"Horch" markası geri qayıdır - ancaq yalnız Çində
Məlum olduğu kimi, Mercedes-Benz şirkəti özünün dəbdəbəli sedanları üçün Maybach subbrendini istifadə edir. İndi eyni yolla Audi şirkəti də getmək qərarına gəlib və artıq uzun müddətdir ki, unudulmuş Horch markasını yenidən həyata qaytarıb.
Bu barədə şayiələr son illər ərzində dolaşsa da, nəhayət, Audi şirkətinin rəhbərliyi belə addımı atmağa qərar verib. Lakin bir şərtlə: Horch avtomobilləri yalnız Çin bazarında satılacaqlar. Səbəb isə gün kimi aydındır - Çin bazarı Audi A8 modeli üçün ən böyük və ən vacib bazarlardan biridir. Hazırda buraxılan A8 sedanlarının 60 faizi bu ölkədə satılır.
Xatırladaq ki, əsl Horch şirkətinin əsası mühəndis və iş adamı Avqust Horx tərəfindən qoyulub. Bu şirkət 1899-cu ildən 1904-cü ilə kimi fəaliyyət göstərib, bundan sonra Horx öz adını verdiyi şirkəti açaraq avtomobillərin istehsalına başlayıb.
Horch əmtəə nişanı 1904-1942-ci illər arasında mövcud olub, keçən əsrin 30-cu illərində isə bu markanı səkkizsilindrli mühərrikləri olan yüksək sinifdən olan avtomobillər daşıyıb. 1932-ci ildə Horch şirkəti Audi, DKW və Wandere markaları ilə birlikdə Auto Union AG konsernində birləşib. Yeni yaradılan konsernin emblemi bu gün Audi modellərini bəzəyən dörd halqadan ibarət loqotip idi.
1955-1958-ci illər arasında Svikkaudakı köhnə zavodda Horch P240 minik avtomobilləri buraxılırdı, lakin Auto Union konserninin qalırlarının Daimler-Benz konserninin mülkiyyətinə keçməsindən sonra, tarixi markanın istifadəsindən imtina edilib.
1964-cü ildə Auto Union Volkswagen şirkəti tərəfindən satın alınıb və markanın yeni sahibləri Audi markasını yenidən həyata qaytarıblar. Horch markası isə, 80-ci illərə qədər Daimler konserninin mülkiyyətində qalıb, lakin Volkswagen konserni tərəfindən alındıqdan sonra belə “yatmış” vəziyyətdə qalıb. Bu gün isə, məşhur brend nəhayət “yuxudan oyanıb”.
Yeni Audi A8 L Horch sedanı yenilənmiş A8 ailəsinin çərçivəsində yaradılıb və ona görə də, aşağıda əlavə küncü olan ön fənərlər və yeni formaya malik olan bamper adi modifikasiyalarda da tətbiq ediləcəkdir.
20-düymlük orijinal təkər diskləri, şaquli çubuqları olan radiator barmaqlığı və zəngin xrom dekor Horch modelinin xüsusiyyətləridir. Əlavə olaraq, arxa qapılarda və təkər disklərinin qapaqlarında “H” hərfi formasında loqotiplər quraşdırılıb.
Dəbdəbəli versiyanın əsas xüsusiyyəti isə, 130 millimetr uzadılmış təkər bazasıdır. Audi A8 L Horch sedanının uzunluğu 5450 millimetr təşkil edir. Beləliklə, yeni Horch sedanı Maybach S-Class modelindən 19 millimetr qısadır.
Üstəlik, Maybach sedanının qapı girişləri və arxa dam dayağı dəyişdirilsə də, Horch modelinin yaradıcıları mövcud olan qapının dartılıb uzadılması ilə kifayətləniblər və araxa dayağa toxunmayıblar. Dəbdəbəli sedanın standart təchizatına lazer-lüminofor fənərlər, panoram dam və digər çoxsaylı avadanlıqlar daxil edilib.
Məlum məsələdir ki, Horch sedanı ən zəngin interyer variantı ilə təklif edilir: salonda elektriklə tənzimlənən, havalandırma və masaj funksiyasına malik olan iki fərdi arxa oturacaq, soyudulan stəkanaltıları olan iri mərkəzi tunel, sensorlu ekranı olan konsol, yüksək keyfiyyətli dəri və ağac şponu ilə tərtibat vardır. Lakin bunlar adi A8 sedanında da ola bilərlər, Horch modelinin orijinal xüsusiyyətinə isə, “Horch” yazıları olan yumşaq balışları aid etmək olar.
Təəssüflər olsun ki, W12 mühərrikinə bəslənilən ümidlər puça çıxıb. Horch modeli hətta V8 mühərrikinə də malik olmayacaqdır, çünki çinli müştərilər belə mühərriklərə maraq göstərmirlər.
Hələlik, Audi A8 L Horch sedanı 340 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 turbomühərriki ilə bəyan edilib. Güc qurğusu 8-pilləli “avtomat” və quattro sistemi ilə tandemdə çalışır. Qeyd etmək lazımdır ki, Mercedes-Maybach sedanı da Çində 367 at qüvvəli altısilindrli mühərriki olan S480 modifikasiyasında təklif edilir.
Horch sedanlarını Audi şirkətinin Almaniyadakı zavodunda istehsal edəcəklər. Dəbdəbəli sedanın satışlaına onun 19 noyabr taixində Quançjou avtosalonundakı nümayişindən sonra başlanacaqdır.
autograph