"Alfa Romeo Giulia" və "Stelvio" modelləri "GT Junior" xüsusi versiyasına sahib olublar
Müasir Alfa Romeo Stelvio krossoveri ilə klassik 1965-ci ilin Alfa Romeo GT 1300 Junior kupesi arasındakı əlaqə nədir? Əlbəttə ki, markadan başqa heç bir əlaqə mövcud deyil. Bununla birlikdə, Stelvio krossoverinin yeni xüsusi versiyası məhz Junior kupesinə həsr edilib. Təəssüf ki, şirkətin göstərməyə başqa bir şeyi olmadığına görə, italyanlar belə incə marketinq gedişlərindən istifadə edirlər.
Alfa Romeo Stelvio GT Junior versiyası krossoverin Veloce "idman" versiyasının əsasında yaradılıb və onun unikal xüsusiyyətləri - kuzovun oxra rəngi (bu boya orijinal kupenin rəng palitrasında mövcud idi), klassik kupenin ön panelə həkk edilmiş silueti və italyan markasının ön baş dayaqlarındakı loqotipləridir.
Əlavə olaraq, Veloce modifikasiyası üçün əlavə ödəniş ilə təklif olunan bir sıra opsiyalar, xüsusi versiyanın standart təchizatına daxildilər: məsələn, beşinci qapının elektrik ötürməsi və diametri 21 düym olan təkər diskləri.
Alfa Romeo Stelvio GT Junior krossoveri yalnız 210 at qüvvəli 2,1-litrlik turbodizel və səkkiz pilləli avtomatik transmissiya ilə təklif olunur. İtaliyada belə krossoverin qiyməti 72.750 avrodur və bu, adi Veloce versiyası üçü istənilən məbləğdən 6.550 avro çoxdur. Yeni xüsusi nəşrin tirajı açıqlanmayıb.
Yeri gəlmişkən, klassik Alfa Romeo GT 1300 Junior GT kupesi GT ailəsindəki ən uzunömürlü və ən populyar model olub. 1965-1977-ci illər arasında 90 at qüvvəli 1,3-litrlik mühərriklə təchiz edilmiş 91 min kupe istehsal edilib.
Stelvio krossoveri ilə yanaşı, Giulia sedanı da GT Junior xüsusi versiyasına malik olacaqdır. Sonuncu halda, klassik GT 1300 Junior kupesinə istinad artıq ən azından bir məna kəsb edəcəkdir, çünki GT ailəsi həmin illərdə buraxılan Giulia modelinin qısaldılmış şassisinə əsaslanırdı.
Yeni sedan Alfa Romeo Giulia GT Junior sedanı da krossover ilə eyni reseptə əsasən hazırlanıb, lakin onun təkər disklərinin ölçüsü 19 düymlükdür. 210 at qüvvəli turbodizel ilə yanaşı, İtaliyadan kənarda, hər iki avtomobil 280 at qüvvəli 2,0-litrlik benzin turbomühərriki ilə də təchiz olunacaqdır. Stelvio modeli tam ötürməli olsa da, Giulia GT Junior modelini arxa və ya tam ötürmə ilə əldə etmək mümkün olacaqdır.