"Mazda" şirkəti "CX-50" modelini təqdim edib
Əslində bu Mazda CX-5 modelinin əvəzi deyil. Bizə yaxşı tanış olan ikinci nəsil CX-5 modeli bir müddət bundan öncə yenilənib və bir neçə il konveyer həyatı yaşayacaqdır. Yeni Mazda CX-50 krossoveri isə yapon markasının Şimali Amerika bazarında təklif etdiyi model çeşidi genişləndirmək üçün nəzərdə tutulub. Ölçülərinə görə yeni krossover CX-5 modelindən bir qədər böyükdür, lakin şirkət marketoloqları onu daha çox “yolsuzluq” avtomobili kimi səciyyələndirirlər və təbiətin qoynunda zaman keçirməyə üstünlük verənlərə ünvanlayırlar.
Bir müddət bundan öncə bəyan edilmiş klassik quruluşlu platforma daha böyük modellərə qismət olacaqdır, Mazda CX-50 modeli isə, köndələn yerləşən mühərrikə və “əsas” ön ötürməyə malik olan platformaya əsaslanır. Bununla belə, arxa oxu qoşma muftası olan i-Activ AWD transmissiyası CX-50 modelinin standart təchizatına daxil edilib. Mazda dizaynerləri avtomobilə daha çox “arxa ötürməli” nisbətləri verməyə çalışıblar – Kodo firma üslubu uzun və rəvan kapotu yaratmağa imkan verib.
Yeni krossover qara plastikdən hazırlanmış inkişaf etdirilmiş kuzov dəstinə, yüksək yükləmələrə davam gətirən dam reylinqlərinə sahib olub. Bundan başqa, kuzovun tutqun rəngli yapışdırmaları da təklif olunur. Eyni zamanda, CX-50 modeli balaca lyuk əvəzinə panoram damı alan ilk Mazda modeli olub. Avtomobilin interyeri də müasir Mazda avtomobillərinin ruhunda tərtibata malikdir – burada sayı azaldılmış düymələri və multimedia sisteminin geniş formatlı ekranını görmək mümkündür.
Satışların başlanğıcında Mazda CX-50 modeli iki güc aqreqatı ilə təklif ediləcəkdir: bunlar 2,5-litrlik Skyactiv-G atmosfer mühərriki və onun turbo versiyasıdır. Mühərriklərin hasilatı hələlik açıqlanmayıb, lakin ABŞ-da satılan CX-5 modelində həmin mühərriklər 190 və 230 at qüvvəsi hasil edirlər. Bütün avtomobillər 6-pilləli “avtomat” ilə təchiz ediləcəkdirlər. Mi-Drive hərəkət rejimləri sistemi isə, turboversiya üçün yedəyə alma rejimi də daxil olmaqla, bir neçə hərəkət rejiminə malikdir. Sonradan hibrid versiyalar da təklif olunacaqdırlar.
Mazda CX-50 modelinin istehsalı ilə Alabama ştatında yerləşən Mazda-Toyota birgə müəssisəsi məşğul olacaqdır. Bu müəssisədə həmçinin Toyota Cvorolla Cross modeli də buraxılacaqdır. İstehsalın başlanması 2022-ci ilin yanvarına planlaşdırılıb. CX-50 modelinin satışlarına gələn ilin yazında start veriləcəkdir. Elə həmin zaman Mazda avtomobil haqqında daha ətraflı məlumatı açıqlayacaqdır.
autograph.az