Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA

Gündəm 1 Sentyabr 2026 15:11
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekə səfəri 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak etməklə yanaşı, mühüm siyasi və diplomatik təmaslarla da yadda qaldı. Səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Belarus Prezidenti Aleksandr Lukaşenko və digər dövlət başçıları ilə keçirilən görüşlər regionda təhlükəsizlik, sülh, nəqliyyat və iqtisadi əməkdaşlıq baxımından diqqət çəkdi. 

Avtosfer.az xəbər verir ki, bu görüşlərin fonunda Prezident İlham Əliyevin Bişkek səfərinin siyasi əhəmiyyəti və keçirilən ikitərəfli təmasların Azərbaycan və region üçün hansı nəticələrə səbəb ola biləcəyi müzakirə mövzusudur.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Avtosfer.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirak üçün Qırğızıstana səfəri mühüm siyasi əhəmiyyət daşıyır:


"6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak səfərin əsas tədbirlərindən biri olsa da, Bişkekdə keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın regional və beynəlxalq siyasəti baxımından xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və digər liderlərlə təmasları Azərbaycanın müxtəlif siyasi və iqtisadi güc mərkəzləri ilə balanslaşdırılmış əməkdaşlıq siyasətini nümayiş etdirir. Xüsusilə Nikol Paşinyanla görüş Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin davam etdirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan və Ermənistan arasında sülhün möhkəmlənməsi, ticarət, tranzit, enerji və nəqliyyat əlaqələrinin inkişafı Cənubi Qafqazın yeni iqtisadi xəritəsinin formalaşmasına səbəb ola bilər. TRIPP layihəsi və digər kommunikasiya imkanları isə regionun Avrasiya nəqliyyat sistemində rolunu daha da artıra bilər. Bişkek görüşlərinin digər mühüm istiqaməti Azərbaycanın Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutlarındakı mövqeyidir. Ərdoğanla görüş Bakı–Ankara strateji tərəfdaşlığının, Pezeşkianla təmas Azərbaycan-İran münasibətlərinin və regional sabitliyin, Tokayevlə görüş isə Azərbaycan–Mərkəzi Asiya əlaqələrinin və Orta Dəhlizin inkişafının möhkəmləndirilməsi baxımından önəmlidir. Bişkekin Azərbaycan üçün ayrıca siyasi yaddaşı da var. 1994-cü ildə burada Qarabağ müharibəsində atəşkəsə aparan Bişkek protokolu imzalanmışdı. Bu gün isə Azərbaycan həmin şəhərdə artıq qalib dövlət kimi Ermənistanla sülhün, iqtisadi əməkdaşlığın və yeni kommunikasiya xətlərinin perspektivlərini müzakirə edir. Bu baxımdan Bişkek Azərbaycanın keçmişi ilə bu günü arasında mühüm siyasi simvola çevrilir".

Deputat qeyd edib ki, ŞƏT Zirvə toplantısı və “ŞƏT plyus” formatı da Azərbaycanın Avrasiya məkanındakı mövqeyini gücləndirmək üçün mühüm platformadır:
"Çin, Rusiya, Hindistan, Pakistan, İran və Mərkəzi Asiya dövlətlərini birləşdirən bu böyük coğrafiya Azərbaycan üçün nəqliyyat, enerji, ticarət və logistika baxımından ciddi imkanlar yaradır. Azərbaycanın əsas üstünlüyü Şərq–Qərb və Şimal–Cənub marşrutlarının kəsişməsində yerləşməsidir. Çin və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər vasitəsilə Azərbaycan üzərindən Avropaya, şimaldan gələn yüklərin isə Azərbaycan üzərindən İran və digər istiqamətlərə daşınması ölkəmizin tranzit əhəmiyyətini artırır. Beləliklə, Prezident İlham Əliyevin Bişkek səfəri yalnız bir tədbirdə iştirakla məhdudlaşmır. Burada keçirilən görüşlər Azərbaycanın sülh gündəliyini irəli aparmaq, regional nəqliyyat və iqtisadi layihələrdə rolunu artırmaq, Türkiyə, İran, Mərkəzi Asiya və digər güc mərkəzləri ilə əlaqələri möhkəmləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın məqsədi isə müxtəlif güc mərkəzləri arasında seçim etmək deyil, hər biri ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı genişləndirərək öz geosiyasi və geoiqtisadi mövqeyini daha da gücləndirməkdir".

Politoloq Tural İsmayılovun fikrincə isə, Bişkek bu gün Azərbaycan üçün Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə, İran və daha geniş Avrasiya məkanının kəsişdiyi diplomatik platformaya çevrilmişdi:


"İlham Əliyevin belə bir platformada iştirakının əsas məqsədi Azərbaycanın regional proseslərin kənarında deyil, məhz həmin proseslərin formalaşmasında iştirak edən aktorlardan biri olduğunu bir daha nümayiş etdirmək idi. Burada ən mühüm məqam Prezidentin diplomatik gündəliyinin coğrafiyasıdır. Bir tərəfdə Ermənistan, digər tərəfdə Türkiyə və İran, paralel olaraq Qazaxıstan və digər regional dövlətlər. Bu, əslində Azərbaycanın xarici siyasətinin çoxvektorlu deyil, daha dəqiq ifadə ilə çoxistiqamətli və balanslaşdırılmış xarakterinin nümayişidir. Azərbaycan eyni anda həm Cənubi Qafqazın təhlükəsizlik gündəliyində, həm türk dünyasının inteqrasiya proseslərində, həm də Şərq-Qərb nəqliyyat və ticarət xəritəsində öz mövqeyini möhkəmləndirir. Paşinyanla görüş xüsusilə əhəmiyyətlidir. Çünki burada artıq sadəcə siyasi bəyanatlardan deyil, sülhün praktiki nəticələrindən danışılır. Tərəflər Azərbaycan neft məhsullarının Ermənistana ixracını, üçüncü ölkələrdən malların Azərbaycan ərazisi ilə Ermənistana tranzitini, iki ölkə arasında ticarət əlaqələrinin qurulmasını sülh dividendlərinin konkret nümunələri kimi qeyd ediblər. Bundan əlavə, sərhədlərin delimitasiyası və TRIPP boyunca bağlantı layihələrinin həyata keçirilməsi müzakirə olunub. Bu görüşün Azərbaycanın maraqları baxımından əsas üstünlüyü ondan ibarətdir ki, Bakı sülh prosesini abstrakt siyasi şüar səviyyəsindən çıxarıb iqtisadi və kommunikasiya reallığına çevirir. Başqa sözlə, Azərbaycan üçün sülh sadəcə müharibənin olmaması deyil; sülh yeni yollar, yeni ticarət əlaqələri, tranzit imkanları, enerji əməkdaşlığı və regionun iqtisadi xəritəsinin yenidən qurulması deməkdir. TRIPP məsələsinin ayrıca müzakirə olunması da bunun göstəricisidir. Azərbaycanın burada üstün mövqeyi isə ondan ibarətdir ki, regionda nəqliyyat-kommunikasiya layihələrinin böyük hissəsi onun coğrafiyasından keçir və Bakı artıq bu prosesin sadəcə iştirakçısı deyil, əsas təşəbbüskarlarından biridir".

Politoloq əlavə edib ki, İran Prezidenti Məsud Pezeşkianla görüş isə başqa bir istiqamətdə mühüm mesaj verir:
"İran tərəfi Azərbaycanın göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirib və iki ölkə arasında bütün sahələrdə münasibətlərin genişləndirilməsində maraqlı olduğunu bildirib. İlham Əliyevin İranla bağlı vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu vurğulaması Azərbaycanın qonşu dövlətlə münasibətlərdə məsuliyyətli və praqmatik mövqe tutduğunu göstərir. Azərbaycan-İran münasibətlərinin burada xüsusi çəkisi var. Çünki söhbət yalnız ikitərəfli əlaqələrdən getmir. Şimal-Cənub nəqliyyat dəhlizi, enerji, sərhəd təhlükəsizliyi, regional sabitlik və Cənubi Qafqazın gələcək kommunikasiya xəritəsi Azərbaycan-İran münasibətlərini birbaşa daha böyük geosiyasi proseslərə bağlayır. Bakı İranla münasibətləri qarşıdurma üzərindən deyil, regional əməkdaşlıq və qarşılıqlı maraqlar üzərindən qurmağa çalışmaqla öz manevr imkanlarını genişləndirir. Ərdoğanla görüş isə Azərbaycanın xarici siyasətində dəyişməyən əsas xəttin – Azərbaycan-Türkiyə müttəfiqliyinin – növbəti siyasi təsdiqidir. Prezidentlərin Bişkekdə görüşməsi özü də göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri yalnız ikitərəfli səfərlərlə məhdudlaşmır. İki ölkə regional və beynəlxalq platformalarda koordinasiyanı davam etdirir.
Bu müttəfiqlik Azərbaycan üçün yalnız siyasi və hərbi təminat anlamına gəlmir. Türkiyə ilə Azərbaycan arasında koordinasiya Orta Dəhliz, Zəngəzur istiqamətində bağlantılar, Türk Dövlətləri Təşkilatı, enerji və nəqliyyat layihələri baxımından Bakının regional çəkisini artırır. Azərbaycan-Türkiyə tandeminin güclənməsi Azərbaycanın Cənubi Qafqazda və Mərkəzi Asiya ilə Avropa arasındakı bağlantılarda daha böyük söz sahibi olması deməkdir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüş də bu baxımdan diqqətəlayiqdir. Tərəflər strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafını, nəqliyyat-logistika məsələlərini və Orta Dəhlizin əhəmiyyətini müzakirə ediblər. Azərbaycan və Qazaxıstanın Orta Dəhlizin iki əsas coğrafi dayağı olması Bakı üçün böyük üstünlükdür. İlham Əliyevin Bişkekdə keçirdiyi görüşlər həm də Azərbaycanın diplomatik kapitalının artdığını göstərir. Əgər əvvəl Bakı əsasən Cənubi Qafqaz gündəliyi çərçivəsində qiymətləndirilirdisə, indi Azərbaycanın siyasi çəkisi Xəzərdən Mərkəzi Asiyaya, Türkiyədən İrana, Avropadan Çin istiqamətinə uzanan daha geniş geosiyasi xəritədə nəzərə alınır. Bu baxımdan Bişkek səfərinin əsas məqsədini bir cümlə ilə ifadə etsək, belə demək olar: Prezident İlham Əliyev Bişkekə sadəcə bir beynəlxalq tədbirdə iştirak etmək üçün deyil, Azərbaycanın regional proseslərin əsas siyasi, iqtisadi və nəqliyyat aktorlarından biri kimi mövqeyini daha da möhkəmləndirmək üçün gedib. Və ən mühüm nəticə də budur: Azərbaycan artıq regionda hadisələrin arxasınca gedən deyil, hadisələrin istiqamətinə təsir edən dövlətdir. Bişkekdəki diplomatik təmaslar bu reallığın növbəti nümayişidir".

Politoloq Zeynal Əmrəliyev açıqlamasında bildirib ki, əlbəttə ki, bu səfərlər Azərbaycana çox böyük üstünlüklər qazandırır:

"İlk növbədə, cənab Prezidentin görüşdüyü dövlətlərin nümayəndələri Azərbaycanla əməkdaşlıq edən ölkələrdir və burada verilən mesajlar xüsusi əhəmiyyət kəsb edir. Hazırda dünyada, xüsusilə də dünya mediasında əsas müzakirə mövzularından biri Bişkekdə keçirilən toplantıdır. Burada söhbət təkcə Dünya Köçəri Oyunlarının açılış mərasimindən getmir. Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatının tədbiri keçirilir və müxtəlif dövlətlərin rəhbərlərinin Bişkekə gəlməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Şanxay Əməkdaşlıq Təşkilatı kifayət qədər böyük və nüfuzlu bir təşkilatdır. Ona üzv olan dövlətlərin dövlət və hökumət başçılarının tədbirdə iştirakı görüşlərə və aparılan müzakirələrə əlavə əhəmiyyət qazandırır. Bu səfər Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında əlaqələr iki istiqamətdə inkişaf edir. İlk növbədə, ikitərəfli münasibətlər zəminində, digər tərəfdən isə Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Qırğızıstan arasında əməkdaşlığın möhkəmləndirilməsi məsələsi aktualdır. Digər mühüm məsələ isə tədbirdən istifadə edərək Azərbaycan Prezidentinin digər ölkələrin rəhbərləri ilə görüşlər keçirməsi və fikir mübadiləsi aparmasıdır. Bu görüşlər xüsusilə əhəmiyyətlidir. Məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyanla aparılan müzakirələr zamanı ümumi sülh prosesinə töhfə verəcək fikir mübadiləsi aparıldı. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkianla çox səmimi görüş keçirildi. Hər iki prezidentin Azərbaycan dilində müzakirə aparması və öz ana dilimizdə ünsiyyət qurması xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin 52-ci səfəri olduqca güclü diplomatik məzmun daşıyır. Hesab edirəm ki, bu səfər Azərbaycana və bütövlükdə regiona çox mühüm siyasi və diplomatik uğurlar qazandıracaq".

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası" region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.


Müəllif: Fatimə Dadaşova

Oxunub : 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh