Banner

Vətən, dövlət və millət naminə...

Xəbərlər 30 Mart 2022 12:32 Oxunub 770
Vətən, dövlət və millət naminə...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Özü də bilirdi ki, onunla planlarımız və iş fəaliyyətimiz barədə danışmalı olduğum bir çox məsələlər var. Təxminən gecə saat 3-ün yarısı idi ki, o, tədbirin keçiriləcəyi şəhərdəki məkana çatdı. Mən gecələr çox səfərlər etmişəm, edənlər də bilir ki, adətən gecə səfərinin yorğunluğunun növbəti gün büruzə vermə təhlükəsi var və buna görə də yuxudan maksimum faydalanmaq vacibdir. Amma onun tərzi məni çaşdırdı. Məni dəvət edib danışmalı olduğumuz məsələlərin həlli istiqamətində müzakirələrə başladı. Bəli-bəli, gecə saat 3-ün yarısından sonra, yəni çox önəmli və gərgin qrafikli bir Forumdan (Türk Dövlətləri Təşkilatının İkinci Diaspor Forumundan) bir neçə saat öncə. Bu, onun özünəməxsus nümunəvi tərzidir. Vətəni, Dövləti və Milləti üçün planlara və birgə fəaliyyətə verdiyi nümunəvi dəyər tərzi.

Özünəməxsusluq və peşəkarlıq

Ağır qrafikli Forum bizlər üçün Türkdilli ölkələrdən olan nümayəndə heyəti ilə keçirilən rəsmi görüşlərlə başladı. Rəsmi protokol qaydaları ilə baş tutan görüşlərdəki məsələlərin mövzularını mətbuatdan izləyə bilərsiniz. Amma mən Sizə izləyə bilmədiklərinizdən bəzisini deyim. Xüsusi diqqətimi çəkən məqam Fuad Muradovla üzbəüz oturan hər bir xarici nümayəndə heyəti rəhbərlərinin onun yüksək peşəkarlığını və təcrübəsini ilk dəqiqələrdən hiss etmələri idi. Bəzi nümayəndə heyətləri rəhbərləri o danışdıqca köməkçiləri ilə yanaşı özləri də qeydlər edirdi. Fuad müəllim də bütün bunların hamısını görüb bəzən yavaş-yavaş danışmağa başlayırdı ki, onlar yaza bilsinlər (ya da fotoqrafa bir az fasilə verməyi, oturmağı təklif edirdi). Nümayəndə heyətlərindən ondan strukturun təşkilindəki etdiyi yenilikləri xahiş edib istəyənlər də oldu.

Hə, bir də bəzi nümayəndə heyətinin rəhbərləri onun indi nə yeni təklif irəli sürəcəyini gözləyirdi ki, həmin an o təklifi birgə icra etmələrini xahiş etsinlər.

 

 

Jurnalist sualı

Jurnalist xanım Fuad müəllimdən ilk dəfə belə konseptdə müsahibə alırdı. Onunla eyni zamanda Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbəri Abdullah Erendən də müsahibə alırdı. Söhbətin rəsmilikdən daha çox səmimiliyə üz tutduğu bir məqamda xanım jurnalist çox peşəkarcasına yerində bir məqama toxundu və üzünü komitə sədrinə tutub:

- Görünən odur ki, Fuad müəllim dayanmır, o, fasiləsiz işləyir.

Bu fikir yuxarıda onun özünəməxsus nümunəvi tərzi ilə bağlı dediklərimin təsdiqi kimi mənə çox xoş təsir bağışladı.

Məhsuldar nəticələr

Axşam tədbirdən sonra qısa yürüş etdik, sonda onunla olan söhbətimizin ümumi nəticəsini məhsuldar qiymətləndirdim, o da təsdiqlədi. Vətən, Dövlət və Millət üçün göstəriləcək birgə fəaliyyət istiqaməti və konkret planlar insanı həm qürurlandırır, həm də həyat eşqini artırır.

Fuad müəllim bir daha göstərdi ki, o, fərqlidir. Şərəfli Vətən sevgisi üzərində qurulan keyfiyyətlərə malik və o keyfiyyətləri təbliğ edəcək qədər fərqli.

Uğurlar, ancaq uğurlar, dayanmadan çalışan adam! Növbəti görüşə qədər…

 

Nuran Abdullayev,
Almaniyanın Köln Universitetinin tibb elmləri doktoru, 

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, 

Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədri

ŞƏRH YAZ
Ad

E-mail

Şərh