Altmış altı illik nadir "Porsche" - FOTO

ABŞ-da nadir motosikllər kolleksiyaçısı təsadüfən 1955-ci il istehsalı olan nadir "Porsche 550 Spyder" avtomobilini aşkar edib. Robert Qrin adlı amerikalı kolleksiyaçı Cənubi Kaliforniyada vintaj nəqliyyat vasitələrinə baxış keçirərkən təsadüfən bağlı konteynerdə bu nadir idman avtomobilini aşkar edib.
Məlum olub ki, raritet avtomobil 35 il qapalı vəziyyətdə qalmasına baxmayaraq, onun hazırkı vəziyyəti həddən artıq yaxşıdır. Belə ki, sportkarın metal gövdəsində bir dənə də olsun korroziya əlaməti aşkar edilməyib.
Baxış zamanı kolleksiyaçının diqqətini ayrıca dayanmış bir konteyner cəlb edib. Qutunun qapısını açarkən qırmızı rəngli "Porsche 550 Spyder"i gördükdə amerikalı gözlərinə inanmayıb.
Məlum olub ki, iki nəfərlik sportkar öz seriyasında istehsal edilmiş 69-cu avtomobildir. Ümumilikdə isə bu model avtomobillərin sayı cəmi 90 olub.
Tapıntının ilk sahibi Havay ştatının bir xanım sakini olub və həmin xanım bu avtomobili həvəskar avtomobil yarışlarında sürürmüş. 1963-cü ildə "Spayder"i 2000 dollara Les Hannerson adlı şəxs alıb və ötən əsrin 80-ci illərində onu tam təmir və bərpadan keçirib.
Bir müddət sonra həmin şəxs motosikllərdən ibarət kolleksiya toplamağa başlayıb və vintaj "Porsche" avtomobilini isə yük konteynerində gizlədərək yaddan çıxarıb.
"Porsche 550 Spyder" 1,5 litrlik, 135 at gücündə orijinal mühərriklə hərəkətə gətirilir və bu aqreqat mexaniki, 5 pilləli sürətlər qutusuna birləşdirilib. Avtomobilin maksimum sürəti 220 km/saatdır.
Robert Qrin aşkar etdiyi "Porsche" avtomobilini "əsrin tapıntısı" adlandırıb. Onun sözlərinə görə, orijinal sportkarın artıq yeni sahibi də var. Qrin avtomobilin hansı qiymətə satıldığını açıqlamasa da, bu tip modellərin hərraclarda bir neçə milyona satıldığı məlumdur.
Qeyd edək ki, cari ilin mart ayında "DuPont Registry" portalında dünyada hazırda mövcud olan 15 ədəd "Porsche 911 RSR" avtomobillərindən biri satışa çıxarılıb. Həmin avtomobil 1974-cü ildə çempionlar arasında keçirilən IROC beynəlxalq avtomobil yarışması üçün yığılıb. Bir vaxtlar kolumbiyalı narkobaron Pablo Eskobara məxsus olmuş həmin nadir sportkarın ilkin satış qiyməti 2,2 milyon dollar olub. (Sputnik Azərbaycan)
Avtomobil istehsalı: SSRİ-dən Rusiyaya yarıbayarı geriləmə - FOTO
Məşhur avtomobil şirkəti dron istehsal edəcək – RƏSMİ AÇIQLAMA
Almaniya hökuməti elektromobillə bağlı planını dəyişdi
Tarixin ən bahalı "Chevrolet Camaro"su - 2 milyon dollara satıldı - FOTO
Ən ucuz işlənmiş avtomobillər - Pulunuza görə ideal seçim - TOP-10
Çinin avtomobil sənayesində artım tempinin azalacağı gözlənilir
Avropanın ən çox avtomobil alınan ölkələri – TOP 5
Bütün rəqibləri üstələyirlər: 8 ən yaxşı ucuz avtomobil - SİYAHI
Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO
Dünyada ilk V5 mühərriki - İkivallı - FOTO
Aeroport parkinqində YENİ TİP AVTOMOBİL OĞURLUĞU











