Şevardnadzenin maşını Bakıda satılır - FOTOLAR

Avtobazar 11 İyul 2014 14:58 Oxunub 6839
Şevardnadzenin maşını Bakıda satılır - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gürcüstanın eks-prezidentinin maşını 100 min dollardan aşağı satılmır

“Çayka”, “ZİM”, ”Volqa”, “Moskviç”, “Pobeda” kimi köhnə markalı avtomobillər bir vaxtlar sovet partiya və dövlət rəhbərlərinin istifadə etdikləri maşınlar olub. Bu avtomobillər təkcə keçmiş SSRİ mənkanında deyil, bütün dünyada məşhur idi. Artıq antikvar sayılan həmin avtomobillər öz görkəmləri ilə bu gün də bəzi maşın həvəskarlarının maraq dairəsindədir. Bir qrup insanlar var ki, öz həyatlarını belə maşınlarsız təsəvvür edə bilmir. 

Azərbaycanda, xüsusilə Bakıda klassik avtomobil markalarının böyük həvəskar kəsimi var. Bu həvəskarların bir qismi Bakının Biləcəri qəsəbəsində yerləşən “Avtoretro” klubun üzvləridirlər. Bu klubda tarixi maraq doğuran xeyli köhnə markalı avtomobil var. Modern.az-ın əməkdaşları oxucular üçün maraqlı ola biləcəyini nəzərə alıb antikvar maşınların cəmləşdiyi “Avtoretro” klubdan reportaj hazırladılar.

Klubda cəmləşən bu maşınların bəzləri İkinci Dünya Müharibəsi dövründə qənimət olaraq, ələ keçirilib və alman faşizmi üzərində qələbə çalan əsgərlər tərəfindən sürülərək, Bakıya gətirilib. Müharibənin yazılmamış qanunlarından biri də bax budur... 

”Avtoretro” klub 2003-cü ildə avtomobil həvəskarı Elşən İsmayılov tərəfindən təsis olunub. Klubda E.İsmayılovun özü ilə görüşə bilməsək də, həmsöhbətimizin əslində Fəxrəddin adlı nəzarətçi ola biləcəyini dedilər. O, buradakı maşınlara nəzarət edir, onlar barəsində bilgilidir. Öncə klubun prezidentinin icazəsi olmadan danışmaq istəmədi. Amma əl çəkmədiyimizi görüb axırda razılaşdı...

Müsahibimiz bildirdi ki, “Avtoretro” klubun 50-yə yaxın üzvü var. “Onlar öz maşınlarını bizə etibar edirlər. Maşınların hamısı bizim klubun qarajında saxlanılmır. Əksəriyyəti üzvlərin özündədir. Burda olan maşınlardan bəziləri satışa qoyulub. İstəyən olsa, onun sahibi ilə əlaqə saxlayıb razılğa gəlir. Biz sadəcə vasitəçiyik”.

 

Saz vəziyyətydə olan köhnə markalı bu maşınların necə əldə olunduğu çox maraqlıdır. Klubun “ən yaşlı” maşını ABŞ istehsalıdır. “Buick”avtomobili 1937-ci ildə okeanın o tayında buraxılıb. 1938-ci ildə Almaniyada hazırlanmış köhnə “BMV” (III buraxılış) də “Avtoretro” klubun “ən qoca sakinidir”. Bu iki maşın “Avtoretro”  klubun “gözü” sayılır. 

Nəzarətçi Fəxrəddin bəy bu antikvarların satılmadığını və qiymətsiz (yəni çox dəyərli) olduğunu vurğuladı.

 

 

“Hər iki maşın İkinci Dünya Müharibəsi zamanı döyüşən əsgərlər tərəfindən qənimət olaraq, ələ keçirilib. ABŞ istehsalı olan “Buick” cənub zonasından, “BMV” isə Beyləqan rayonundan alınaraq, klubumuza gətirilib. Onların üzərində restavrasiya işləri aparıldıqdan sonra “Avtoretro” klubda öz yerlərini tutublar”.

 

50-60-cı illərin saz vəziyyətdə olan maşınları...

 

 

Klubda olan 1950-ci illərin “ZİM”, “QAZ-21”, “Pobeda”, “Moskviç” və digər köhnə markalı antikvarlar da diqqət çəkirdi. Fəxrəddin bəy bu maşınları yığmağın elə də asan məsələ olmadığını dedi. Onun sözlərinə görə, elə köhnə maşınlar olub ki, onu 500 manata, eləsi də olub 35-40 min manata alınıb. Bu maşınlar alındıqdan sonra yığılıb saz vəziyyətə gətirilib.

 

“Onların yığılmasına 1-2 il vaxt sərf olunub. Buna səbəb isə həmin maşınların hissələrini tapmağın çətin olmasıdır”.

 

Klubda yük maşınına da rast gəldik. “QAZ-51” markalı yük maşını 1953-cü ilin istehsalıdır. Vaxtilə bir sıra işlərdə istifadə olunan yük maşını restavrasiyadan sonra indi 7000 dollara satılır.

 

1974-cü ilin motosikleti 15.000 dollara

 

“Avtoretro” klubda markası köhnə motosikletlərə də rast gəldik. Nəzarətçi onların satışda olduğunu bildirdi. “1974-cü ilin istehsalı olan “BMV” marklaı motosikl az sürülmüş antikvardır. Qiyməti 15.000 dollardır. Digəri isə “rama”sı “BMV” olan “Ural” motosikletidir ki, 1500 manata satılır”.

 

Şevardnadzenin maşını 100 min dollardan aşağı satılmır

 

“Avtoretro” klubda maraq doğuran bəzi maşınlar keçmiş partiya və dövlət rəhbərlərinin istifadə etdikləri avtomobillərdir. Fəxrəddin bəy Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin 1974-cü ildə istehsal edilmiş “Zil-115” markalı avtomobilini bizə göstərdi. Bu maşının ölkəmizə necə gəlib çıxdığı ilə maraqlandıq.

 

“Maşını Gürcüstandan bir nəfər tanışımız sürüb ölkəmizə gətirib. Orada necə əldə etməsi haqqında isə xəbərim yoxdur. O, bu antikvarı bizim klubda saxlayır və onu bizə etibar edir”.

 

 

Şevardnadzenin maşınının qiymətini soruşduq. Nəzarətçi belə cavab verdi:

 

“Bu maşını alan şəxs onun sahibi ilə əlaqə saxlamalıdır. Yalnız onlar özü razılığa gələ bilərlər. Sahibi burada saxlayıb ki, istəyən olsa, biz onunla əlaqə yaratmağa köməklik edək. Qiymətə qalsa, onu 100.000 dollardan aşağı satmaz”.

 

Məşhur müğənni Bülbülün maşını da burada olub, satılıb…

 

Fəxrəddin bəy Azərbaycanın vokal məktəbinin banisi, məşhur müğənni Bülbülün maşınının da klubda olduğnu bildirdi.

 

“Bir vaxtlar onun sürdüyü “QAZ-21” markalı avtomobil klubumuzda idi. Satıldı... Qiyməti yadımda qalmayıb...”.

 

Nəzarətçidən öyrəndik ki, “Avtoretro” klubun üzvü olan bəzi şəxslər öz antikvar avtomobillərini Rusiyada gəlin maşını kimi də icarəyə verirlər. Klassika həvəskarı olan bəzi ruslar öz toylarında gəlinin bu maşınlarda gətirilməsini arzulayır və bunun üçün Bakıdakı “Avtoretro” kluba müraciət edirlər.

Maşınların toy üçün icarəyə qiymətlərilə də maraqlandıq. Amma nəzarətçi bu barədə məlumat verə bilmədi:

 

“Klubun üzvlərindən kiminsə yaxın adamının toyu olanda pulsuz olaraq buradan maşın götürə bilər. Üzvlərimizdən kim istəsə, öz şəxsi maşınlarını toy üçün icarəyə də verə bilir. Biz onların şəxsi işinə qarışa bilmərik. Ona görə də icarə qiymətini maşının sahibindən soruşmaq lazımdır...”.

 

Müğənni Arzu Rzaev klubun daimi üzvlərindəndir

 

 

“Avtoretro” klubun üzvləri arasında tanınmış şəxslərdən kimlərin olduğunu soruşduq. Elə həmin an həmsöhbətimiz Fəxrəddin bəyə zəng gəldi. Danışığını bitirəndən sonra zəng edən şəxsin tanınmış müuuml;ğənni Arzu Rzayev olduğunu söylədi. Əlavə etdi ki, Arzu Rzayev klubun daimi üzvüdür.

 

Bundan başqa klub üzvləri arasında “Pobeda”sı olan Bakıda tanınmış diş həkimi və “QAZ-21” sahibi olan professor, elmlər namizədi də var.

 

 

Müsahibimiz dedi ki, hər il 9 mayda – Qələbə günündə “Avtoretro” klub tərəfindən rerto maşınların yürüşü təşkil olunur. Həmin paradda maşın sahibləri bir-biri ilə alqı-satqı da edirlər.

 

“Yürüşə təkcə Bakı və onun kəndlərindən deyil, həm də regionlardan qatılan retro maşınların sahibləıri olur. Əvvəlcə Mehdi Hüseynzadənin, Həzi Aslanovun, Heydər Əliyevin qəbrini ziyarət edirik. Daha sonra “Avtoretro” kluba gəlirik və burada veteranlar üçün ziyafət təşkil olunur”.

 

Müsahibimizdən öyrəndik ki, bu yaxınlarda “Avtoretro” kluba Gürcüstandan 50 nəfərlik heyət öz antikvar maşınları ilə qonaq gələcək 

 

“Avtoretro” klubun antikvar maşınları “Eurovision-2012”yə də dəvət olunub.

 

““Eurovision-2012” ilə bağlı yürüş olmalıdır. Ona görə bizim də kluba dəvət göndərilib. 5 maşınla orada iştirak edəcəyik”.

Sağollaşıb ərazidən ayrılarkən bir məqam diqqətimizi cəlb etdi. “Avtoretro” kluba müasir dövrün istehsalı, qiyməti təxminən 60.000 dollar olan “Hummer” gətirilmişdi və avtomobilin sahibi onu ABŞ istehsalı olan “Buick”(1937) markalı maşının yanında saxlamışdı. Köhnə markalı olsa da, “Buick” “Hummer”dən daha qiymətli idi...

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh