Reklam

“Mən gələcəyəm” - uşaqları yol qəzalarından qoruyaq - FOTO - VİDEO

Yol polisi 7 İyun 2024 10:00 Oxunub 782
“Mən gələcəyəm”  - uşaqları yol qəzalarından qoruyaq  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Mən gələcəyəm”: Uşaq və yeniyetmələri yol qəzalarından qorumaq üçün media vasitəsilə maarifləndirmə və təbliğat adlı layihəsi çərçivəsində tədbir keçirib.

Avtosfer.az xəbər verir ki, 1 nömrəli Uşaq və Gənclər Mərkəzində baş tutuan tədbirdə DYP rəsmiləri, müəllimlər, şagirdlər, media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı bildirib ki, layihə yol qəzalarında azyaşlıların xəsarət alması və həyatını itirməsinin qarşısının alınması məqsədilə həyata keçirilir.

“Son illər avtomobillərin artması, eyni zamanda qeyri-peşəkar sürücülər yol qəzaları probleminin dərinləşməsinə zəmin yaradır. Xüsusilə paytaxt ərazisində nəqliyyat vasitələrinin artımı, küçə və prospektlərin dəyişməsi, piyadaların hərəkəti üçün bəzi halalrda infrastrukturun zəif olması da qəzaların başvermə səbəbləri sırasındadır. Dayanma-durma qaydalarını pozaraq yolun hərəkət hissəsində avtomobili park edən sürücülər bir çox hallarda piyadaların intensiv avtomobil axını olan yollara çıxmasına səbəb olur. Nəticədə piyadavurmalar baş verir.”

Elməddin Muradlı təəssüf hissi ilə bildirib ki, azyaşlıların qəfil yolun hərəkət hissəsinə qaçması ilə baş verən qəzalar da az deyil: “Uşaqların iştirakı ilə baş verən qəzaların əksəriyyəti valideyin məsuliyyətsizliyi səbəbindən baş verir. Elə bu gün DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev bu barədə video paylaşıb. Videoda da az yaşlının valideynin yanında olmasına baxmayaraq nəzarətsiz qalaraq yola qaşmağı və nəticədə onu avtomobil vurması əks olunub. Uşaqlar valideyindən öyrənir, onu yansılayır. Eyni zamanda yolda da, valideyin necə davranırsa uşaq da elə davranır”.

Tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, Elvin Hacıyev bildirib ki, təmsil etdiyi qurum mütəmadı olaraq belə tədbirlər təşkil edir: “Tək məqsədimiz azyaşlı və yeniyetmələrin evlərinə sağ-salamat çatmasıdır. Uşaqlardan da xahiş edirik ki, özləri də valideyinlərinin maşınında olarkən onlardan qaydalara əməl etmələrini xahiş etsinlər.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli qeyd edib ki, məqsədlərimizdən biri də uşaq və azyaşlıların qəzalardan qorunması və onlarda bu barədə məsuliyyətin daha da gücləndirilməsidir: “Bu məsələdə valideyinlərin üzərinə də böyük məsuliyyət düşür. Mən özüm də görmüşəm ki, bəzi valideyinlər uşağını məktəbə apararkən tələsir, nəzərdə tutulmmayan yerdən keçir və s. Lakin nəzərə alınmalıdır ki, uşaq bu təhükəli halları özündə vərdiş edib, qəza qurbanına çevrilə bilər”.

Hüquqşünas Ərşad Hüseynov bildirib ki, ümidimiz uşaqların bizdən də güclü olacaq: “Biz uşaqları qorumaq istəyiriksə onlara özünü qoruma və müdafiə yollarını öyrətməliyik. Uşaqların indidən belə tədbirlər vasitəsi ilə qaydaları öyrənirsə, gələcəkdə daha intizamlı və diqqətli olacaqlar”.

Tədbirdə çıxış edən Azərbaycan Milli Avtomobil Klubunun əməkdaşı Həsən Xıdırov bildirib ki, təmsil etdiyi qurum tərəfindən yol təhlükəsizliyi üçün məktəb önlərində infrastrukturlar üzrə müəyyən layihələr təşkil edilir: “Yol təhlükəsizliyi ailədən gəlir. Valideyin necə təbliğ edirsə uşaq da o formada yol qaydalarına riayət edir”.

1 nömrəli Uşaq və Gənclər Mərkəzinin direktoru Kəmalə Abdullayeva qeyd edib ki, biz uşaqlara təhsil verərək, onların parlaq gələcəyini təmin edirik: “Hər tərəfli inkişafları üçün əlimizdən gələni edirik. Bu işdə bizə kömək etdiyi üçün müəllim və valideyinlərə təşəkkür edirəm”.

Tədbirədə çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Pərvanə Muradova qeyd edib ki, təmsil etdiyi qurum hər zaman belə maarifləndirici tədbirlərə dəstəkdir: “Bu işdə əziyyəti olan hər kəsə eləcə də müəllim və valideyinlərə təşəkkür edirəm. Uşaqlar yol qaydalarını çox yaxşı öyrənirlər. Hətta bəzən müəllim və direktorlar etiraf edir ki, biz yol hərəkəti qayalarını uşaqlar kimi bilmirik. Bu sevindirici haldır”.

Tədbirdə 1 nömrəli Uşaq və Gənclər Mərkəzinin müəllimi Fəridə Süleymanova da çıxış edib. O bildirib ki, hər səhvi düzəltmək olar: “Hər gün çoxlu səhv edirik. Lakin yolda səhv bir dəfə olur və orada da hər şey bitir. Gəlin bu səhvi etməyək, çünki onu düzəltmək qeyri-mümkündür”.

Tədbirdə çıxış edənlər bildiriblər ki, ən ciddi problemlərdən biri də kütləvi informasiya vasitələrində bu mövzunun aktual olmamasıdır. Media gündəlik qəzaların statistik məlumatlarını verməklə kifayətlənir. Bunu yaradan səbəblərin aradan qalddırılması istiqamətində maarifləndirici materiallar az dərc olunur.

Tədbirdə şagirdlərin iştirakı ilə maraqlı çıxışlar olub.

Məhəbbət Tərlanoğlu

Şəhriyar Musayev

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh