Yol polisi dayanacağı zəbt edən taksi sürücülərinə qarşı tədbirlər görür - VİDEO
Günün normal saatı, amma tıxac var. Səbəb isə avtobusların yolun hərəkət hissəsində dayanmasıdır. Bəs buna səbəb nədir? Niyə avtobus sürücüləri dayanacaqda saxlamır? Çünki dayanacaqlar taksi sürücüləri tərəfindən sözün əsl mənasında zəbt edilib.
Belə hallara qarşı Avtosfer.az saytı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birlikdə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində maarifləndirici tədbir keçirib. Əsas məqsəd isə taksi sürücüləri ilə maaifləndirici söhbətlər aparmaq, onları qaydalardan xəbərdar etmək olub.
Müşahidə apardığımız zaman qarşılaşdığımız mənzərə heç də ürəkaçan deyildi. Çünki əksər sürücülər avtobus dayanacağına nəinki 15 metr məsafə qaydasını gözləyirdi, əksinə elə lap dayanacağın qarşısında saxlayıb müştəri axtarırdılar. Təbii ki, avtobuslar da məcbur olub ikinci cərgədə saxlayır, sərnişinlər yolun hərəkət hissəsinə çıxmağa məcbur olur, həmçinin, ərazidə tıxac yaranırdı.
Yol polisi xəbərdarlıq etdikdən sonra taksi sürücüləri ərazidən uzaqlaşır, lakin bir qədər irəlidə saxlayaraq polisin getməsini gözləyirdilər.
Bəzi avtomobil sahibləri isə dayanacaq ərazisini park yerinə çevirmişdilər. Hətta bir sürücü dayanacağın qarşısında, özü də ikinci sırada avtomobili köndələn saxlayaraq çıxıb getmişdi. Yol polisi əməkdaşları bu sürücülər barədə inzibati qaydada elektron protokollar tərtib etdi.
Söhbət zamanı taksi sürücüləri bildirdilər ki, onlar üçün ayrıca yer ayrılsa belə hallar baş verməz. Amma məsələ burasındadır ki, “İnşaatçılar” metrosunun üstündə yan-yana iki avtobus dayanacağı quraşdırılıb. Onlardan yalnız birində avtobuslar dayanır. Elə bu da vəziyyəti qəlizləşdirir.
Bakı şəhər Dövlət Yol Polisi idarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirdi ki, bu cür tədbirlər mütamadi olaraq davam etdirilir. "Təbii ki, əsas məqsəd heç də cərimə yazmaq deyil. Özünüz də müşahidə etdiniz ki, yol polisi əməkdaşları sürücüləri qanuna tabe olmağa dəvət edir. Amma bəzi hallarda inzibati cərimə tədbirləri də effektiv nəticələr verir. Çalışırıq ki, cərimədən çox bu istiqamətdə maarifləndirmə işləri aparaq”.
Polis polkovniki taksi sürücülərinə müraciət edərək bildirdi ki, bu cür qayda pozuntusu inzibati məsuliyyət yaradır. “Avtobus dayanacağında park etməyə görə cərimə məbləği 40 manatdır. Bir taksi sürücüsünün gündəlik qazancı ən yaxşı halda 40 manat ola bilər. Onu da qayda pozmaqla cərimə ödəsə bəs evə nə aparacaq? Odur ki, sürücüləri qanunlara riayət etməyə dəvət edirik. Bu, həm də digər vətəndaşların təhlükəsizliyi üçün əhəmiyyətlidir. Çünki dayanacağın tutulması sərnişinlərin məcburən yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Bu isə həyati təhlükə yaradır.”
Qeyd edək ki, paytaxt ərazisində bu cür reydlər davamlı olaraq keçiriləcək.
Orxan Əli
Yol polisi “Təmiz Hava” aylığına başlayır – 50 manat cəriməsi var
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - 230 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO








