Niyə keçidlər piyadalar üçün aktual deyil?

Yol-hərəkət qaydalarının nizamlanmasında, onlara əməl olunmasında, qəzaların, fövqəladə hadisələrin qarşısının alınmasında piyadaların məsuliyyəti mühüm önəm kəsb edir. Bu bir reallıqdır ki, günümüzdə əksər piyadaların yol keçərkən yeraltı və yerüstü keçidlərdən, piyada zolaqlarından deyil, daha çox yüksək sürətli avtomobil yollarından istifadə etməsi isə böyük narahatlıq doğurur.
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, hər bir hadisənin kökündə davranış durur: “Yollarda qəzalar hərəkət iştirakçılarının müəyyən olunmuş qaydalardan kənara çıxması zamanı baş verir. Bu da həmişə xətasız ötüşmür. Məsələn, piyadalara keçidlərdən, zolaqlardan istifadə etmək tövsiyə olunur. Vurulan piyadaların bir qisminin zolaqdan kənarda hərəkət etdiyi məlum olub. Piyadaların keçidlərdən istifadə etməməsinin obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəblərə piyadanın fiziki imkanlarının məhdud olması, vaxtın azlığı, tələsməsi, keçid olduğunu bilməməsi, obyektiv səbəblərə isə keçidlərarası məsafənin bir-birindən uzaq olması, bəzi yeraltı keçidlərdə eskalatorun davamlı işləməməsi, nasaz olması aiddir. Yaşlı insanların eskalator olmadıqda çoxpilləli pilləkəndən istifadəsi onlar üçün əlverişsizdir. İnsanlar əksər hallarda bu kimi “səbəbləri” əsas gətirərək təhlükə mənbəyi olan yüksək sürətli avtomobil yollarından istifadə edirlər.”
Ekspert, həmçinin əlavə etdi ki, keçidlərarası məsafənin çox olduğu yerlər var. Bəzən bu uzaqlıq 500-700 metrə qədər də olur. Əslində keçidlər arasında məsafə 200-300 metr olmalıdır. Bunun vaxtı çox aparmasını bəhanə edirlər. Piyadaların əksəriyyəti yerüstü keçidlər olduğu halda istifadə etmirlər, onun altından avtomobil yolundan keçirlər. Mən özüm dəfələrlə belə halların şahid olmuşam. Bir misal da çəkim: Paytaxtın “Atatürk” prospektində, Ayna Sultanova heykəlinin yerləşdiyi küçədə yerüstü keçid olsa da, dəfələrlə görmüşəm ki, piyadalar onun altından keçirlər. Avtobusdan düşürlər, dərhal yolu keçirlər ki, bu da çox təhlükə yaradan bir haldır. Birbaşa məsuliyyətsizlikdir.
Həmsöhbətimiz, həmçinin qeyd etdi ki, piyada zolaqları və piyada keçidləri haqqında xəbərdarlıq nişanları da diqqət etməli olduğumuz ən vacib məsələlərdən biridir: “Yollarda piyada zolaqları hər il təzələnməli və həmin zolaqlar xüsusi parlaqlığa malik ağ rəngli boyalarla rənglənməlidir. Bu zolaqların müddəti bir ildir. Piyada zolağı silinərsə, yenidən təzələnməlidir. Yağışlı, dumanlı havalarda isə xüsusilə görünməz hala gəlirlər. Həmin zolaqların qaranlıqda, gecə yarı aydın görsənməsi üçün reflektor (işıq qaytaran) xarakterli rənglərdən istifadə olunmalıdır. Piyada zolağı haqqında xəbərdarlıq nişanı isə sayrışan, parlaq, işıqsaçan rənglərdən ibarət işıqlarla təchiz olunmalıdır. Piyada zolağı, nişanı haqqında məlumatı olan sürücülər əvvəlcədən avtomobilin sürətini azalda bilirlər. Məlumatı olmayan, “qərib” sürücülər isə qəfil tormozlama ilə avtomobili saxlaya bilmirlər və nəticədə piyada ölümləri ilə nəticələnən bədbəxt hadisələr baş verir.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə yaşlı və fiziki məhdudlu insanlar üçün xüsusi təchizatlı eskalatorların quraşdırılmasını vacib hesab edir: “Bəzən fiziki durum imkan vermədiyindən, piyadalar yolu sürücülər hesabladığından gec keçirlər. Tormozlanma ya gec olur, ya da ümumiyyətlə, avtomobili saxlamaq olmur. Bu isə hər iki halda fövqəladə hadisənin baş verməsinə səbəb olur. Bu, bir tərəfdən piyada səhlənkarlığı, bir tərəfdən isə keçid yetersizliyi, ya da ki keçidlərdə eskalatorların nasaz, qeyri-aktiv olmasıdır. Keçidlərdə pilləkən sayı çox olduğundan onlardan istifadə həmin insanlar üçün əlverişsizdir. Elə yollar var ki, orada keçidlərin sayı ya azdır, ya da yoxdur. Piyadalar saatda 90-120 km sürətlə şütüyən avtomobillərin hərəkət etdiyi yollardan o tərəf-bu tərəfə keçirlər. Belə yollara misal olaraq deyə bilərəm ki, Heydər Əliyev, Nobel prospektlərində, Buzovna qəsəbəsində zəruri piyada keçidləri yaradılmalıdır.”
Elməddin Muradlı piyadaların iştirakı ilə baş verən qəzalar mövzusundan da bəhs etdi: “Piyadaların səhlənkarlığı ucbatından çoxlu sayda qəzalar baş verir, insanlar həlak olur, ağır yaralanır, maddi ziyana düşür. Məsələnin araşdırılması zamanı piyadalar çox vaxt məsuliyyətdən kənarda qalır. Zənnimcə, sürücünü o halda məsuliyyətə cəlb etmək olar ki, o qəzanın qarşısını almaq üçün nəsə etməsin.”
Həmsöhbətimiz aiddiyyətı qurumları bu məsələdə xüsusilə diqqətli olmağa çağırdı: “Piyada iştirakı ilə baş verən qəzalar xüsusi təhlil olunmalıdır. Araşdırmalar aparılmalı, mövcud qəza ilə bağlı günahlandırma dərəcəsi müəyyənləşdirilməlidir. Qəzadan sırf avtomobilə ziyan dəyibsə, kasko sığortası yoxdursa, o zaman məhkəmə yolu ilə məsələ xüsusi tədqiqata, yoxlanışa götürülməlidir. Səbəbkar tərəf də maddi ziyanı ödəməlidir. Xarici ölkələrdə belə qəzalarda 50-60 faiz sürücüdə, 40-50 faiz də piyadada günah görülür. Bizdə isə standart şəkildə 95-100 faiz günah sürücüdə hesab edilir.”
Ekspertin sözlərinə görə, piyadalar özlərinin və sürücülərin həyatlarını təhlükəyə atıb, yol hərəkəti qaydalarını pozsalar da, daha çox cərimə haqqında düşünürlər: “Bu cərimədən xilas olmaq üçün isə polisə gətirmədikləri bəhanə qalmır. Hesab edirəm ki, problemlə bağlı piyadalar arasında maarifləndirmə tədbirlərinə geniş yer ayırmaq lazımdır. Təbliğatın aparılması hər birimizin işidir.
Yol hərəkəti qaydaları haqda piyadaların maarifəndirilməsi ilə bağlı sosial çarxlar hazırlanıb cəmiyyətə aşılanmalıdır.”
Yaqut Ağaşahqızı, “İki sahil”













