Bakıda işlənmiş avtomobillərin satış bazarı çökdü

Avtobazar 24 Dekabr 2015 18:34 Oxunub 4666
Bakıda işlənmiş avtomobillərin satış bazarı çökdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Gürcüstandakı qadağa avtomobilləri 30-40% bahalaşdıracaq”

Azərbaycanda manatın yenidən ucuzlaşması 2-ci əl avtomobil bazarında da durğunluq yaradıb. Avtosfer.az xəbər verir ki, fins.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, bu bazarda alqı-satqı yox dərəcəsinə enib.Avtomobil satıcıları deyir ki, əvvəllər az da olsa, alıcı tapılırdı. Son günlərdə isə bir nəfər də olsun avtomobil alan olmayıb.

“Bir müştəri tapmışdıq, onu da dollar qorxutdu”

Badamdar avtomobil bazarının iştirakçıları bildirirlər ki, təkrar devalvasiyadan sonra bir avtomobil də satılmayıb. Onların sözlərinə görə, onsuzda az olan satışlar hazırda 0 səviyyəsinə düşüb. Məsələn, satıcı Oley Şamxalov deyir ki, hazırda avtomobil bazarı iflic vəziyyətdədir. Buna görə də, məcbur olub avtomobillləri 3000 manata kimi ucuzlaşdırıblar: “Məsələn, devalvasiyadan 3 gün əvvəl bir müştəri tapılmışdı.  2001-ci il model 3.2 l mühərrikli “Mercedes  E Class” avtomobilini sifariş etmişdi. 11 min manatlıq avtomobilin yekun qiymət olaraq 8 min manata satılması ilə bağlı razılığa gəlmişdik. Amma bank krediti dollarla təklif etdi. Manat ucuzlaşdığından müştəri avtomobili almaqdan imtina etdi”.

O.Şamxalov onu da bildirib ki, əvvəllər bazarda satış şənbə və bazar günləri olurdu. Satışlar azaldığından yalnız bazar günləri avtomobil satışı olur.

“Avtomobillər 2 dəfəyə yaxın ucuzlaşa bilər”

Satıcının sözlərinə görə, istehsal tarixi 2012-ci ilə qədər olan avtomobillərin 2 dəfəyə yaxın ucuzlaşacağı gözlənilir. Məsələn, 32 min manatlıq 2012-ci il model “Toyota Prado” 21 min manata qədər ucuzlaşsa da, alan yox idi. Devalvasiyadan sonra bu avtomobili 15-16 min manatdan yüksək qiymətə satmaq olmayacaq. İstehsal tarixi 2012-ci ildən  yuxarı olan avtomobillərin qiyməti isə 1,5 dəfəyə qədər düşəcək.

Ayda 20 avtomobil satan salon indi alıcı tapa bilmir

Fərdi avtomobil satıcıları ilə yanaşı avtosalonlar da satışların dayandığını deyirlər. “Okean” avtosalonundan fins.az-a verilən məlumata görə,  əvvəl ay ərzində 20 avtomobil satılırdısa, hazırda avtomobil alan yoxdur. Buna baxmayaraq, əvvəl manatla satılan avtomobillər hazırda dollarla satılır. Məsələn, əvvəl 12600 manata satılan 2008-ci il model “Hyundai Sonata” hazırda müştərilərə 10 200(15500 manat) dollara təklif edilir. 11 500 manat olan 2007-ci il model “Hyundai Sonata” isə 9 min dollara (14880 manat) satılır.  Avtomobillər dollarla ucuzlaşsa da, manatla bahalaşıb. Avtosalonun satıcısı bunu Cənubi Koreyadan sifariş edilən avtomobillərin dollarla alınması ilə əlaqələndirib. Salondan bildirilib ki, 2-ci əl avtomobillər 2 dəfə olmasa da, 20-30 % ucuzlaşacaq.

“Gürcüstandakı qadağa avtomobilləri 30-40% bahalaşdıracaq”

Avtomobil bazarından digər satıcı German Quliyev də manatın ucuzlaşmasından sonra satışların dayandığını deyib: “Əvvəllər ay ərzində 1-2 avtomobil sata bilirdik. Hər gün 15-20 nəfər müraciət edib avtomobil qiymətləri ilə maraqlanırdı. Dolların bahalaşmasından sonra bir nəfər də müraciət etməyib”.

Almaniyadan avtomobil gətirməklə məşğul olan satıcı digərlərindən fərqli olaraq 2-ci əl avtomobil bazarında qiymətlərin artacağını düşünür. Belə ki, yeni ildən Gürcüstanda qüvvəyə minəcək yeni qaydalara əsasən ölkəyə istehsal tarixi 2010-ci ildən aşağı olan avtomobilləri gətirmək qadağan ediləcək. Belə olan halda Azərbaycana gətiriləcək ili köhnə olan 2-ci əl avtomobillər də 30-40 % bahalaşa bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh