Diləndiyi deyilən qazi ilə bağlı - Rəsmi açıqlama

Sosial şəbəkələrdə Ağdaş rayonundan olan Vətən müharibəsi qazisi Samit Samir oğlu Quliyevin Bakıda dilənməsi ilə bağlı məlumat yayılıb.
Avtosfer.az-ın məlumatına görə, bu barədə feysbukda fotoşəkillər paylaşılıb. İddia olunur ki, S. Quliyev qazi statusu alsa da, əlillik dərəcəsi ala bilməyib. Maddi ehtiyac səbəbindən Yasamal rayonunda Ə. Əhmədov küçəsində müharibədə aldığı medalları qarşısına qoyaraq bacısı ilə birlikdə dilənir. Qeyd olunur ki, o, müharibədə yaralandığından ayaqlarında ciddi problemlər yaranıb və əlil arabasında hərəkət edir.
Problemlə bağlı Ağdaş Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsindən sorğumuza cavab kimi bildirildi ki, İcra Hakimiyyətində bütün qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Bu qazinin də valideynləri Ağdaş RİH-ə müraciət edib və onlara dəstək olunub. İcra Hakimiyyətindən həmçinin qeyd olunub ki, S. Quliyevin müharibədə yaralanması ilə bağlı onlarda heç bir məlumat yoxdur: “Samit Quliyev müharibə dövründə həqiqi hərbi xidmətdə olub. Füzuli, Cəbrayıl, Şuşa uğrunda döyüşlərdə iştirak edib, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub. Düzdür, veteranlıqla bağlı 80 manat hələ ona verilməyib, lakin hazırda o barədə araşdırma gedir. Bu, bizdən asılı olan məsələ deyil, bu təqaüd Müdafiə Nazirliyi və ƏƏSMN tərəfindən təyin olunur. Qazinin yaralı olmasına gəlincə isə, biz onun komissarlıqda olan sənədlərini araşdırmışıq, orada onun yaralı olması ilə bağlı hər hansı məlumat yoxdur. Müharibədə yaralananlar cəbhədən qayıdanda ona sənəd verilir ki, komissarlığa təqdim etsin. Komissarlıqda da qeydiyyata götürülür və göndəriş verilir ki, gedib hərbi hospitalda qeydiyyatdan keçsin. O istiqamətdə hərəkət olunmayıb. Onun əlində bəlkə də, sənəd var, amma qeydiyyata düşməydiyinə görə, bizdə onun yaralı olması haqqında heç bir məlumat yoxdur”.
Məsələ ilə bağlı ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentliyin mətbuat katibi Tural Qurbanov müraciətimizə cavab olaraq bildirdi ki, S.Quliyev əlillik üçün indiyədək heç bir müraciət etməyib: “Hərbi həkim komissiyasında da Samitin müharibədə yaralanması ilə əlaqədar heç bir şəhadətnamə mövcud deyil. Özünün bildirdiyinə görə, o, tam sərbəst hərəkət edir. Bununla belə, nazirliyin nümayəndələri onunla əlaqə saxlayıb və o bu gün sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün əyani müayinəyə dəvət edilib. Səhiyyə Nazirliyinin həkim komissiyası ilə birgə müayinə aparılacaq. Məlumat üçün deyək ki, müharibədə aldığı yüngül xəsarətə görə “Azərsığorta” tərəfindən 550 manat sığorta ödənişi alıb”.


Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












