Yol polisi Bakıda “avtoş”luq edən 2 sürücünü saxladı, məhkəmə həbs etdi – Biri isə axtarılır - VİDEO
Bakıda avtoxuliqanlıq edən 2 sürücü həbs edilib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, avtoxuliqanlıq videosuj yayılan 90 HX 242 və 99 UF 314 dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobillərin sürücüləri Şərifov Nurməmməd Məhəmməd oğlu və Bayramov Feyzi Salman oğlu dünən saxlanılıb. Onların barəsində toplanmış materiallar Yasamal rayon Məhkəməsinə göndərilib. Bu gün məhkəmənin qərarı ilə hər iki avtomobilin sürücüsü 1 ay müddətinə inzibati qaydada həbs edilib. Eyni zamanda, onların sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Onlarla birlikdə avtoxuliqanlıq edən 99 KB 698 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Çapay Əsədov isə hazırda axtarılır.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə paytaxt yollarında avtoxuliqanlıq edən bir neçə sürücünün görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, Bakı şəhərinin mərkəz küçələrində təhlükəli manevrlər edən 90 HX 242, 99 UF 314 və 99 KB 698 dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobillər ziqzaq hərəkətlər edərək, zolağı tez-tez dəyişir, hətta svetaforun qırmızı işığına belə məhəl qoymurlar. İnzibati xətalar məcəlləsinin 511.1 maddəsinə görə, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydaları və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,yol hərəkət qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Maraqlıdır ki, bu maşınlar həmin əraziyə necə gəlirlər? Yol polisindən hansı formada gizlənirlər? Yəqin ki, DYP bu barədə ciddi tədbirlər görəcək.
Nazim Nadiroğlu