"Audi Q4" e-tron modelinin uzunbazalı versiyası Q5 e-tron adlandırılıb
Almaniya ilə yanaşı, Audi Q4 e-tron elektrik krossoveri Çində də buraxılacaqdır. Üstəlik, Çin bazarı üçün bu krossoverin uzunbazalı versiyası da hazırlanıb. Məntiqlə belə modifikasiya Q4L adlandırıla bilərdi, lakin krossover Quançjouda keçirilən avtosalonda Audi Q5 e-tron adı ilə debüt edib. Bizə tanış olan Q5 krossoveri ilə bu modeli yalnız indeksləri birləşdirir, lakin konstruktiv olaraq iki avtomobil arasında ümumi cəhətlər mövcud deyil - elektromobilin əsasını MEB modul platforması təşkil edir.
Yeni Audi Q5 e-tron modeli Q4 e-tron krossoverindən 201 millimetr (2965 millimetr) uzadılmış təkər bazası ilə seçilir. Arxa kuzov çıxışı da artırılıb, buna görə də, krossoverin ümumi uzunluğu 4870 millimetr (+ 288 millimetr) təşkil edir. Nəhayət uzadılmış krossover standart modeldən 43 millimetr (1675 millimetr) hündürdür. Damın və arxa dayaqların forması dəyişdirilib. Bütün bunlar salonda üçüncü cərgəni yerləşdirmək məqsədilə edilib.
Seçim olaraq yeddi və altı oturacağı olan variantlar təklif edilir. Birinci halda ikinci cərgədə üç yerlik divan, ikinci halda isə, iki fərdi “kapitan” kreslosu quraşdırılır. Qeyd etmək lazımdır ki, belə bir quruluş Audi tərəfindən ilk dəfə istifadə olunur.
Arxa sərnişinlərin ixtiyarına oturacaqların qızıdırlması və klimat-kontrolun ayrıca zonası verilib. İkinci və üçüncü cərgənin qatlanması halında baqaj bölməsinin həcmi 1825 litr təşkil edir. Q4 modelində bu göstərici 1490 litrdir.
Salonun ikisəviyyəli mərkəzi konsolu olan ön hissəsi hər iki modeldə eynidir. Amma avtomobillər “üzdən” fərqlənirlər: Audi Q5 e-tron modeli iri aşağı özəkləri olan digər fənərlərə və bamperin başqa dizaynına malikdir. Uzunbazalı krossoverin arxa işıq texnikasının naxışı daha maraqlı alınıb.
Texniki cəhətdən elektrokarlar demək olar ki bənzərdirlər. Uzunbazalı krossover üç modifikasiyada təklif edilir: Audi Q5 35 e-tron baza modeli arxa ötürmə və 180 at qüvvəli (Q4 modelində - 170 at qüvvəsi) bir elektrik mühərriki, habelə 55 kilovat-saatlıq dartma batareyası ilə təchiz olunur.
Audi Q5 40 e-tron modeli 204 at qüvvəli mühərrik və 83,4 kilovat-saatlıq batareya ilə təklif edilir. Belə verisyanın yürüş ehtiyatı 560 kilometr (NEDC) olmalıdır.
Nəhayət, top versiya sayılan Audi Q5 50 e-tron quattro modeli tam ötürməyə və iki elektrik mühərrikinə (öndə 109 at qüvvəli, arxada isə 204 at qüvvəli) malikdir. Batareya Q5 40 e-tron modelindəki ilə eynidir, lakin yürüş məsafəsi 520 kilometr təşkil edir.
Audi Q4 e-tron və Q5 e-tron modellərinin Çindəki istehsalı SAIC-Volkswagen birgə müəssisəsinə həvalə edilib. Onlar Volkswagen markasının ID modelləri ilə bir konveyerdə buraxılacaqdırlar. Üstəlik, Audi modelləri bu müəssisədə bu yaxınlarda buraxılmağa başlayıb: ilk model yazda istehsalına başlanan Audi A7L sedanı olub. Əvvəllər Audi modellərinin istehsalı ilə FAW-Volkswagen birgə müəssisəsi məşğul olurdu.