Reklam

Bu məsələdə Belçikanı da “qabaqladıq” - FOTO

Avtosfer Foto 15 Aprel 2024 14:29 Oxunub 1138
Bu məsələdə Belçikanı da “qabaqladıq”  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Belçikanın siyasi səhnədə yeri barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Təkcə NATO və Avropa Komissiyasının baş qərargahlarının bu ölkədə olduğunu demək kifayət edir. Siyasi həyatın kifayət qədər canlı olduğu ölkədə nəqliyyatın da intensiv olması tam təbiidir. 
30 688 kvadrat kilometr ərazisi, 12 milyon nəfər əhalisi olan krallığın 4 ölkə ilə quru sərhədləri var.  Ölkədə qeydiyyatda olan avtomobil sayı təxminən 6,5 milyon ədəddir. Bundan əlavə, sərhəd nəzarəti olmadığı üçün hər gün Belçika Krallığına kənardan minlərlə avtomobil daxil olur. Ölkə həm də çox sıx yol şəbəkəsinə malikdir. 
Hər 2 nəfərə 1 nəqliyyat vasitəsinin düşdüyü ölkənin yollarında intensivliyin çox olması təbiidir. Belə halda avtomobil idarə etmək də çətinləşir. Lakin qəribəsi budur ki, belə bir intensivlikdə ölümlə nəticələnən yol qəzaları ilbəil azalır. 2023-cü ildə yol qəzalarında ölən belçikalıların sayı 483 nəfər olub. 2022-ci ildə isə rəqəm 540 nəfər olub. Azalma göz qabağındadır. 
Məntiqi olaraq ərazisi böyük, əhali və avtomobil sayı az olan Azərbaycanda göstərici daha aşağı olmalı idi. Lakin biz bunun əksini görürük. 2023-cü ildə yol qəzalarında 591 azərbaycanlı həyatını itirib. Bunun səbəbləri məlumdur.
Bəs Belçika Krallığı nəticələri yaxşılaşdırmağa necə nail olub? Ölkədə yol hərəkəti təhlükəsizliyi ilə bağlı tədbirlər məktəbdə başlayıb, müxtəlif səviyyələrdə aparılıb. Belçikada sürücülük vəsiqəsi almaq kifayət qədər çətin olsa da, itirmək bir anın məsələsidir. Ölkədə ölümə əsas səbəb yüksək sürət olduğu üçün bu məsələdə ciddi tədbirlər görüldü. Bu ölkədə sürət həddini aşmağa görə cərimələr kifayət qədər yüksək gəliri olan şəxsin belə ödəməyə çətinlik çəkəcəyi həddədir. Şosedə ürət həddini 40 km/saatdan çox aşmağa görə işə məhkəmə baxır. Məktəb ətrafında 60 km/saatdan yuxarı sürətlə hərəkət birbaşa cinayət məsuliyyəti yaradır. Bunlar öz yerində.
Polisin texniki nəzarət imkanları da kifayət qədər çoxdur. Ölkədə 2200-dək radar var. Magistral yollar və şoselərdə isə 350 ədəd orta sürət radarı yüzlərlə kilometr yolda sürət həddini aşmağa nəzarət edir. Xatırladaq ki, stasionar radarı aldatmaq mümkün olsa da (bunu Azərbaycanda da çox sürücü edir), orta sürət radarında bu mümkün deyil. 
Qəzaların azalmasında ictimai nəqliyyatın rolu da böyükdür. Ölkənin 5 şəhərində tramvay xətti işləyir, 2 şəhərdə isə tikintisi aparılır. Şəhərlərarası və ölkələrarası əlaqənin əsas vasitəsi isə yüksək sürətli qatar və regional qatarlardır. Şəhərlərarası müntəzəm avtobus reysləri yoxdur. Berlin, Ştutqart, Roma, Paris və digər Avropa şəhərlərinə getmək üçün nə şəxsi avtomobilə, nə də təyyarəyə ehtiyac var.
Bunlar bir daha göstərir ki, ictimai nəqliyyatın iş keyfiyyətinin yaxşılaşması əhalinin şəxsi avtomobildən istifadəsini azaldır. Bununla da həm qəza sayı, həm də ekoloji ziyan azalır. Bir sözlə, şəxsi avtomobildən istifadəni azaltmaq üçün ictimai nəqliyyatı yaxşılaşdırmaq inzibati üsullardan daha çox səmərə verir.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh