Banner

Türkiyədə ara qarışdı - Axtarışlar başladı

Hadisə 17 Oktyabr 2026 11:00
Türkiyədə ara qarışdı - Axtarışlar başladı
WhatsApp kanalımıza abunə olun

Türkiyədə eyni gündə baş verən iki hadisə siyasi gündəmi qarışdırıb.

Avtosfer.az xəbər verir ki, müxalifətin mühüm simalarından biri təmsil olunduğu partiyadan istefa verib, digər tanınmış siyasətçinin ailəsi isə milyonlarla avroluq maliyyə əməliyyatları ilə bağlı cinayət araşdırmasının mərkəzinə düşüb.

Muğla Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Aras Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb. Eyni zamanda Ərzincan millət vəkili Mustafa Sarıgülün ailə üzvlərinin adları çirkli pulların yuyulması və dələduzluq iddiaları ilə bağlı istintaqda hallanır.

CHP-də istefa – Suriya səfərindən sonra başlayan qalmaqal

Ahmet Aras oktyabrın 16-da verdiyi açıqlamada bundan sonra Muğla Böyükşəhər Bələdiyyəsinə müstəqil rəhbərlik edəcəyini bildirib.

Arasın sözlərinə görə, son vaxtlar onun ətrafında yaranmış siyasi mübahisələr şəhərin problemlərinin həllini və bələdiyyənin fəaliyyətini kölgədə qoyub.

İstefanın arxasında dayanan diqqətçəkən məqamlardan biri isə Arasın son səfəri zamanı verdiyi qərarla bağlıdır. Türkiyə mediasının məlumatına görə, o, şəhərdən kənarda olduğu müddətdə bələdiyyə sədrinin səlahiyyətlərini Yeni Partiyadan olan üzvə həvalə edib. Bu addım CHP daxilində ciddi narazılıq yaradıb. Məsələ Arasın Suriya səfəri ətrafında yaranan mübahisələrlə də əlaqələndirilib.

Aras istefa bəyanatında Muğlanın maraqlarını siyasi mənsubiyyətindən üstün tutduğunu vurğulayıb.

Onun qərarı xüsusilə ona görə diqqət çəkir ki, Aras 2024-cü ilin martında keçirilmiş yerli seçkilərdə səslərin təxminən 55 faizini toplayaraq Muğla Böyükşəhər Bələdiyyəsinin sədri seçilmişdi.

CHP-nin Muğla vilayət təşkilatının sədri Halil Karahan isə istefaya sərt münasibət bildirib. O, seçicilərin iradəsinin qorunmasının vacibliyini vurğulayaraq siyasi əxlaq haqqında qanunun qəbuluna çağırış edib.

Arasın başqa siyasi partiyaya keçə biləcəyi barədə ehtimallar səsləndirilsə də, o, hələlik fəaliyyətini müstəqil davam etdirəcəyini açıqlayıb.

Deputatın ailəsi ətrafında böyük qalmaqal – Milyonlarla avronun izi araşdırılır

Türkiyənin siyasi gündəmini silkələyən digər hadisə isə millət vəkili Mustafa Sarıgülün ailəsi ilə bağlıdır.

İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində böyük məbləğdə vəsaitlərin mənşəyi və müxtəlif şirkətlər vasitəsilə həyata keçirilmiş maliyyə əməliyyatları araşdırılır.

Məlumata görə, istintaqa Almaniya vətəndaşları olan iki şəxsin şikayəti əsasında başlanılıb. Onlar Türkiyədə və xaricdə yaradılmış şirkətlər vasitəsilə mənşəyi məlum olmayan böyük məbləğdə pulların leqallaşdırılması ilə bağlı iddialar irəli sürüblər.

Araşdırmada Sarıgülün keçmiş həyat yoldaşı, siyasətçi Aylin Kotilin və oğulları Ömer və Emir Sarıgülün adları çəkilir.

Türkiyə mediası Aylin Kotil və Ömer Sarıgülün saxlanıldığını, Emir Sarıgül barəsində isə saxlanılma qərarı verildiyini bildirib. İstintaq çərçivəsində jurnalist Murat Ağırel də saxlanılıb.

Hadisənin ən çox müzakirə olunan tərəfi isə Emir Sarıgülün atasına məxsus Ankaradakı deputat mənzilinə sığındığı və polisin həmin evi mühasirəyə aldığı barədə yayılan məlumatlardır.

Mustafa Sarıgül bu iddiaları rədd edib. O, İstanbulda öz evində olduğunu bildirərək hüquq-mühafizə orqanlarından gizlənmədiyini vurğulayıb.

Millət vəkili oğlunun yaxın zamanda polisə və prokurorluğa gedərək bütün həqiqətləri danışacağına inandığını söyləyib.

Sarıgül ailəsinin gizlədəcəyi heç nə olmadığını bəyan edib. O, həmçinin bəzi maliyyə sənədlərinin süni intellekt vasitəsilə saxtalaşdırıldığını iddia edərək bunu edənlərin qanun qarşısında cavab verəcəyini bildirib.

Siyasətçi daha əvvəl yaydığı açıqlamada hadisənin əslində kommersiya mübahisəsi olduğunu, qarşı tərəfin irəli sürdüyü iddiaların həqiqəti əks etdirmədiyini və təqdim olunan sənədlərin etibarlılığının şübhə doğurduğunu qeyd edib.

İstintaqda 100 milyon avroluq əməliyyat və gizli səs yazıları

Türkiyə mediasının yaydığı əlavə məlumatlara görə, istintaq materiallarında 80 milyon avroluq investisiya müqaviləsi, 100 milyon avroluq pul köçürməsi və hətta 1 milyard avroluq fond yaradılması vədi ilə bağlı iddialar yer alır.

İddialardan birinə əsasən, Emir Sarıgülə məxsus olduğu bildirilən, 32 milyon avro qiymətləndirilən sahilyanı malikanənin satışı adı altında xaricdən 100 milyon avro köçürülüb.

Bundan başqa, Mustafa Sarıgülə aid olduğu iddia edilən səs yazılarında 1 milyon avronun borc kimi rəsmiləşdirilməsi barədə danışıqların aparıldığı bildirilir.

Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) şübhəli pul köçürmələrini araşdırmaq üçün 20 nəfərlik xüsusi qrup yaratdığı da xəbər verilir.

\musavat.com

Oxunub : 124
ŞƏRH YAZ
Ad

E-mail

Şərh