Qarlı hava Bakıda 14 qəzaya səbəb oldu - Vaqif Əsədov

Yol polisi 21 Yanvar 2021 13:34 Oxunub 1646
Qarlı hava Bakıda 14 qəzaya səbəb oldu - Vaqif Əsədov
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov yolların sürüşkən olması ilə bağlı baş verən qəzalardan danışıb. Lent.az-ın xəbərinə görə, o, sürücülərə müraciətində maksimum diqqətli olmalarını xahiş edib: “Artıq qarlı, şaxtalı havalar özünü göstərir. Buna görə də hərəkət iştirakçıları şəraitə hazır olmalıdır. Yəni, yollarda sürüşkənliyin olması, meteoroloji şərait nəzərə alınaraq, hərəkət iştirakçıları düzgün qərar verməlidir. Avtomobil sahibləri hava şəraitini nəzərə alıb şəxsi avtomobildən istifadə edib-etməyəcəyini düzgün qərarlaşdırmalıdır. Tövsiyə olunur ki, şəxsi avtomobildən minimum az istifadə olunsun və ictimai nəqliyyata üstünlük verilsin. Belə hava şəraitində nəqliyyat vasitəsini rahat idarə etməyi bacaran sürücülərin hərəkətinə şərait yaradılmalıdır. Söz yox ki, belə hava şəraitində sürücülər sürəti minimuma endirir, ara məsafəsini normadan artıq götürür, kəskin döngələrdə, enişli-yoxuşlu yollarda sürətlər qutusunun hesabına hərəkət edir. Əgər avtomobilin sürüşmə ehtimalı böyükdürsə təkərlərin təzyiqini azaldır, kəskin sürüşmə yerlərində dayanma, durma, hərəkətə başlama yalnız sürətlər qutusunun hesabına aparılır. Tərkibində rezin məmulatının qalınlığı və protektorlarının qalınlığı çox olan mövsümi təkərlərdən istifadə olunmalıdır.

Sürücülərdən xahiş edirik ki, dövlət qeydiyyat nişanlarının görünməsini, işıq cihazlarının təmizliyini təmin etsinlər. Ən vacibi yol boyunca qoyulan yol nişanları və digər texniki göstəricilərə dəqiq əməl etsinlər. Bəzən sürücülər sürüşmə ehtimalını bəhanə gətirib, günahsız olmalarını sübut etməyə çalışırlar. Yol hərəkəti haqqında qanunda avtomobil idarə etmək göstərilir ki, belə hava şəraitində yol-nəqliyyat hadisəsi təhlükəsi yaranarsa, sürücü qəzadan sovuşa bilsin. Bu da sürücünün peşəkarlığı və belə havada avtomobili idarəetmə bacarığını ortaya qoyur”.

Vaqif Əsədov bildirib ki, yolların sürüşkən olması ilə əlaqədar baş verən qəzalarda 2 nəfər yüngül yaralanıb:

“Dünəndən bu saatadək, maddi zərərlə nəticələnən 14 yol qəzası qeydə alınıb. Eyni zamanda, hava şəraitinin nəzərə alınmaması səbəbilə 3 piyadanın vurulması xəsarətlə nəticələnib. Həmçinin bir avtomobil toqquşmasında da iki nəfər yüngül bədən xəsarəti alıb. Piyadalara tövsiyə edirik ki, yalnız səki ilə hərəkət etsinlər, maşınların hərəkət hissəsinə çıxmasınlar, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısından qaçmasınlar. Onlar da digər hərəkət iştirakçıları kimi işıqfor və digər tənzimləyicilərə diqqət etsinlər. Sərnişinlərdən də xahiş edirik ki, avtomobildə olarkən təhlükəsizlik kəmərlərindən istifadə edin, avtobusdan düşərkən və ya minərkən səkilərdə hərəkətdə olun. Dayanmış maşının qarşısından yola çıxmayın”.

Şöbə rəisi onu da qeyd edib ki, hazırda paytaxt yollarında təhlükəsizlik tədbirləri gücləndirilib və texnikalar hazır vəziyyətə gətirilib: “Ayrıca, belə hava şəraiti ilə əlaqədar Bakı şəhər icra Hakimiyyəti, Bakı şəhər DYP və AAYDA ilə birgə qərargah yaradılıb. Ərazidə xidmət aparan DYP əməkdaşlarının müşahidəsi ilə təhlükəli yollar qeydə alınır və qərargaha məlumat verilir. AAYDA-nın texnikası və Bakı şəhər İH-nın nümayəndələri, həmçinin Bakı şəhər DYP-nın patrul avtomobillərinin müşayiəti ilə yollarda təhlükəsizlik tədbirləri görülür. Səhər saatlarında 3-cü kənar dairəvi yolda, paytaxtın hündür ərazilərində, Günəşli, Yasamal, aeraport yolu, Tbilisi prospekti və digər ərazilər bu gün təmizlənib. Hazırda Bakıda maşınların hərəkətində problem yaşanmır. Ancaq Günəşli və Yasamal kimi hündür və şaxtalı ərazilərdə müəyyən qədər təhlükə var və orada qum tökmə prosesi davam etdirilir. Həmçinin paytaxtın əksər yerlərində texnikalar qum və duzla təchiz olunaraq, təhlükəli yollar üçün hazır vəziyyətə gətirilib”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh