Banner

Yevlax aeroportundakı başıpozuqluq – QARĞIDALI MƏSƏLƏSİ  - FOTO

Maraqlı 7 Yanvar 2025 16:41 Oxunub 596
Yevlax aeroportundakı başıpozuqluq – QARĞIDALI MƏSƏLƏSİ   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakin əmək fəaliyyətinə 1982-ci ildə Yevlax aviadəstəsində An-2 təyyarəsinin ikinci pilotu kimi başlayıb. 
Sovet ordusunun balansında olan Yevlax aerodromu ötən əsrin 30-cu illərində inşa edilib. Hərbi aerodrom olsa da, buradan mülki məqsədlər üçün də istifadə olunub. İkinci dünya müharibəsi zamanı burada Qızıl Ordu üçün hərbi pilotlar yetişdirilib. 

Avtosfer.az xəbər verir ki, sovet vaxtı bu aerodrom 1930-60-cı illərdə Bakıya, Şəki və Zaqatalaya mülki uçuşların həyata keçirilməsi üçün geniş istifadə edilib. Sonradan Zaqatala ilə dəmir yolu əlaqəsinin qurulması, avtomobil və avtobus parkının genişlənməsi nəticəsində bahalı aviadaşımalar dayandırıldı. Sovet dövrünə aid məxfi (indi açıq informasiya) sənədlərdə bu aeroportun pilotlarının iştirakı ilə baş vermiş qəzalar barədə məlumatlar yer alır. Bu məlumatlar həm də Yevlax aviadəstəsində 30-50-ci illərdə hökm sürən intizamsızlığı da göstərir. 

Arxiv materiallarına görə, Yevlax aviadəstəsinin pilotlarının iştirakı ilə ilk ölümcül qəza 9 aprel 1938-ci ilıdə qeydə alınıb. Yevlax-Şəki-Zaqatala reysini həyata keçirən PS-9 təyyarəsi (istehsal ili 1934) saat 06.35-də Şəkinin Cəfərabad kəndi yaxınlığında qəzaya uğrayıb. İstintaq materiallarına görə, qarşıda duman olduğunu görən pilot Yevlağa qayıtmaq üçün geri dönüş edib. Amma tərslikdən artıq Yevlax yolu da dumana bürünmüşdü. Belə olan vəziyyətdə yüksəklik yığmaq istəyən pilot dağa çırpılaraq alışıb.

Pilot, bortmexanik və sərnişin də daxil olmaqla 3 nəfər ölüb. Hadisə Şəki şəhərindən təxminən 20 km cənubda qeydə alınıb. 
İstintaq eyni zamanda uçuş normalarının pozulduğunu aşkara çıxarıb. 

Məlum olub ki, təyyarə havaya qalxmazdan əvvəl hava məlumatları alınmayıb. Uçuş isə qayda pozuntuları ilə icra olunub. Təyyarəyə normadan 250 kiloqram çox yükləndiyi üçün  yüksəklik yığa bilməyib.

Arxiv sənədlərində yer alan daha bir qəza da aprel ayında baş verib. 29 aprel 1941-ci ildə səhər saatlarında uçuş üçün sükan yoluna daxil olan P-5 təyyarəsinin şasisi və lonjeronları naməlum səbəblərdən sınıb. Ehtimal olunur ki, sınmaya səbəb istehsal qüsuru və ya texniki qulluğun qənaətbəxş olmamasıdır. Pilot yüngül xəsarətlə xilas ola bilib. 

21 sentyabr 1945-ci ildə baş verən qəza isə Yevlax aerodromunda hökm sürən intizamsızlığı aşkar surətdə ortaya qoyur. Artıq müharibə başa çatsa da, aerodromların işi yüngülləşməmişdi. Müharibədən çıxmış ölkədə bütün diqqət iqtisadiyyatın bərpasına yönəldiyi üçün mülki həyatda iş qızğın gedirdi. Təbii ki, aviasiya da bu sahədə geri qala bilməzdi. Mülki uçuşlar intesivləşmişdi. Həmin dövrdə aviasiya ucqar rayonlar üçün çox zaman yeganə əlaqə vasitəsi idi.

Beləliklə, Yevlax-Zaqatala-Yevlax reysini yerinə yetirən AP (Aeropıl) təyyarəsi saat 10.45-də 2 sərnişinlə Zaqatalaya enir. Uçuş zamanı heç bir ştatdankənar hal baş vermir. Saat 11.50-də pilot bir sərnişin (Moskva hərbi aviasiya məktəbinin kursantı) və 109 kiloqram yüklə geri qayıtmaq üçün havaya qalxır. Uçuş vaxtı sərnişinin xahişi ilə pilot Əyriçay yaxınlığında toplaşan kolxozçuların üstünə şığıyır və onların başı üzərində təxminən 25 metr yüksəklikdə dövrə vurur. Bu zaman sərnişin yerdə toplaşanlara qarğıdalı atır. Bunun ardınca pilot alçaqdan uçaraq təyyarəni Bağırov adına kolxozun ferması istiqamətinə yönəldir. Lakin bu zaman o, anidən qarşısındakı ot tayasını görərək yuxarı qalxmaq istəyir. Artıq gec idi. Kəndlilərdən birinin ot tayasına çırpılan təyyarə yerə düşür. Sərnişin ölür, pilot ağır xəsarət alır. 

Pilot müstəntiqlərə hadisəni mühərrikin sıradan çıxması ilə izah etməyə çalışsa da, faydası olmur.  Başqa təyyarəyə quraşdırılan mühərrik normal işləyir.  
İstintaqın nəticəsinə kolxozçuların ifadələri də təsir edir. Onlar pilotun hərəkətini dəqiq təsvir etməklə yanaşı, kursantın atdığı qarşıdalıları da sübut kimi istintaqa təqdim edirlər. Pilota  hansı cəzanın verildiyi sənədlərdə əks olunmur.

İstintaqın gəldiyi qənaətə görə, qəzaya pilotun intizamsızlığı və aviaxuliqanlıq (müasir versiyası avtoşluq) səbəb olub. Hadisəyə gərə 211-ci aviadəstənin komandirinə töhmət verilir. Ona şəxsi heyətə qarşı daha tələbkar olmaq tapşırılır. 

Ümumiyyətlə, o dövrün sənədləri Azərbaycan SSR aerodromlarında baş vermiş qəzaları, həmçinin intizamsızlıq və səhlənkarlıq faktlarını ortaya qoyur. Lakin sovet vaxtı insanların bu kimi hallardan xəbəri olmayıb. Kimdəsə SSRİ-də təyyarə qəzası olmadığı fikri formalaşıbsa, bu ilk növbədə sovet senzorlarının “fəaliyyətinin” nəticəsidir. Sovet senzurası aviqəzalar bir yana, əhalisi 50 min nəfərdən az olan yaşayış məntəqələrində vəziyyətlə bağlı bir çox məlumatı da yaymağı qadağan edirdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh