Avtomobil bazarında böhran: alıcı yoxdur, satıcılar domino oynayır – FOTO
Manatın dollara nisbətdə 34 faiz ucuzlaşmasından 7 ay ötdü. Ekspertlərin fikrincə, Mərkəzi Bankın manatın devalivasiyasına getməsi ölkədə alıcılıq qabiliyyətinə də təsir edib. Xüsusilə, devalivasiyadan sonra əmlak və avtomobil bazarında qiymətlərdə enmələr müşahidə olunsa da, alıcıların da sayı nəzərə çarpacaq dərəcədə azalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə musavat-ın əməkdaşı, avtomobil bazarındakı hazırkı durumu öyrənmək üçün Bakıdakı avtomobil bazarında olub.
Mərkəzin geniş ərazisində istənilən markalı avtomobilə rast gəlmək olsa da, alıcılar çox az sayda nəzərə çarpır. Satıcılar manatın sonuncu devalivasiyasından sonra alıcıların sayının bir az da azaldığını bildirirlər. Alıcılar az olduğu üçün əksər maşın alveri ilə məşğul olanlar satlıq avtomobilin yanında da dayanmır, bir kənarda domino oynayıb vaxt keçirirlər.
Satıcılar deyirlər ki, mərkəz 2009-cu ildə açılan vaxtlarda insanların axını oraya daha çox olub. Devalivasiyadan sonra isə bazar, demək olar ki, satıcılarla maşınlardan ibarətdir.
Bazara daxil olan kimi bir neçə satıcı alıcı olduğumuzu düşünüb, öz maşınlarını almaq üçün bizə təkliflər etdilər. Onlar bildirirdilər ki, mümkün qədər qiymətdə endirim etməyə də hazırdırlar. Elə satıcılardan biri Rafiq Kərimovla söhbətimiz zamanı o bildirdi ki, demək olar ki, bazarda satış yox səviyyəsindədir:
“Alıcı yoxdur. Camaatda pul qalmayıb. Əvvəl ən çox VAZ 21 07 markalı avtomobili satardıq. Hətta bu markalı avtomobili elə olurdu ki, “Mersedes” qiymətinə də sata bilirdik. Camaatın marağı var idi. Avro-4 standartlarına keçiddən sonra ölkəyə çox köhnə avtomobillərin gətirilməsinə icazə verilmədi. Sovet dövrünün istehsalı olan maşınlar da yığışdırıldı. Bundan sonra alıcıların da sayı bir qədər azaldı. Fevraldan bəri isə ümumiyyətlə alıcı tapmaq olmur. Rusiyada işləyən daimi müştərilərimiz də orada rublun dəyərdən düşməsindən sonra bazara gəlmirlər. Bütün bunlar bazarda vəziyyəti pisləşdirdi. Devalivasiyadan sonra Almaniyadan, Qərbdən ölkəyə gətirilən avtomobillərin qiymətində müəyyən qalxmalar olmuşdu. İndi isə qiymətlər demək olar ki, devalivasiyadan əvvəlki göstəricisindən də aşağıdır. Elə avtomobillər var ki, aylardır burada qalıb heç satılmır. Bəziləri tozun içərisindədir”.
Elə biz də bazarı gəzərkən bəzi avtomobillərin tozun içərisində, hətta təkərlərinin boşalmış vəziyyətdə olduğunun da şahidi olduq. Bazarın kənarında avtomobil satışı ilə məşğul olan salonlarda isə 1000 (min) dollar dəyərində qiymətlərin endirilməsini müşahidə etdik. Salonda çalışan satıcılar da bildirdilər ki, alıcı olmadığı üçün məcbur qalıb qiymətləri endirirlər.
Bazarda sovet və Rusiya istehsalı olan maşınlar içərisində ən çox VAZ 2121 (“Niva”) markalı avtomobillər satılır. Satıcılar bildirirlər ki, bu markalı avtomobillərə hər zaman maraq var.
Onu da qeyd edək ki, satıcıların sözlərinə görə, bazarda son zamanlar ən çox satılan İranın “Saipa” şirkətinin istehsalı olan avtomobillərdir. Onarın satışına xüsusi güzəştlər də tətbiq olunub. Alıcı 1000 (min) manat ilkin ödəniş etməklə, “Saipa” avtomobillərini 3 il müddətində kreditlə əldə edə bilərlər. Məhz bu şərt, ucuz və yeni avtomobil almaq istəyənlərin ürəyincə olub. Çünki satıcılar deyirlər ki, bu avtomobillərə tələbat getdikcə artmaqdadır.
Avtomobil bazarındakı mövcud durum və gələcək gözləntilər barəsində musavat.com-a iqtisadçı ekspert Rəşad Həsənov danışıb. O bildirib ki, növbəti aylarda avtomobillərin qiymətləri daha da aşağı düşə bilər: “Avtomobil bazarında 2014-cü ilin sonlarından etibarən durğunluq yaşanır. Bunun bir səbəbi Mərkəzi Bankın avtokreditlərə gətirdiyi yeni qaydalar, digəri isə Avro4 standartlarının ölkəyə gətirilməsindən sonra, idxal olunan maşınların qiymətlərinin yüksək olması idi. Hər iki səbəb ölkədə avtomobilin həm idxalına, həm də daxili satışına mənfi təsir edən amillərdən idi. 2015-ci ilin fevral ayından sonra bu amillərə biri də əlavə oldu. Manatın öz dəyərini itirməsi, əhalinin isə bu səbəbdən alıcılıq qabiliyyətinin aşağı düşməsi, avtomobil bazarından da yan keçmədi. Belə olan halda, əhali həm növbəti dövr üçün trendləri müəyyənləşdirə bilmir, həm də gəlirlərin hansı istiqamətdə dəyişəcəyini dəqiqləşdirə bilmir.Bu səbəbdən, son dövrlərdə avtobazarda, problemlər daha da dərinləşdi. Devalivasiyadan sonra avtomobillərin qiyməti qalxmışdısa, bu gün enmələr müşahidə olunmaqdadır. Ucuzlaşma daha çox təkrar bazarda müşahidə olunur. Bununla belə, artıq son bir ayda biz yeni avtomobillərin də qiymətlərində ucuzlaşma müşahidə edirik. Düşünürəm ki, bundan sonra da ucuzlaşma davam edəcək. Avtobazarın daralması və eyni zamanda idxalın azalması tendensiyası davam edəcək. Çünki artıq Azərbaycan çox ciddi iqtisadi çətinliklə üz-üzədir. 2015-ci ilin əvvəlindən bu günə qədərki dövrü ölkə iqtisadiyyatında nisbi sabitlik dövrü hesab etsək, bundan sonrakı dövrdə vəziyyət daha da gərginləşəcək. İlin sonuna qədər və hətta 2016-ci ildə avtomobil bazarında durğunluq daha da dərinləşəcək. Alıcılıq səviyyəsi ilə bərabər qiymətlər də aşağı düşəcək. Təxminən avtomobil bazarındakı qiymətlər növbəti aylarda 20 faiz ucuzlaşacaq”.