında yerləşdiyini, bu səbəbdən bu tip tədbirlərin onlar üçün də vacib olduğunu deyib.
Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı bildirib ki, valideynlər və müəllimlər nəinki sözlə, həm də hərəkətləri ilə azyaşlılara nümunə olmalıdır:
“Məsələn, məktəblərdə “Həyat bilgisi” fənni tədris edilir. Orada şagirdlərə yol hərəkəti qaydaları da öyrədilir. Lakin bundan vacib olanı uşaqların böyüklərin nə deməsi yox, hansı hərəkətləri etməsidir”.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli maarifləndirici tədbirə görə “Nərdivançı” layihəsinə daxil olan könüllü müəllimlərə təşəkkür edib. O, azyaşlıların böyüklərdən, xüsusilə də valideynlərindən nümunə götürdüyünü bildirib:
“Əgər bir valideyn övladını piyadalar üçün nəzərdə tutulmayan yerdən keçirirsə, bu, gələcəkdə yetkin olacaq fərdi yol hərəkəti iştirakçısının indidən mənfi yönləndirilməsidir. Ona görə də bu tip maarifləndirmə layihələrinin olması vacibdir”.
O vurğulayıb ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində, o cümlədən uşaq travmatizimi ilə bağlı mütəmadi olaraq Respublika Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, texniki vasitələr insanlardan, onların həyatını yaxşılaşdırmaq üçündür. Lakin o vasitələr insan həyatı üçün təhlükəyə olursa, o zaman həmin texniki vasitənin önəmi qalmır:
“Avtomobil bizə bir nöqtədən digər nöqtəyə təhlükəsiz şəkildə aparmaq üçündür. Əgər bu vasitədən istifadə edərkən qanuna əməl etmiriksə və bunu həyatımız hesabına ödəyiriksə, burada heç bir texniki tərəqqinin, yaxud gözəl yolların əhəmiyyəti qalmır.
Deputat son illər DYP-nin sürücülər arasında təhlükəsizlik kəmərdən istifadə etmə vərdişi yaratdığını və bunun alqışalayiq olduğunu bildirib.
Çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərli maarifləndirici layihənin vacibliyini vurğulayıb:
“Bu kimi tədbirlər davam etdirilməlidir. Yol-nəqliyyat məsələsi hər birimizin həyatına toxunan məsələdir. Ötən bir həftənin tətil günlərinin yol qəzası statistikalarına baxanda şoka düşdüm. İnsanların taleyi yarıda qırılır”.
“Bəzən kimsə görür ki, hansısa yolda kamera yoxdur, qaydanı pozmaqla hərəkətini davam etdirmək istəyir. Əgər gələcəyin yetkin yaşlıları olan indiki azyaşlılarla yaxşı işləsək, gələcəkdə yollarda kameraların sayının artırılmasına ehtiyac olmaz. O zaman onlar üçün ən yaxşı kamera vicdanları olar”, - deputat vurğulayıb.
Çıxışlardan sonra qalib komandalara mükafatlar təqdim edilib. Müsabiqənin nəticələrinə görə, birinci yerə Bakı şəhəri, Binəqədi rayonu 314 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Reyhan Qurbanovanın komandası, ikinci yerə Bakı şəhəri, Sabunçu rayonu 28 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sevinc Süleymanovanın komandası, üçüncü yerə isə Ağsu rayonu, Aratkənd kənd tam orta məktəbin ibtidai sinif müəllimi Gülnarə Xalıqovanın komandası layiq görülüb.



































