Banner

Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - YENİLƏNİB

Xəbərlər 19 Noyabr 2026 14:23
Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

İşğaldan azad olunan Cəbrayıl rayonu Soltanlı kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.

Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, Soltanlı kəndi bu gün 16 ailə olmaqla 80 nəfərə qucaq açıb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər

Ümumi sahəsi 108,5 hektar olan Soltanlı kəndində 420 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi - su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. Layihə üzrə Soltanlı kəndində ikimərtəbəli inzibati bina, uşaq bağçası, həkim-tibb məntəqəsi, həmçinin çoxfunksiyalı bina tikilib. Kənddə aptek, market, dərzi, gözəllik salonu və digər xidmət mərkəzləri üçün nəzərdə tutulmuş bir və ikimərtəbəli hissələrdən ibarət olmaqla çoxfunksiyalı bina inşa edilib.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına qurtaran qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu bildiriblər.

Soltnalı kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub. Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

***09:16

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

Avtosfer.az xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Soltanlı kəndinə 16 ailə (80 nəfər) və Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 19 ailə (75 nəfər) bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Beləliklə, növbəti mərhələdə ümumilikdə 155 nəfərdən ibarət 35 ailə doğma yurdlarına qayıdır.

Geri qayıdan ailələr respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir.

Doğma yurdlarına qayıdan sakinlər dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin Azərbaycan Ordusuna, əsgər və zabitlərə minnətdarlıqlarını bildirib, şəhid olan hərbçilərin xatirəsini yad ediblər.

 

Oxunub : 276
ŞƏRH YAZ
Ad

E-mail

Şərh