Avropa Komissiyasının Prezidenti Bakıya niyə gəlib? - AÇIQLAMA

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək inkişaf perspektivləri baxımından diqqət mərkəzindədir.
Avtosfer.az xəbər verir ki, səfər zamanı enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat və logistika, ticarət, rəqəmsal inkişaf və regional əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb. Bəs Avropa Birliyinin Azərbaycanda əsas prioritetləri və birliyin bu səfər vasitəsilə çatmaq istədiyi əsas məqsədlər nələrdir?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, son dövrlər Avropa İttifaqı Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqları nəzərə alaraq Azərbaycanla münasibətlərini yeni mərhələyə keçirməyə çalışır. Hazırda Bakı ilə Brüssel arasında əlaqələrin inkişafı ilk növbədə Avropa İttifaqının maraqlarına cavab verir. Çünki Avropa, xüsusilə enerji təhlükəsizliyi sahəsində ciddi çağırışlarla üz-üzədir və bu problemlərin həllində Azərbaycanın etibarlı tərəfdaş kimi rolu getdikcə artır.
Azərbaycanın siyasi və iqtisadi baxımdan etibarlı tərəfdaş kimi mövqeyini qoruyub saxlaması Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır. Bu baxımdan Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri baxımından mühüm hadisə kimi qiymətləndirilə bilər.
Nəzərə almaq lazımdır ki, Ursula fon der Lyayen son dövrlərdə Avropa İttifaqı daxilində siyasi mövqelərini daha da möhkəmləndirib. Onun müxtəlif regionlara etdiyi səfərlər həm Birliyin xarici siyasət prioritetlərini nümayiş etdirir, həm də şəxsi siyasi nüfuzunun güclənməsinə xidmət edir:

"Bu baxımdan Cənubi Qafqaza, xüsusilə Azərbaycana səfəri və burada səsləndirdiyi mesajlar Brüsselin Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etməyə başladığını göstərir. Bu proses Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına müsbət təsir göstərə, eyni zamanda Avropanın digər institutlarının da Azərbaycana münasibətində balanslı yanaşmanın formalaşmasına təkan verə bilər. Məlumdur ki, son illər Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bəzi qətnamələr və sərgilədiyi mövqe ikitərəfli münasibətlərdə gərginlik yaradıb. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana münasibətdə qərəzli yanaşması səbəbindən Azərbaycan nümayəndə heyəti təşkilatdakı fəaliyyətini dayandırıb və uzun müddətdir AŞPA-nın işində iştirak etmir. Bu isə tərəflər arasında siyasi dialoqa mənfi təsir göstərən amillərdən biri hesab olunur".
Politoloq qeyd edib ki, Ursula fon der Lyayenin səfəri bu məsələlərin müzakirəsi və münasibətlərin normallaşdırılması baxımından da əhəmiyyətlidir:
"Avropa İttifaqının rəhbərliyi Avropa institutlarında Azərbaycanın strateji əhəmiyyətini, enerji təhlükəsizliyinə verdiyi töhfəni və etibarlı tərəfdaş statusunu daha aydın şəkildə önə çıxarmalıdır. Bu, Avropa institutlarında Azərbaycana münasibətin daha obyektiv və praqmatik əsaslar üzərində qurulmasına, mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına və əməkdaşlığın yeni mərhələyə keçməsinə töhfə verə bilər".
Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə isə, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər dinamik inkişaf edir və fundamental məsələlərdə tərəflərin mövqeləri üst-üstə düşür:
"Azərbaycan Avropa İttifaqına üzv olan 10 dövlətlə strateji tərəfdaşlıq sənədi imzalayıb ki, bu da ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu göstərən əsas amillərdən biridir. Əməkdaşlığın hüquqi bazası uzun illər ərzində formalaşıb. Belə ki, 2006-cı ildə Azərbaycan ilə Avropa İttifaqı arasında Anlaşma Memorandumu imzalanıb. Daha sonra, 2011-ci ildə Cənub Qaz Dəhlizi üzrə enerji sahəsində strateji tərəfdaşlığa dair Birgə Bəyanat qəbul edilib. 2022-ci ilin iyul ayında isə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı enerji sahəsində strateji tərəfdaşlığa dair növbəti Anlaşma Memorandumu imzalanıb. Bu sənədlər Azərbaycan-Avropa İttifaqı münasibətlərinin möhkəm hüquqi bazaya söykəndiyini göstərir. Xüsusilə 2022-ci ildə imzalanmış memorandum enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldib. Əgər əvvəl Avropa İttifaqına ildə 8 milyard kubmetr Azərbaycan qazının ixracı nəzərdə tutulurdusa, hazırda bu göstərici 13 milyard kubmetri ötüb. Hədəf isə 2027-ci ilə qədər ixrac həcmini 20 milyard kubmetrə çatdırmaqdır. Bu istiqamətdə intensiv işlər aparılır".
Deputat qeyd edib ki, ənənəvi enerji ilə yanaşı, yaşıl enerji sahəsində də əməkdaşlıq genişlənir:

"Avropa İttifaqı yaşıl enerjinin inkişafına xüsusi önəm verir və hazırda elektrik enerjisinə olan tələbatının 47 faizdən çoxunu məhz bərpa olunan enerji mənbələri hesabına təmin edir. Bu baxımdan Azərbaycanın yaşıl enerji potensialı da Avropa üçün xüsusi əhəmiyyət daşıyır. İyulun 1-də Ursula fon der Lyayenin Azərbaycana son səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşlər zamanı enerji əməkdaşlığı ilə yanaşı, münasibətlərin yeni istiqamətlər üzrə inkişafı da müzakirə olunub. Tərəflər ticarət, nəqliyyat, iqtisadiyyat, rəqəmsal transformasiya və bağlantı layihələri sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Avropa Komissiyasının Prezidenti Azərbaycanın əlverişli coğrafi mövqeyini və regionda oynadığı strateji rolu xüsusi qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan regionda sülhə, sabitliyə və iqtisadi inkişafa töhfə verən əsas ölkələrdən birinə çevrilib. Bu səbəbdən Avropa İttifaqı Azərbaycanla nəqliyyat, logistika, bağlantı və rəqəmsal keçid sahələrində əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Bu əməkdaşlıq Avropa İttifaqının "Qlobal Qapılar" (Global Gateway) investisiya proqramı çərçivəsində həyata keçiriləcək. Ümumilikdə, Ursula fon der Lyayenin Azərbaycana səfəri göstərdi ki, Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlığın daha da gücləndirilməsində maraqlıdır. Tərəflər enerji təhlükəsizliyi ilə yanaşı, iqtisadiyyat, nəqliyyat, rəqəmsal inkişaf və regional bağlantılar sahəsində əməkdaşlığın genişləndirilməsini prioritet hesab edirlər".
İqtisadçı Natiq Cəfərlinin fikrincə, Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri Avropa İttifaqıdır:

"İttifaqa üzv ölkələr arasında isə İtaliya uzun illərdir Azərbaycanın ən iri ticarət tərəfdaşı olaraq qalır. Bəzi illərdə ölkənin ümumi ticarət dövriyyəsinin 30-35 faizi məhz İtaliyanın payına düşüb. Ümumilikdə isə Azərbaycanın ixracının 50 faizdən çoxu Avropa İttifaqı ölkələrinə yönəlir ki, bu da tərəflər arasında iqtisadi əməkdaşlığın strateji xarakter daşıdığını göstərir. Enerji sahəsində əməkdaşlıq da yeni mərhələyə qədəm qoyur. Qəbul edilən qərarlara əsasən, Azərbaycan gələcəkdə Avropaya təkcə neft və təbii qaz deyil, həm də elektrik enerjisi ixrac etməyi planlaşdırır. Bu isə enerji tərəfdaşlığının daha da genişlənməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına imkan yaradacaq. Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsi Azərbaycanın iqtisadi inkişafına da müsbət təsir göstərə bilər. Bu əməkdaşlıq çərçivəsində ölkəmizdə yeni layihələrin maliyyələşdirilməsi, investisiyaların artırılması, müasir texnologiyaların tətbiqi və yeni iş yerlərinin yaradılması üçün əlavə imkanlar formalaşacaq. Bütün bunlar həm iqtisadi fəallığın artmasına, həm də Azərbaycanın uzunmüddətli inkişafına mühüm töhfə verə bilər".
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fatimə Dadaşova
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır
Regional Bağlantı İnvestisiya Konfransı Bakıya nə qazandıracaq? – EKSPERT
Arzum məhkəmə zalında HƏBS EDİLDİ - FOTO
Azərbaycanın 108 il keşiyində xidmət - 2 İyul “Polis günü”
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur










