Reklam

Avtobus zolağını zəbt edən sürücülər belə maarifləndirilir - FOTO

Avtosfer Foto 23 Noyabr 2021 15:47 Oxunub 2188
Avtobus zolağını zəbt edən sürücülər belə maarifləndirilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Nəqliyyat Agentliyi marşrut avtobuslarının rahat hərəkəti üçün ayrılmış sarı zolaqları zəbt edən  avtomobil sürücülərinin ictimai qınağa çəkilməsi ilə bağlı növbəti maarifləndirmə aksiyası keçirib. BNA əməkdaşları və nəqliyyat könüllüləri tərəfindən təşkil olunan aksiya çərçivəsində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində avtobus zolağında avtomobilini park edərək ictimai nəqliyyat istifadəçilərinə əlavə çətinlik yaradan sürücülərlə söhbət aparılıb, onlara xüsusi bülletenlər paylanılıb. Əllərində poster və bülletenlərlə qayda pozan sürücülərə yaxınlaşan könüllülər onlara “təşəkkür ediblər”. Sürücülərə izah olunub ki, xüsusi zolaqları zəbt etməklə onlar avtobusların hərəkətinə maneə yaradırlar. Nəticədə sərnişindaşınmada gecikmələr yaranır. Digər tərəfdən, zolaqdan istifadə edən operativ nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradaraq insanların həyatını riskə atırlar.

Nəqliyyat könüllüsü Arzu İmanovanın bildirdiyinə görə, əksər sürücülər bunu anlayışla qarşılayıb və bir daha avtomobillərini sarı zolaqda saxlamayacaqlarını bildiriblər:

“Aksiyamız “Bu zolaq avtobus üçündür, bəs sən avtobussan?” adı altındadır. Gəlin ictimai nəqliyyata yer verək və onları sevək. Bu, sərnişinlərin vaxtında mənzil başına çatmasına nail olmaq üçündür. Həmçinin zolaqda avtomobil saxlayan sürücülər tıxac yaratmasınlar. Biz sürücülərə həm bukletlər paylayırıq, həm də plakatlar qaldırırıq ki, onlar maariflənsinlər. Bəzən kəskin reaksiya verənlər olsa da, əksər sürücülər bunu anlayışla qarşılayıb və  bir daha sarı zolaqda avtomobili park etməyəcəklərinə söz veriblər”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, Bakı şəhərində avtobusların hərəkətinin daha da optimallaşdırılması, ictimai nəqliyyatdan istifadə edən vətəndaşların daha rahat və əlavə vaxt itkisi yaşamadan mənzil başına çatmasını təmin etmək üçün BNA tərəfindən paytaxtın müxtəlif ərazilərində, xüsusən də, ictimai nəqliyyat dəhlizləri hesab olunan küçə və prospektlərdə avtobus zolaqları təşkil olunub. Bu günə qədər 10 küçə və prospektdə belə zolaqlar çəkilib. Onlardan Qara Qarayev prospektində təşkil olunan bu zolaq isə nəqliyyat vasitələrinin daha çox hərəkət etdiyi əsas ictimai nəqliyyat dəhlizlərindən biri hesab olunur. 3,9  km uzunluğunda olan bu prospektdən gün ərzində 37 müntəzəm marşrut xətti üzrə ümumilikdə 360  avtobus keçir:

“Təhlillər göstərir ki, bir saat ərzində bu prospektdə ictimai nəqliyyatdan istifadə edən səfər sayı ortalama 20 min nəfərə qədərdir. Bu rəqəmlər onu ifadə edir ki, bu prospektdə avtobuslar üçün xüsusi zolaqların olması vacibdir. Lakin bir ilə yaxındır, avtobus zolağının olmasına baxmayaraq, təhlillər onu deməyə əsas verir ki, bu il paytaxtda avtobus zolağı tələbinin ən çox pozulduğu yer də məhz Qara Qarayev prospektidir. Nəticə etibarilə Əhmədli, 8-ci km, Bakıxanov və Qaraçuxur istiqamətindən gəlib Qara Qarayev prospektinə keçməklə “Koroğlu”, “Nərimanov” və “28 May” metro stansiyaları istiqamətində hərəkət edən avtobuslar məhz bu küçədə avtobus zolağı tələbinin pozulması səbəbindən  intervallarında ciddi ləngimələr yaranır. Nəticədə hər saat hesabı 10 min nəfərə yaxın sərnişin əziyyət çəkir. Bu gün nəqliyyat könüllülərimizlə keçirdiyimiz tədbirin əsas məqsədi ondan ibarətdir ki, küçə boyu avtobus zolağınının tələbini pozan sürücülərlə maarifləndirmə söhbətləri aparılsın. Onlara bir daha avtobus zolağının tələbinə riayət edilmənin əhəmiyyəti izah edilsin. Bunun özü onu göstərir ki, bizim əsas məqsədimiz qayda pozan sürücülərin inzibati tənbeh tədbirinə tabe tutulması deyil, əslində maarifləndirməkdir. Bu yolla qayda pozuntularından və lüzumsuz cərimələrdən çəkindirmək olur”. 

BNA rəsmisi bildirib ki, aparılan bu cür maarifləndirmə tədbirləri artıq öz sözünü deyir. Belə ki, bundan əvvəl  paytaxtın Rəşid Behbudov küçəsində, Atatürk prospektində oxşar tədbirlər həyata keçirilib. Artıq bu ərazilər qaydalara əməl olunan küçələr hesab olunur: “Artıq bu küçələrdə avtobus zolaqlarının faydası hiss olunur. Bu küçələrdən keçən avtobusların orta hərəkət sürəti əhəmiyyətli dərəcədə artıb. Əvvəllər avtobuslar Rəşid Behbudov küçəsindən Neftçilər prospektinə daxil olub Bakıxanov prospektinə qədər olan məsafədə yarım saata qədər vaxt sərf edirdilərsə, indi bu müddət 10-15 dəqiqəyə qədər azalıb”. 

Qeyd edək ki, ötən il Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində 10 küçə və prospektdə avtobuslar üçün xüsusi hərəkət zolağının yaradılması ilə bağlı Nazirlər Kabineti yanında Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təkliflər verilmişdi. Komissiyanın rəyi əsasında əvvəldən nəzərdə tutulmuş ünvanlarda xüsusi avtobus zolaqlarının çəkilməsinə başlanılmışdı.






ŞƏRH YAZ
Ad

E-mail

Şərh