Avtomobil satanlar artıq bunuda nəzərə almalıdır - YENİLİK NƏLƏRİ DƏYİŞİR?

Azərbaycanda avtomobil satışlarının zəifləməsinə ötən il ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlərin başa çatması və alıcıların alışlarını əvvəlcədən reallaşdırması təsir göstərib.
Avtosfer.az xəbər verir ki,Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev Ajans.az-a açıqlamasında ötən il güzəştlərin başa çatacağını bilən bir çox vətəndaş avtomobil alışını ilin son aylarına saxlamayıb, əksinə, tələsik şəkildə həyata keçirdiyini bildirib. Nəticədə əvvəlki ildəki idxal və satış göstəriciləri cari ilin avtomobil bazarına da təsir edib.
Onun sözlərinə görə, ötən ilin sonuna yaxın güzəştlərin ləğv ediləcəyinin məlum olması avtomobil bazarında aktivliyi artırıb: “Qeyri-müəyyənliyin olması ümumiyyətlə ötən il bildiyiniz kimi ekoloji təmiz nəqliyyat vasitələrinə güzəştlər var idi. İnsanların çoxu da artıq son üç ay qalmış bu güzəştlərin bitəcəyini bilirdi və bir çox insan ötən il tələm-tələsik də olsa avtomobil əldə etdi. Təbii ki, ötən ilin istər idxal nəticələri, istər satış nəticələri bu ilin bazar payına girmiş oldu.
Bu il fikir versəniz, bir neçə il öncə də açıqlanmışdı, idxal faizləri aşağı düşmüşdür. Təbii ki, bu, ötən il ölkəyə yetərincə avtomobilin daxil olması ilə bağlı idi. Hər kəs bilirdi ki, bu il artıq güzəştlər ləğv olunur. Ötən il avtomobillər gətirdilər. Xüsusən də paralel idxalla məşğul olan şəxslər avtomobillər gətirərək fiziki şəxslərin adına rəsmiləşdirib, onları daha sonradan satışa çıxartdılar.
Vətəndaşlar da artıq güzəştlərin bitəcəyini bilirdilər. Ötən ilin sonunda yetərincə avtomobil alındı ki, bu da bu ilin satış dinamikasının aşağı düşməsinə səbəb oldu”.
Assosiasiya sədrinin sözlərinə görə, bazarda alıcıların seçimində də dəyişiklik müşahidə olunur. Son dövrlər hibrid və plug-in hibrid avtomobillərə maraq artıb. Daxiliyanma mühərrikli avtomobillər arasında isə daha kiçik mühərrik həcminə malik modellərə üstünlük verilir.
Eyyub Əliyev qeyd edib ki, bu tendensiya yalnız yeni avtomobillər bazarında deyil, ikinci əl avtomobillərin satışında da özünü göstərir. Belə ki, mühərrik həcmi böyük olan avtomobillərin satışında zəifləmə, qiymətlərində isə azalma müşahidə edilir. Kiçik mühərrikli avtomobillər isə daha dinamik satılır: “Alıcıların ikinci suala gəldikdə, alıcılar nə alır? Təbii ki, əsasən son dövrlər hibrid, plug-in hibrid avtomobillərə daha çox üstünlük verilir. Daxili yanma mühərrikli avtomobillərdən isə sözsüz ki, artıq kiçik mühərrikli avtomobillərə daha çox üstünlük verilir.
Hətta biz ikinci əl bazarına nəzər yetirsək, ikinci əl avtomobillərin satışı zamanı da müşahidə edirik ki, böyük mühərrik həcmi olan avtomobillərin satışı zəifləyib, onların qiyməti aşağı düşüb. Xüsusən də kiçik mühərrikli avtomobillərin satışının daha dinamik olduğunu müşahidə edirik”.
İlin sonunda avtomobil almaq istəyənləri hansı endirimlər gözləyir?
Eyyub Əliyev bildirib ki, ilin sonuna yaxın avtomobil bazarında müəyyən canlanmanın baş verməsi gözlənilir. Xüsusilə rəsmi avtomobil idxalçıları və distribütorlar tərəfindən ənənəvi endirim kampaniyalarının keçirilməsi mümkündür.
Onun sözlərinə görə, rəsmi distribütorlar adətən ilin sonuna yaxın müxtəlif kampaniyalar təşkil edir, avtomobilləri xüsusi güzəştlərlə satışa çıxarırlar. Buna görə də alıcılar ilin son aylarında yeni avtomobilləri daha sərfəli şərtlərlə əldə etmək imkanı qazana bilərlər.
Bununla belə, assosiasiya sədri qeyri-rəsmi idxalla məşğul olan şəxslərin də eyni addımı atacağını gözləmir. Onun fikrincə, bu kateqoriyadan olan satıcılar endirimlərə daha çox gələn ilin əvvəlində gedə bilərlər: “Yeni il ərəfəsində təbii ki, canlanma baş verəcək. Yeni rəsmi avtomobil idxalçılarından, söhbət rəsmi distribütorlardan gedirsə, rəsmi distribütorlar həmişə Yeni il ərəfəsində müxtəlif endirim kampaniyaları edirlər, avtomobilləri xüsusi güzəştlərlə satırlar. Bu kimi hallar baş verir.
Yeni il ərəfəsində yalnız rəsmi distribütorlardan endirim gözləmək olar. Digər tərəfdən, mən ümid edirəm ki, qeyri-rəsmi idxalla məşğul olan şəxslər, hansı ki, fərqli şəkildə avtomobillər gətirib satırlar, onların hansısa güzəştlərə gedəcəyini gözləmirəm. Onlar güzəştlərə adətən gələn ilin əvvəlində gedə bilərlər.
Amma rəsmi distribütorlar tərəfindən, təbii ki, bu ilin sonunda xüsusi güzəştlərin, ənənəvi endirim kampaniyalarının olacağı gözlənilir”.
Beləliklə, avtomobil bazarında satış dinamikasına ötən ilki alışların təsiri davam edir. Eyni zamanda, alıcıların daha qənaətcil modellərə yönəlməsi və ilin sonunda rəsmi distribütorların keçirəcəyi kampaniyalar bazarın növbəti dövrdəki mənzərəsini müəyyənləşdirən əsas amillərdən olacaq.
Sürəti azaltmaq kifayət etmir: Sürücülərin ən çox cərimələndiyi nişan - VİDEO
Yeni vəsiqə alan sürücülərə bu avtomobilləri sürmək QADAĞAN EDİLƏ BİLƏR
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir












