Vahid taksi xidməti yaradılsa qiymətlər artacaq - RƏY

Gündəm 6 Oktyabr 2022 21:00 Oxunub 820
Vahid taksi xidməti yaradılsa qiymətlər artacaq - RƏY
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda son illər qiyməti ucuzlaşan yeganə sahə ,taksi xidmətidir ki, burda ciddi rəqabət var. Dövlət bu sahəyə əl qoymaq istəyirsə, bu, çox yanlış qərardır.

Bunu AFN.az-a vahid taksi xidmətinin yaradılacağı ilə bağlı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun açıqlamasını şərh edərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib: “Əgər belə olsa, əksinə, qiymət artımı və tarazlığın pozulmasına gətirib çıxaracaq. Ona görə taksi xidməti rahat buraxılmalıdır. Ümumiyyətlə dövlət özünə aid olan funksiyaları yerinə yetirməlidir. Taksi xidməti dövlətin funksiyası deyil. Maksimum bələdiyyələrin funksiyasıdı ki, onu tənzimləsin. Yəni bələdiyyələr maşınların təhlükəsizliyi ilə bağlı, sürücülərin geyimi ilə bağlı müəyyən normaları yarada bilər. Ancaq dövlətin bu sahəyə müdaxiləsi yolverilməzdir”.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, vahid taksi xidmətinin yaradılması o demək deyil ki, dövlət bu sahədə monopoliya yaratmaq istəyir: “Sadəcə bu gün Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri, həmçinin fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan insanların, həmçinin sahibkarların da fəaliyyətinin tənzimlənməsi, sürücü-sərnişin arasındakı münasibətlərin tənzimlənməsi, taksi fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı atılan addımlardan söhbət gedir”. Həmsöhbətimiz bildirdi ki, hazırda Bakı şəhərində taksi fəaliyyətini tənzimləyən qurum Bakı Nəqliyyat Agentliyidir: “Azərbaycan üzrə bu fəaliyyəti tənzimləyən qurum Yerüstü Nəqliyyat Agentliyidir. Hazırkı taksi xidməti liberaldır. Yəni dəyişən tariflər var. Burada müəyyən çatışmazlıqlar mövcuddur. Sərnişinlər sürücülərdən, sürücülər taksi şirkətinin operatorlarından şikayət edir. Elə bu məsələləri həll etmək üçün əlaqələndirici quruma ehtiyac var”.

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirdi ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı hər hansı müzakirə yoxdur: “Sadəcə taksi xidmətinin təkmilləşdirilməsi nəzərdə tutulur. Burada da taksi sürücüləri ilə bağlı kriteriyaların müəyyənləşdirilməsi ilk növbədə həll edilməli məsələdir. Yəni taksi sürücüsü peşəkar olmalıdır. Ünvanları dəqiq tanımalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli olmalıdır. Avtomobili saz vəziyyətdə saxlamalıdır. İstirahət və iş rejiminə diqqət yetirməlidir. Cavid Qurbanovun dediyi vahid mərkəz isə çox güman ki, taksi sisteminin mexanizmini həyata keçirəcək. Nəzarət mexanizmi ilə vətəndaşlar vahid bir mərkəzə müraciət edə biləcəklər. Vətəndaşlar şikayətlərini mərkəzə göndərə bilərlər. Taksi sürücüsünün qayda pozuntusuna rast gələn vətəndaş həmin mərkəzə şəkil, video göndərə bilər”. E.Muradlının sözlərinə görə, hazırda BNA - nın tətbiq etdiyi 141 qaynar xətt var və avtobus sürücüləri ilə bağlı nə şikayət olsa vətəndaşlar oraya ünvanlıya bilir: “Taksi fəaliyyətində də vahid mərkəzin olması gözlənilir. Hazırda taksi xidməti çox bərbad vəziyyətdədir. Bu, hamıya çox yaxşı məlumdur. Burada ciddi tənzimlənməyə ehtiyac var. Prezident İlham Əliyev cari ilin əvvəlində fərman imzalayıb. Ardınca Baş Nazirin sərəncamı da oldu. Bakı şəhərində taksi fəaliyyətinin tənzimlənməsinə ciddi ehtiyac var. Həmin sənədlərdə özündə bunu ehtiva edir. Ümid edirik ki, ilin sonuna kimi belə bir addım atılacaq. Çünki bu zəruri məsələdir. Bu gün Bakı şəhərində 60 mindən çox taksi fəaliyyət göstərir. Böyük rəqəmdir. Bunu tənzimləyib insanlara iş görmək lazımdır. Ciddi fəaliyyət olmalıdır. Çox təssüf ki, xarici aqreqator şirkətlər Azərbaycanda at oynadır. Özbaşına qiymətlər müəyyənləşdirirlər. Sürücüləri vaxtından artıq işlədirlər. Məcbur edirlər ki, onlar bu işi görsünlər. Belə olan halda təbii ki, ciddi problemlər ortaya çıxır. Bunun da həlli dövlətin əlindədir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh