Bakıda “28 Mall”un qarşısındakı təhlükəsizlik adacığında “kiosk” sahibi gül satdırır – FOTO

Uzun müddətdir paytaxtdakı bəzi köşklərin səkiləri qanunsuz şəkildə özəlləşdirmələri ilə bağlı xəbər dərc edirik. Nəticədə, həmin “kiosk”lar ya cərimələnir, ya da səki zəbtlərinin qarşısı alınır. Bu məsələlər təkcə səki zəbti, yaxud təhlükəsizlik adacığının zəbti kimi qeydə alınmamalıdır. Sahibkarların belə fəaliyyətlərinin nəticələri hətta ağır ola bilər. Bildiyimiz kimi, motor həcmi 50 kubmetrdən aşağı olan nəqliyyat vasitələri bug ün ölkəmizdə müxtəlif çatdırılma şirkətləri ilə əməkdaşlıq edir. Moped, skuter və velosipedlərlə bağlı bu gün qanunvericilikdə sərt qaydalar olmasa da, yol polisi bu məsələni xüsusi diqqətdə saxlayır. Buna baxmayraq, həmin nəqliyyat vasitələrinin istifadəçiləri hələ də qaydaları pozmaqda davam edir. Onlar yolun kənarlarında boşluq yaranan kimi nəqliyyat vasitələrini dar yerlərdən keçirməyə, bəzən də səki ilə sürməyə çalışırlar. Yolun kənarına, səkiyə düzülən hansısa əşya, satış və reklam məqsədli, parklama yeri tutmaq və abadlıq işi görmək üçün vasitələr bu şəxslərin ölümünə gətirib çıxara bilər.
Avtosfer.az xəbər verir ki, belə ərazilərdən biri də Bakının Nəsimi rayonu Azadlıq prospektindəki köşkün önüdür. Qeyd edilən hissədə, yəni "28 Mall"la üzbəüz köşk artıq səkini zəbt etməklə də yetinməyib.
Belə ki, sahibkar köşkün ətrafına soyuducuları səkini zəbt edəcək şəkildə düzməklə yanaşı, üstəlik artıq yolu da zəbt etməyə başlayıb. Rayonun Azadlıq prospekti, “28 Mall”un qarşısındakı bu köşkün sahibi 14 nömrəli marşrut avtbusunun yolunun tam üstündə - təhlükəsizlik adacağında gül satır.
Köşklə bağlı ötən həftələrdə də soyuducularının vətəndaşların hərəkətinə maneə yaratdığı ilə bağlı xəbər dərc etmişdik. Bu gün isə həmin köşk artıq qanunsuz səki zəbti fəaliyyətini daha da genişləndirib. Qeyd edilən hissədən isə yaxınlıqdakı "28 May" Nəqliyyat Mübadilə Mərkəzindən hərəkətə başlayan avtobuslar keçir. Məhz həmin hissədəki işıqfor mübadilə mrəkəzindən gələn avtobuslar üçün quraşdırılıb, bununla yanaşı qadının gül satdığı yerdən velosiped zolağı da salınıb. Bütün qeyd edilənlərə baxmayaraq, qadının ərazidə gül satması şəhər sakinlərinin haqlı narazılığına səbəb olub.
Bu məsələlər bazar iqtisadiyyatı mühitində qanunvericilik yolu ilə öz həllini tapmaqla yanaşı aidiyyəti qurumların öz fəaliyyətlərinin ya ümumiyyətlə yerinə yetirməməsi, ya da yarımçıq yerinə yetirməsi ilə əlaqədardır. Burada icra hakimiyyətini də müəyyən məsuliyyəti var. Belə ki, icra hakimiyyəti öz fəaliyyətinui düzgün yerinə yetirsə, küçələrdə səyyar fəaliyyət göstərən hansısa fərd ola bilməz. Ölkəmizin qanunverciliyinə əsasən, xidmət sektorunda çalışan, hansısa əşyanın və qidanın satışı ilə məşğul olub gəlir əldə edən şəxslər kiçik sahibkar, vergi ödəyicisi kimi qeydiyyata düşməli və bundan sonra öz fəaliyyətini davam etdirməlidir. Bu mövzu həm də bizim kioskları da əhatə etməlidir. Bu gün ölkəmizdə kifayət qədər satış köşkləri var ki, demək olar ki, hər birinin VÖEN-i yoxdur. Satdığı məhsulları el arasında “optavoy” adlandırılan topdan satış məntəqələrindən əldə edən belə şəxslər eyni zamanda vətəndaşlara da maddi ziyan vurur. VÖEN-i olan kiosk sahibləri isə satdığı məhsulları daha aşağı qiymətə əldə edib vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən obyekt sahibləri ilə eyni qiymətə satmaq kimi düşüncələri var. Onlar bir çox su, qida və siqaret firmaları ilə müqavilələr imzalayır və həmin firmalardan köşkdə satmaq üçün gündəmdə olan məhsulları alır. Daha sonra həmin məhsullara qanunvericilikdə nəzərdə tutulan qədər faiz qoymaq yerinə, rəqabət apardıqları köşklərlə eyni qiyməti qoyur. Bu isə bəzən 30-40%-dən çox gəlir deməkdir. Müqaviləli məhsullarla yanaşı bir də müqavilə bağlanmadan alınan məhsullar var. Bu məhsullar topdan satış məntəqələrindən çox asanlıqla, şirkətlərin satış qiymətindən çox az miqdarda baha məbləğə alına bilir. Bunlar daha çox İran istehsalı qidalar, qaçaqmal yolu ilə ölkəyə gətirilən siqaretlər, istehsal mühiti və tərkibi məlum olmayan şirin və qazlı içkilərdir. Qeyd edilən malların topdan satış məntəqələrindən alışı üçün isə heç bir müqavilə tələb olunmur. Az məbləğdə pulunuz varsa, rahatlıqla həmin məntəqələrdən məhsul ala bilirsiz. Satışdan sonra sizə həmin topdan satış məntəqəsinin “operatoru” tərəfindən tərtib olunan və imzalanan balaca qaimə verilir. Bu qaimə əsasında siz sabah məhsullarınızı geri qaytara bilirsiniz.
Köşklərin yanında, onun divarlarına bitişik fəaliyyət göstərən fərdi şəxslər isə müxtəlif üsullarla ya səkini zəbt edir, ya da “28 Mall”ın qarşısındakı gül satan xanım kimi, məhsulunu təhlükəsizlik adacığının ortasında satmaq qərarına gəlir. Bir çox hallarda köşklərin qarşısında ya onlarla ortaq, ya da onlardan ayrı fəaliyyət göstərən dondurma soyuducularını da görə bilərsiz. Bu formada fəaliyyət göstərən dondurma satıcılarının fəaliyyəti əslində səyyar satış hesab olunur. Ölkə ərazisində fəaliyyət göstərən bütün köşklər birmənalı olaraq yerləşdiyi ərazinin icra hakimiyyətinə tabe olur. İcra hakimiyyətləri isə həmin köşklərdən aybaay ya ödəniş alır, ya da köşkü birbaşa vətəndaşın özünə satır və gəlirdən pay götürür. Sumqayıt şəhərində bu məsələ aybaay ödənişlə həll olunur. Üstəlik, hər bir köşkün aylıq ödəniş qiymətləri köşkün yerləşdiyi nöqtəyə görə dəyişir. Məsələn, Sumqayıtda avtovağzala yaxın yerləşən köşklərin aylıq qiymətləri 1200-1500 manat arası dəyişir. Bu onunla əlaqədardır ki, həmin köşklərin müştərilərinin çox olma ehtimalı daha yüksəkdir, yəni qazancı çoxdur. Çünki həm yaxınlıqda taksi duracağı var, həm də avtovağzaldan bölgələrə və paytaxtda gedən vətəndaşlar 24 saat fəaliyyət göstərən bu köşklərdən nələrsə ala bilir. Şəhərin bazarına yaxın ərazilərdəki köşklərinin aylıq ödəniş qiymətləri isə 700 manatdan başlayır. Sumqayıt Dövlət Universitetinin qarşısındakı köşkün icra hakimiyyəti tərəfindən qoyulan aylıq ödəniş qiyməti isə 1000 manatdır. Bu qiymətlər təkcə yerləşmə məkanına görə deyil, həm də fəsilə görə dəyişə bilir. İcra hakimiyyəti qış aylarında alverin aşağı düşdüyünü fikirləşib köşk sahiblərinə “humanist davranış” da sərgiləyir. Aylıq ödəniş qiymətlərinə 200-300 manat məbləğində güzəştlər də edilir.
.jpg)
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Səfər














