Növbəyə dayanan 100 nəfərə avtomobil verildi - FOTO

Avtobazar 18 Sentyabr 2015 13:46 Oxunub 1800
Növbəyə dayanan 100 nəfərə avtomobil verildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İmtiyazlı şəxslərin minik avtomobili ilə təminatı işləri aparılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən cari ildə növbəyə dayanan daha 100 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobilləri təqdim olunub. Onlardan 7 nəfəri Böyük Vətən müharibəsi  və 58 nəfəri Qarabağ müharibəsi əlilləri, digərləri 20 Yanvar, Çernobıl AES əlilləri və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır. 

Avtomobillərin təqdim olunması zamanı ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev vurğulayıb ki, Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamları müharibə əlilləri və onlara bərabər tutulanların  dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatının əhəmiyyətli şəkildə sürətlənməsinə şərait yaradıb. Həmin sərəncamların uğurlu icrası olaraq, ƏƏSMN tərəfindən  ötən il ərzində 2014-cü ilədək növbəyə dayanan bütün müharibə əlilləri və onlara bərabər tutulan şəxslər “Naz-LİFAN” markalı minik avtomobili ilə tam təmin olunublar. Eyni zamanda 2014-cü ilin mart ayınadək növbəyə dayananlara da artıq minik  avtomobilləri verilib. Hazırda xüsusi tibbi göstəriş əsasında cari il ərzində növbəyə dayanan imtiyazlı şəxslərin minik avtomobili ilə təminatı işləri aparılır. 

Xidmət rəisi bildirib ki, müharibə əlilləri və şəhid ailələrinin yeni mənzillə təminatı işləri də uğurla davam etdirilir. Möhtərəm dövlət başçısının müvafiq sərəncamına əsasən, respublikanın bölgələrində 375 fərdi evin tikintisi həyata keçirilib və inşası başa çatmış evlərin istifadəyə verilməsinə başlanılıb. 

Tədbirdə əlil ictimai birliklərinin rəhbərləri əlilliyi olan insanlara, o cümlədən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə dövlət qayğısından söz açıblar. Bildirilib ki, təkcə ötən il Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarına əsasən müharibə əlilləri  və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb. Həmçinin əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlil şəxslərə sosial müavinətdən əlavə Prezident təqaüdünün verilməsinə, müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə başlanılıb. Qeyd olunub ki, bu kimi mühüm sosial müdafiə tədbirləri, eləcə də imtiyazlı şəxslərə dövlət büdcəsi hesabına minik avtomobillərinin təqdim olunması  Azərbaycanda iqtisadi inkişaf prosesləri ilə bərabər, sosial proqramların icrası işlərinin də yüksələn xətlə davam etdirilməsinin əməli təsdiqidir.

Yeni minik avtomobili ilə təmin edilən müharibə əlilləri və onlara bərabər tutulan şəxslər ürək sözlərini ifadə edərək, əlilliyi olan insanların təminatlarının gücləndirilməsinə göstərdiyi böyük diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

 

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh