Banner

Zəngəzur dəhlizinin açılması: Rusiya xarici işlər nazirinin müavini “vahid paket”dən danışdı

Xəbərlər 3 Yanvar 2022 12:47 Oxunub 1384
Zəngəzur dəhlizinin açılması:  Rusiya xarici işlər nazirinin müavini “vahid paket”dən danışdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası üzrə işlər çərçivəsində birgə infrastruktur təşəbbüslərinin parametrlərinin işlənib hazırlanması haqda danışıb.

“İlk növbədə mən bunu qeyd etmək istəyirəm ki, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üzrə işlərin ən başlıca istiqamətlərindən biridir. Mahiyyətcə, söhbət hər iki ölkənin dinc yanaşı yaşamadan konkret praktiki fayda əldə etmək imkanlarından gedir. Rusiya bu prosesin bilavasitə iştirakçısıdır”,-nazir müavini bildirib.

Rudenko xatırladıb ki, 2021-ci ilin yanvarında Moskvada keçirilən üçtərəfli görüşdə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrliyi altında işçi qrup yaradılıb.

“Bu mexanizm çərçivəsində regionda həm dəmir yol, həm avtomobil yolunun açılması üçün mühüm hazırlıq işləri görülüb. Hazırda vahid “paket” üzərində “şlifovka” işləri gedir. Belə yanaşma qəbul edilən qərarların dayanıqlığını təmn edəcək”,-Rudenko qeyd edib.

Xatırladaq ki, ötən il noyabrın 26-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Soçidə baş tutmuş üçtərəfli görüşündə Zəngəzur dəhlizinin dəmir yol hissəsinin açılmasına dair praktiki razılaşma əldə edilmişdi. Ermənistan artıq bu dəmir yolunun öz ərazisindən keçən hissəsinin bərpası üçün hazırlıq işlərinə başlayıb, Azərbaycanda isə Horadiz-Ağbənd dəmir yolunun bərpası işləri hələ hərbi əməliyyatların başa çatmasından qısa zaman sonra başlamışdı. Və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.

Naxçıvana Azərbaycandan avtomobil yolunun açılması məsələsində isə hələlik qeyri-müəyyənlik qalır. Ən başlıcası, bu yolun marşrutu məlum deyil. Ermənistan tərəfi bir neçə ay əvvəl bildirmişdi ki, Naxçıvana quru yolunun Laçın-Gorus marşrutunu təklif edir. Hansı ki, bu yolla Naxçıvanın Şahbuz rayonunun Biçənək rayonuna çıxmaq mümkündür. Bu marşrut İran sərhədi boyu uzanan və dəmir yoluna paralel marşrutdan xeyli uzaqdır, ona görə də iqtisadi baxımdan əhəmiyyətli azalır. Lakin məlum olanı budur ki, Zəngəzur dəhlizinin bir hissəsi kimi Naxçıvana, oradan isə Türkiyəyə birləşəcək quru yolunun açılması məsələsinə də erməni tərəfinin bu və ya digər formada razılıq verməsi qaçılmaz olacaq.

İndi isə Rusiya xarici işlər nazirinin müavini “vahid paket” barədə danışır və bu paketə çox güman ki, Naxçıvana dəmir yolunun açılması ilə eyni vaxtda Azərbaycan üzərindən Ermənistana dəmir yol əlaqəsinin də bərpası daxildir. Bu dəmir yolu isə həm də Rusiyanın Ermənistanla birbaşa quru əlaqəsini təmin edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh