Avtomobillərin icbari sığortasında problemlər var

Avtobazar 26 İyun 2014 19:02 Oxunub 2425
Avtomobillərin icbari sığortasında problemlər var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sığorta hadisəsi üzrə ödənişlərin məbləğində yaranan mübahisələr çəkindirici amildir

Avtomobil sahiblərinin öz mülki məsuliyyətlərini icbari sığorta etdirməmələrinə görə inzibati cərimənin 5 dəfə qaldırılaraq fiziki şəxslər üçün 50 manata çatdırılması sürücülər arasında birmənalı qarşılanmır. Müxtəlif şəxslərin münasibətinə diqqət etdikdə 3 istiqamətdə problem nəzərə çarpır: 1) bəziləri icbari sığortanı ümumiyyətlə doğru saymırlar; 2) digər bir qrup icbari sığortanın illik haqqını yüksək hesab edir; 3) başqa bir qrup isə sığorta hadisəsi baş verdikdə əsassız imtinaları, habelə sığorta ödənişinin məbləğinin azlığını əsas gətirərək icbari sığortanın faydasız olduğunu deyirlər.

Fikrimcə, göstərilən istiqamətlər üzrə yanaşmanın hər birində həm obyektiv, həm də qeyri-obyektiv məqamlar var. Həmin məqamları ayrıca nəzərdən keçirək.

1. Ən radikal yanaşma şübhəsiz ki, icbari sığortanın lazımsızlığı barədə fikirlərdir. Belə fikirlərin əsasında başlıca olaraq icbari sığortanın əhəmiyyətinin tam dərk edilməməsi dayanır. Nəzərə almaq lazımdır ki, avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası dünyanın, demək olar ki, bütün dövlətlərində mövcuddur. Hətta belə sığortanın olmasının məcburiliyi beynəlxalq yol hərəkətində iştirakın məcburi şərti hesab edilir. Başqa sözlə, dünyanın əksər dövlətləri icbari sığortası olmayan sürücülərin idarə etdiyi avtomobili öz ərazilərinə buraxmırlar. 

Bu sığorta sürücünün başqasına vurduğu ziyanın sığorta şirkəti tərəfindən ödənilməsini ehtiva edir. Bunun faydasını sadə bir misalla görmək olar.  Hesab edin ki, benzin üçün pulu güclə tapan biri hərəkət qaydalarını pozaraq sizin avtomobilinizə əhəmiyyətli ziyan vurur. Belə halda həmin pulsuz sürücünün sizə vurduğu ziyanın əvəzini həmin sürücünün məsuliyyətini icbari sığorta etmiş şirkət ödəyir. Nəticədə sizin həmin pulsuz sürücü ilə çəkişmənizə heç bir ehtiyac qalmır. Əslində bu həmin pulsuz sürücünün özü üçün daha faydalıdır. Çünki o da uzun çəkişmələrdən, daha sonra məhkəmə qərarının məcburi icrası qaydasında hər hansı əmlakını itirməkdən canını qurtarır. 

2. İcbari sığortanın illik haqqının məbləği ilə bağlı məsələ isə iqtisadi təhlil tələb edir. Ölkə üzrə belə icbari sığortadan daxil olan ümumi məbləğ, habelə il ərzində sığorta hadisələrinə görə sığorta ödənişlərinin ümumi məbləği müqayisə edilməli, sığorta şirkətlərinin qazancı dəqiq müəyyən olunmalı, daha sonra bu işin rentabelliyi barədə nəticə çıxarılmalıdır. Yalnız bundan sonra icbari sığortanın bugünkü haqqının çox və ya az olmasını söyləmək olar. 

Amma bu məsələdə ölkəmizdə hələlik işləməyən, lakin qanunvericilikdə nəzərdə tutulan «bonus-malus» sistemini nəzərə almaq lazımdır. Bu sistem intizamlı və intizamsız sürücülərin ödəyəcəyi illik sığorta haqqını fərqləndirmək üçündür. Maliyyə Nazirliyinin təsdiq etdiyi bu sistemə görə intizamlı, yəni heç bir sığorta hadisəsi törətməyən sürücülərin ödəyəcəyi sığorta haqqı hər il 0,05 əmsal azalmalıdır. Bu azalma 11 il davam edərək 0,55 əmsaladək çata bilər. Sadə dillə desək, məsələn, avtomobilinin mühərrikinin iş həcminə görə hər il 100 manat sığorta haqqı ödəyən sürücü 11 il ərzində sığorta hadisəsi törətməzsə 12-ci il üçün cəmi 45 manat illik sığorta haqqı ödəməlidir. 

Şəxsən mən hesab edirəm ki, «bonus-malus» sisteminin bu azalma pillələrini bir qədər də sürücülərin xeyrinə etmək daha yaxşı olar (məsələn, 11 yox, cəmi 5 ildən sonra sığorta haqqının 50 faizinin ödənilməsi). 

«Bonus-malus» sistemi intizamsız sürücülərin sığorta haqqını isə artırır. Məsələn, yuxarıdakı misaldakı sürücü il ərzində 3 sığorta hadisəsi törədərsə, növbəti il üçün ödəyəcəyi sığorta haqqı artıq 300 manat olacaq. 

3. İcbari sığortadan çəkindirən başqa bir məqam bəzi şirkətlərdə ödənişlərdən əsassız imtina, ödəniş məbləğinin hər cəhdlə azaldılmasına çalışılması, habelə ödənişin qanunda nəzərdə tutulan məbləğinin maksimal məbləğinin azlığıdır. 

Doğrudur, son illər sığorta şirkətlərinin icbari sığorta hadisələri ilə bağlı ödəniş məsələsindəki intizamlılığı xeyli yüksəlmişdir. Lakin müxtəlif bəhanələrlə tək-tək hadisələrin olması da arzuolunan deyil və əslində həmin şirkətlərin özlərinə ziyandır. Statistika göstərir ki, bu gün ölkədəki avtonəqliyyat vasitələrinin yarıdan bir az çoxu icbari sığortaya cəlb olunmuşdur. Fikrimcə, sığorta şirkətləri öz fəaliyyətlərindəki bəzi çatışmazlıqları da aradan qaldırsalar, icbari sığorta daha kütləvi xarakter alar və təbii ki, şirkətlərin gəliri də artar. 

Konkret sığorta hadisəsi üzrə ödənişlərin məbləğində yaranan mübahisələr də çəkindirici amildir. Hesab edirəm ki, dəymiş ziyanın qiymətləndirilməsi məsələsinə vahid və obyektiv yanaşma olmalıdır. Bunun üçün sığorta şirkətləri daha sanballı avtotəmir müəssisələri ilə işləməli, alınan detalların, habelə zəhmət haqqının daha real qiymətlərini əsas götürməlidirlər. 

Sığorta ödənişinin bu gün üçün müəyyən olunmuş yuxarı məbləği isə şəxsən məni də qane etmir. Bu məbləğ 2011-ci ildə müəyyən edilmişdir və əslində həmin dövr üçün də qənaətbəxş deyildi. Son 3 ildə cərimələrin dəfələrlə artması və hər tərəfdə qiymət artımı həmin məsələyə də yenidən baxılmasını zəruri edir. Digər tərəfdən ölkəmizdə artıq kifayət qədər oturuşmuş icbari sığorta bazarı da var və bu bazarın iştirakçısı olan sığorta şirkətlərinin maddi durumu xeyli dərəcədə yüksəlmişdir. Ona görə də hesab edirəm ki, qanunvericilikdə bu gün nəzərdə tutulan icbari sığorta ödənişinin 5000 manat miqdarındakı yuxarı həddi ən azı 2 dəfə artırılmalıdır. 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh