Buick markası yeni Verano Pro modelini təqdim edib - FOTO

Avtodünya 14 May 2021 21:05 Oxunub 1588
Buick markası yeni Verano Pro modelini təqdim edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

10 illik mövcudluğu dövründə Buick Verano modeli üzü dəyişdirlmiş Opel Astra modeli olub. Astra J modelinə əsaslanan ilk nəsil Verano Amerika və Çində (Excelle adı ilə) satılırdı, Astra K modelinə əsaslanan ikinci nəsil isə yalnız Çində təklif edilirdi. Ancaq Opel və Buick markalarının yolları artıq ayrılıb və yeni nəsil Astra modeli Peugeot 308 hetçbeki ilə eyni platformaya əsaslanacaqdır.

Bu günlərdə Buick markası Verano Pro adlandırılmış modeli Çində təqdim edib. İlk dəfə sedan aprel ayında keçirilmiş Şanxay avtosalonunda nümayiş etdirilmişdi. Lakin təqdimat zamanı avtomobilin şüşələri tamamilə tündləşdirilmiş, model haqqında verilmiş məlumat isə minimal səviyyədə idi.

Verano Pro əvvəlki sedanın yenilənmiş versiyası deyil, həqiqətən də Verano modelinin yeni nəslidir. Bütün xarici bənzərliklərə baxmayaraq, sedan yeni kuzovu əldə edib: alın şüşəsinin dayaqları geri çəkilib, pəncərə xətti daha düz olub, ön qapılardakı üçbucaqlı şüşələr yoxa çıxıb, güzgü dayaqları, habelə kapot və baqaj qapağının oyuqları dəyişdirilib. Sedanın uzunluğu 59 millimetr (4664 millimetr), eni isə 16 millimetr (1786 millimetr) azalıb.

Şirkət yeni platformadan istifadə etdiyini bildirib, lakin təkər bazasının uzunluğu (2700 millimetr) və hətta şassi arxitekturası əvvəlki kimi qalıb: ön tərəfdə McPherson dayaqları, arxa tərəfində isə Uatt mexanizmi olan yarı müstəqil asqı var. Belə mexanizm Astra modelində də quraşdırılır.

Eyni zamanda, sərnişin bölməsinin döşəməsi aşağıya enib, mərkəzi tunelin ölçüsü azalıb və cərgələr arasındakı məsafə də artırılıb. Baqaj bölümünün həcmi 455-dən 480 litrə qədər artırılıb.

İnteryer dizaynı da yeni şəkildə tərtib edilib. Ön paneldə, hər birinin ölçüsü 10,25 düym olan və vahid çərçivədə quraşdırılmış günlüksüz iki ekran var. Cihazlar paneli bir neçə ekran tərtibatına, media sistemi isə müasir interfeysə və səslə idarəetmə funksiyasına malikdir. Opsiyalar arasında iki hissəli panoram dam var.

Salonda Opel kökləri hələ də nəzərə çarpır - sükanaltı dəstəkləri və transmissiyanın selektorunu buna misal kimi göstərmək olar. Ancaq amerikan markası onlardan tədricən qurtulur. Məsələn, sükan çarxının sol tərəfində yerləşən xarici işıqların yuvarlaq açarı ləğv edilib: indi işıqların idarəsi sol sükanaltı dəstəyə həvalə edilib. İkizonalı iqlimə nəzarət sistemi əvəzinə tək zonalı variant quraşdırılır.

Əgər ikinci nəsil Buick Verano modeli Çində yalnız üçsilindrli mühərriklərlə təklif olunurdusa, yeni Verano Pro modeli birbaşa püskürtməsi olan 180 at qüvvəli 1,5-litrlik turbomühərrik və variatorla təchiz edilir. Bununla birlikdə, üçsilindrli turbomühərrik də çeşiddə qalacaqdır - bu, 158 at qüvvəli 1,3-litrlik mühərrikdir.

Verano modelinin modifikasiya çeşidində aqressiv GS versiyası da qalacaqdır. Bu versiyanın idman xüsusiyyətləri bir qədər artırılıb. Buick Verano Pro GS sedanı fərqli bamperləri, qapı kandarları, baqaj qapağındakı spoyler və qara dam ilə seçilir. Ancaq GS versiyasının texniki hissəsi standartdır. Verano Pro sedanı ilə bağlı bütün detallar ilin ikinci yarısında, satışların başlanmasına yaxın zamanda açıqlanacaqdır./autograph

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh