Sahibkarlıq fəaliyyətinin hüquqi bazası möhkəmləndirilib

Gündəm 22 Aprel 2016 13:00 Oxunub 7779
Sahibkarlıq fəaliyyətinin hüquqi bazası möhkəmləndirilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kiçik və orta sahibkarlığın inkişafı cəmiyyətin sosial və iqtisadi yeniləşməsində mühüm rol oynayır

Azərbaycanda bazar münasibətlərini formalaşdığı müasir dövrdə kiçik və orta sahibkarlıq bölməsinin yaradılması və inkişaf etdirilməsi cəmiyyətin sosial və iqtisadi yeniləşməsində çox mühüm rol oynayır. Dövlət kiçik və orta sahibkarlığı müdafiə etməklə orta sinfin formalaşması üçün imkan əldə etmiş olur. Bundan başqa, kiçik və orta biznesin fəaliyyət dairəsinin geniş olması büdcə vəsaitinin tamamlanmasının səmərəli formasıdır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, iqtisadiyyatın yenidən qurulmasının labüdlüyü obyektiv olaraq ona doğru aparır ki, ölkə vətəndaşlarının çox böyük hissəsi sahibkarlıq fəaliyyəti ilə maşğul olur. Belə şəraitdə dövlətin kiçik və orta sahibkarlığı ağıllı və məqsədyönlü formada müdafiə etməsi labüddür. Çünki, bunlar yeni iş yerlərinin yaradılmasına, işsizlik səviyyəsinin aşağı düşməsinə, sosial gərginliyin aradan qaldırılmasına, ölkənin iqtisadi dayaqlarının möhkəmlənməsinə səbəb olur. Xatırladaq ki, özəl sektor əsasən orta və kiçik müəssisələrdən təşkil olunub. Bununla bağlı iqtisadçı Vahid Əhəmədov bildirir ki, mikro, kiçik və orta müəssisələrin yaradılması və inkişaf etdirilməsi həm respublikanın daxili bazarlarının əmtəə və xidmətlərlə dolması, inhisarçılığın ləğv edilməsi və rəqabətin bütün sahələrdə genişlənməsində, həm də təşəbbüskar insanların yaracılığının üzə çıxması, mövcud əmək və material ehtiyatlarının istehsala cəlb olunması və əhalinin tələbatının hərtərəfli təmin olunmasında mühüm rol oynayır. Bu daxili bazarın sabit inkişafına təsir göstərir, yeni texnologiyaların tədbiqini, milli yeni infrastruktrun yaradılmasını təmin edir. Eyni zamanda kiçik və orta müəssisələr istehsalçılarla istehlakçılar arasında birbaşa iqtisadi əlaqəlrin yaranması, həmçinin iqtisadi islahat və istehsalın texnoloji quruluşunun yenidən qurulması, artıq işçi qüvvəsinin özünə cəlb edilməsi və nəhayət, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin yüksəklməsində böyük əhəmiyyət kəsb edir. 

İqtisadçı alim Azər Mehtiyev isə bildirir ki, dünya ölkələrinin təcrübəsi göstərir ki, orta təbəqənin güclü olduğu ölkələr həm siyasi, həm də iqtisadi, sosial və s. aspektdən daha sabit və yüksək inkişaf potensialına malik olurlar. Azərbaycan da istisnalıq təşkil etmir. Bütün bunlar nəzərə alınmaqla, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə çox böyük diqqət yetirilir və onun hüquqi bazası möhkəmləndirilir. Bu sahədə Heydər Əliyevin müstəsna xidmətləri var. 1993-cü ildə təsdiq edilmiş ‘’Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)’’ Dövlət Proqramı  sahibkarlığın inkişafında önəmli rol oynadı. Heydər Əliyevin 17 iyun 1996-cı il tarixli “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” imzaladığı fərman bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların aradan qaldırılmasına yönəldi. Bununla yanaşı nəzarətin təkmilləşdirilməsi istiqamətində dövlət əhəmiyyətli tədbirlər həyata keçirildi.Sahibkarların fəaliyyətini təşkil etmək üçün vacib olan dövlət strukturları yaradıldı. Buna misal olaraq Sahibkarlığa Kömək Milli Fondunu, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyini, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsini, həmçinin Xarici İnvestisiyalar Mərkəzini və digərlərini misal göstərmək olar. Sahibkarlığı inkişaf etdirmək üçün dövlət öz üzərinə müvafiq öhdəliklər götürdü, sahibkarlara elmi-texniki, hüquqi və başqa köməkliklər göstərilirdi.  

Sahibkarlar üçün kadr hazırlığı, işgüzar informasiyaların yayılması istiqamətində də dövlət kompleks proqramlar həyata keçirdi və bu istiqamətdə işlər bu gün də davam etdirilir. Sahibkarlığın inkişafının və formalaşmasının zəruri şərtlərindən biri də ölkədə özəlləşdirmənin həyata keçirilməsi oldu. Dövlət əmlakının özəlləşdirilməsi çoxsaylı sahibkarların yaranmasına, büdcə kəsirinin aşağı salınmasına və büdcəyə daxil olan vəsaitin artırılmasınasəbəb oldu. Azərbaycan Respublikasının “Sahibkarlıq haqqında”(1996) , “Torpaq islahatı haqqında ” (1996) qanunlarının qəbul olunması bir daha göstərdi ki, azad sahibkarlığın inkişafına dövlət hər cür dəstək olur. Bunlar həm sənayedə, həm də kənd təsərrüfatındakiçik və orta sahibkarlığın inkişafına böyük təkan oldu. 1999-cu il yanvarın 7-də  imzalanmış “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanda sahibkarlığın inkişaf etdirilməsi, iş adamlarının fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluğun aradan qaldırılması və vəzifədən sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi və s. məsələlər öz əksini tapdı. Sahibkarlığın inkişafında lazımi infrastrukturun formalaşdırılması sahəsində bir çox işlər görüldü, bu sahəyə zəruri texniki yardım göstərildi. 1997-2000-ci və 2002- 2005-ci illəri əhatə edən “ Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı” qəbulu ölkəmizdə kiçik və orta sahibakarlığın hüquqi bazası inkişaf etdirilməsində, sahibakarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişə səbəb oldu. Kiçik və orta sahibkarlığa maliyyə köməyi mexanizmlərinin formalaşması, sahibkarlar üçün vergi yükünün azaldılması, vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atıldı. Sahibkarların hüquqularının, qanuni mənafelərinin qoruması mexanizmlərinin formalaşması səhəsində məqsədli tədbirlə görüldü.

Heydər Əliyevin yerli sahibkarlarla görüşündə (2002-ci il 25 aprel) qanunsuz yoxlamalar məsəldəsi geniş müzakirə edildi. Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrinin qarşısını almaq və əsassız yoxlamaları aradan qaldırmaq məqsədilə “ nəzarət kitabçası”nın təbiqinə başlanıldı. Sahibkarlığın inkişafı və dəstəklənməsinə dair qəbul edilən hüquqi-normativ aktlar arasında “Sahibkarlıq fəaliyyəti haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqqında”, “İnvestisiya fondları haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Xüsusi itisadi zonalar haqqında” və s. bu kimi qanunlar, həmçinin dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirmək məqsədilə “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqında”, “Sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında”, “Sahibkalıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Prezident fərmanları, eləcə də “Bir pəncərə sisteminə keçid haqqında” Prezident sərəncamı da xüsusi yer tuturlar. Respublikamızda kiçik və orta sahibkarlığa dövlət dəstəyinin hüquqi bazasının əsasını həm də “Azərbaycan Respublikasının kiçik sahibkarlığa dövlət köməyi haqqında” Qanun təşkil edir. Bu qanun hər kəsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən digər iqtisdadi fəaliyyət növü ilə məşğul olmaq hüququnun həyata keçirilməsi məqsədi daşıyır. Qanun Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyinin iqtisadi, hüquqi, təşkilatı əsaslarını, forma və üsulları müəyyən edir. 

 Qeyd edim ki, kiçik və orta sahibkarlığa dövlət dəstəyi haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu qanunda müəyyən edilmiş müddəlardan fərqli müddəlar müəyyən edildikdə həmin beynəlxaıq müqavilələrin müddəları tətbiq olunur. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri də "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu qanun ölkəmizdə sahibkarlıq sahəsində yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələləri özündə ehtiva edir. Ümumiyyətlə, Qanunda yoxlamaların plan üzrə və plandankənar (növbədənkənar) formaları nəzərdə tutulur. Bu zaman plandankənar yoxlamaların əsasları detallaşdırılıb ki, bu da belə növ yoxlamaların sayının azaldılmasına xidmət edir. Belə ki, plan üzrə yoxlamanın müddəti iri sahibkarlara münasibətdə 10 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 5 iş günündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamalıdır. Bu da sahibkarların yoxlamalara sərf etdikləri vaxtın minimuma endirilməsinə yönəlib.

Plandankənar yoxlamalar yeni qanuna görə yoxlayıcı orqanın istəyi ilə yox, məhz konkret qanunun tələb etdiyi hallarda keçirilə bilər. Belə ki, bu cür yoxlamalar yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərar yerinə yetirilmədikdə, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın icra vəziyyətinin yoxlanılmasına ehtiyac yarandıqda və konkret faktlara əsaslanan rəsmi müraciətlər olduqda, habelə sahibkar plandankənar yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqana müraciət etdikdə həyata keçirilə bilər. Yoxlamaların keçirilməsi ilə bağlı hər hansı normativ-hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəaları sahibkarın xeyrinə şərh edilməsi tələbi qanunun əsas özəlliklərindən biridir.

Ümumiyyətlə, sahibkarlıq fəaliyyəti ilə bağlı bu qanunların qəbulu və mövcud qanunların təkmilləşdirilməsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə bağlı Prezident İlham Əliyevin verdiyi sərəncamlar da iş adamları tərəfindən böyük razılıqla qarşılanır. Dövlət başçısının "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun qüvvəyə minməsi ilə bağlı 28 avqust 2013-cü il tarixdə imzaladığı fərman da sahibkarlara böyük qayğıdır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamə"nin 1.4-cü bəndinə müvafiq olaraq sahibkarlıq fəaliyyəti subyektlərində keçirilən bütün növ yoxlamalar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. Eyni zamanda əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmçinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Bununla əlaqədar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin təkmilləşdirilməsi ilə bağlı daim işlər görülür və bu da sahibkarların reyestrdən səmərəli istifadə etmələrinə şərait yaradır. Göründüyü kimi  həyata keçirilən bütün tədbirlərin əsas məqsədi sahibkarlığın inkişaf etdirilməsidir.

Çünki sahibkarlar təbəqəsinin formalaşması Azərbaycanın inkişafına çox böyük töhfədir. Son vaxtlarda isə sahibkar subyektlərində əsassız yoxlamar qadağan edilib, lisenziyaların verilməsi qaydaları sadələşdirilib. Bununla bağlı Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, bu, sahibkarlar tərəfindən böyük razılıqla qarşılanıb: “Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilib. Dövlət proqramlarında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarların rolunun gücləndirilməsi nəzərdə tutulur”..

M.Musayev bildirib ki, Prezident İlham Əliyevin 2015-ci il 19 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanı ölkə ərazisində sahibkarlığın inkişafının stimullaşdırılmasına, əlverişli biznes mühitinin təmin edilməsinə, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsinə və şəffaflığın təmin edilməsinə yönəlib.

M.Musayevin sözlərinə görə, azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən dövlətimizin başçısı özəl sektorun inkişafına xüsusi diqqət yetirir. «Qlobal böhranın hökm sürdüyü bir şəraitdə daxili istehsalın təşviq edilməsi, sahibkarlara kreditlərin verilməsi, özəl sektorun maraqlarının qorunması qarşıya qoyulan məsələlərin həllinə imkan yaradacaq”, – deyə ASK-nın prezidenti qeyd edib.

 İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov isə qeyd edib ki, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Bütün bunların nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9 favizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlib, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80 faizi ötüb. Ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunub. Onun sözlərinə görə. sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq işlər görülüb.

G.rülən işlər sahibkarlığın inkişafına yönəlib. 

Bu da sirr deyil ki, azad sahibkarlıq yalnız o ölkələrdə uğurla inkişaf edir ki, orada sahibkarlara, sahibkarlar sinfinə dövlət tərəfindən qayğı var, diqqət var. Bu gün bu qayğını bütün sahibkarlar hiss edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələcəkdə də Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət göstəriləcək, sağlam rəqabət təmin olunacaq. Azad sahibkarlığın inkişafı, onların maneələrlə üzləşməmələri üçün dövlətimiz üzərinə düşən məsələləri həll edir. Eyni zamanda, sahibkarlar buna adekvat olaraq özəl sektorda üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Namiq Musayev

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

ŞƏRH YAZ
Ad

E-mail

Şərh