Yolların genişlənmə zolağı artırılır

Avtobazar 24 Aprel 2014 00:00 Oxunub 2354
Yolların genişlənmə zolağı artırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Hacıyev: «Bizə yolların genişlənmə zolağı üçün 60 metr torpaq sahəsi ayrılıb, lakin onun 20-30 metrini işlədə bilirik»

Azərbaycanda respublika əhəmiyyətli və magistral yolların genişlənmə zolağının artırılması təklif edilib. Bununla bağlı “Azəryolservis” ASC Nəqliyyat Nazirliyinə öz təkliflərini göndərib, hazırda məsələ ilə bağlı danışıqlar aparılır. Bu barədə “APA-Economics”ə “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev məlumat verib. V.Hacıyevin sözlərinə görə, indiyədək Azərbaycanda yerli əhəmiyyətli yolların mühafizə zolağının eni 25 metr (yolun mərkəzi oxundan hər iki tərəfə 12,5 metr), respublika əhəmiyyətli və magistral yolların mühafizə zolağının eni isə 60 metr təşkil edib. Lakin bu normalar ölkədə davam edən yol tikintisi prosesinə və yeni yolların eninə uyğun gəlmir: “Bu gün bizə 60 metr də çatmır. Çünki hazırda ölkədə bəzi yolların eni də müxtəlifdir, bəzən 40, hətta 60 metrə çatır. Bizim təkliflərimizdə mühafizə zolağının eninin 10 metr də artırılaraq, 70 metrə çatdırılması nəzərdə tutulub”.

Avtomobil yollarının genişlənmə zolağının ölkənin nəqliyyat sahəsində həqiqətən problemli məsələ olduğunu etiraf edən sədr müavini, vəziyyəti Avropa ölkələri ilə müqayisə edib. Onun sözlərinə görə, qərbdə insanlara yolun kənarında torpaq sahəsi verdikdə onlar istəmirlər və ya onu şərtlə götürürlər. “Məsələn, əvvəlcə səs boğucu qoyulmasını, evinə rahat girib-çıxmasını, hadisədən sığorta olunmasını tələb edirlər. Eyni zamanda belə torpaqlar da onlara ucuz qiymətə verilir. Ancaq bizdə insanlar səhər evdən çıxanda ayağını yolub qoyub getmək üçün külli miqdarda pul tökürlər. Digər tərəfdən, tələbat da, nəqliyyatın sayı da artıb. Ona görə də yolların eni artırılmalıdır. Bizə yolların genişlənmə zolağı üçün 60 metr torpaq sahəsi ayrılıb. Lakin onun 20-30 metrini işlədə bilirik. Hər tərəfdən 10 metr enlətmək istədikdə sakinlərlə mübahisə yaranır. “Azəryolservis” insanların yol üçün nəzərdə tutulan torpaq sahəsinə girməməsi üçün yolun eninin artırılmasını təklif edir. Burada minlərlə hektar torpaq sahələrinin yola ayrılması, bu torpaqlardan insanların istifadə edə bilməməsi kimi problemli məsələlər var. Ona görə bu yüngül iş deyil. İndi bizə 60 metr çatmırsa, 100 ildən sonra vəziyyət necə olacaq? Ölkədə nəqliyyat vasitələrinin sayı artır, amma yollar geri qalır. Əslində isə bunun əksi olmalıdır. Odur ki, bu məsələlərin həlli il bağlı uzun müddətdir müzakirələr aparılır. Hələlik həll variantının tapılması üçün araşdırmalar gedir”, - deyə V. Hacıyev bildirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh