Məmurlara məhdudiyyət qoyuldu – BAHALI MAŞIN ALMAQ OLMAZ
Rusiya höküməti məmurlar üçün xidməti avtomobillərin, mebel və smartfonların qiymətinə məhdudiyyət qoyacaq. Gələn ildən etibarən, Rusiyanın nazirlik və idarə rəhbərləri özlərinə 200 at gücü və 2,5 milyon rubldan (38,5 min dollardan) baha avtomobil, həmçinin, 15 min rubldan (230 dollardan) baha smartfon sifariş edə bilməyəcəklər. Avtosfer.az fins-ə istinadən məlumatına görə, belə tələblər baş nazir Dmitri Medvedevin imzaladığı qətnaməsində nəzərdə tutulub. Qətnaməyə əsasən, minik avtomobillərindən və smartfonlardan başqa, məmurların kabinet üçün aldıqları mebellərinə də məhdudiyyət qoyulacaq. Belə ki, qətnaməyə görə qiymətli ağac növlərindən hazırlanmış mebelləri yalnız ən yüksək vəzifəli məmurlar ala biləcək. Təbii dəridən olan kreslolar da yalnız ən yüksək vəzifəlilər üçündür. Nisbətən aşağı vəzifəli məmurlar isə süni dəridən olan kreslolara oturmalı olacaqlar. Məsələn, təbii ağac növlərindən hazırlanmış mebelləri idarə rəhbərləri və müavinlər, köməkçi və mütəxəssislər isə iynəyarpaqlı və yumşaqyarpaqlı ağac növlərindən hazırlanan mebelləri ala bilər.
Sənəddə digər növ məhsulların da adı keçir: kompüterlər, noutbuklar, planşetlər, printerlər, yük avtomobilləri və avtobuslar. Bunlara aid tələbləri hökümət daha sonra hazırlayacaq. Maliyyə Nazirliyinin planlarında məmurların tibbi sığortası şərtlərinə dəyişikliklər etməklə, sanatoriyalarda ödənişsiz müalicə şərtini ixtisara salmaq və məzuniyyət günlərini 30 təqvim gününə endirmək də var.