Dəmir yollarında təhlükəsizliyi artırmaq üçün hansı beynəlxalq təcrübədən istifadə mümkündür? - EKSPERT

Öyrənək 18 Sentyabr 2026 13:30
Dəmir yollarında təhlükəsizliyi artırmaq üçün hansı beynəlxalq təcrübədən istifadə mümkündür? - EKSPERT
WhatsApp kanalımıza abunə olun

Dəmir yollarında təhlükəsizliyin təmin olunması həm ənənəvi tədbirlərin, həm də müasir texnologiyaların tətbiqini tələb edir. Dünyanın müxtəlif ölkələrində qatarların hərəkətinə nəzarət, texniki nasazlıqların əvvəlcədən aşkarlanması və insan faktorundan yaranan risklərin minimuma endirilməsi üçün müxtəlif sistemlərdən istifadə olunur. Azərbaycanda da beynəlxalq təcrübənin tətbiqi və yeni texnologiyaların imkanlarından yararlanmaq dəmir yolu təhlükəsizliyinin artırılmasına töhfə verə bilər.

Bəs dəmir yollarında təhlükəsizliyi artırmaq üçün beynəlxalq təcrübədən necə istifadə etmək olar və müasir texnologiyalar qəza risklərini necə təsir edə bilər?
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, dəmir yolunda müasir texnologiyalarla yanaşı, ənənəvi təhlükəsizlik tədbirləri də vacibdir:

“Ənənəvi olaraq, dəmir yolu boyu yaşayış məntəqələri varsa, bu yaşayış məntəqələrinin ehtiyacını nəzərə alaraq piyada keçidlərinin, xüsusən də müəssər keçidlərin sayının artırılmasına gərək var. Həmçinin də bu piyada keçidlərinə doğru rəvan, baryersiz səkilər, işıqlı səkilər təmin olunmalıdır və dəmir yolu boyu çəpərləmə işləri görülməlidir. Eynilə bu, avtomobil yollarına da aiddir. Əgər intensiv dəmir yoludursa, burada müxtəlif səviyyəli keçidlər qurulmalıdır. Əgər intensiv hərəkət yoxdursa, şlaqbaumla idarə oluna bilər.

Heyvan keçidləri də müasir dünyada və qonşu ölkələrdə artıq ekoduklar, yəni heyvan keçidləri üçün quraşdırılır ki, heyvan miqrasiyası, onun mühiti dəyişmədən, hərəkəti təmin olunsun.

Digər müasir texnologiyalara gəldikdə, süni intellekt əsaslı sensorlu kameralar qoyulur, lokomotivin önünə və o, öndəki baryerləri, problemləri görür, sürətlə məlumatı emal eləyir və müvafiq olaraq qatarın, deyək, lokomotivin sürətini tənzimləyir, yaxud operativ saxlamasını təmin edir ki, mümkün qəzanın öncədən xəbərini ötürüb, buna müvafiq olaraq qərarvermə mexanizmi işə düşür”.

Ekspert əlavə edib ki, bəzi müasir lokomotivlərdə təkərin önündə xüsusi qurğu qurulur ki, relsə yığılmış daşları o hərəkətdə ola-ola sürəti azaldırlar və həmin qurğu özü o daşları kənara atır:

“Bunlar da hamısı, düşünürəm ki, bizdə həm ənənəvi, həm də müasir yanaşmalara gedilməlidir ki, ümumi olaraq əsas hədəf həm insanların, birinci, təhlükəsizliyidir, ikinci də dəmir yolunda fasiləsiz, təhlükəsiz, həm yük, həm sərnişin daşınmasının təmin olunmasıdır”.

Nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə isə, Azərbaycanda da fərqli beynəlxalq təcrübələrdən yararlanmaq olar:


“Yaponiya təcrübəsini qeyd eləmək olar ki, orada dəmir yolu təhlükəsizliyində əsas yanaşmalardan biri qəzanın qarşısını öncədən, necə deyərlər, proqnozlaşdırmaq, bilmək və qarşısını almaqdır.

Və orada qatarın hərəkəti xüsusi nəzarət sistemləri ilə izlənilir və texniki vəziyyətə ciddi bir nəzarət var. Onun monitorinqi daimi aparılır. Risk yarandıqda sistem, deməli, qatar sürücüsünü hətta xəbərdar edə bilir və lazım gələndə qatarın da hərəkətinə müdaxilə edə bilir.

Bizim ölkəmizdə də belə təcrübələrdən, istifadə etmək olar. İndi süni intellekt dövrüdür və bu müasir texnologiyalardan geniş istifadə olunur: sensorlar, xəbərdarlıq sistemləri, texniki diaqnostika sistemləri. Yəni, geniş tətbiq olunursa, burada insan faktorunun yaratdığı təhlükələri və həmçinin müəyyən həddə ola bilər ki, texniki nasazlıqlardan da doğan təhlükələri azaltmağa kömək eləyir.

Məsələn, qatar hərəkət edərkən hansısa şəxsin dəmir yoluna çıxması, maneə törətməsi və yaxud da ki, qatarın hərəkətinə maneə törətmək məqsədilə həmin platformaya çıxması zamanı həmin ağıllı texnologiyalar bunu öncədən görür və ya dispetçerə xəbər ötürə bilir, ya xüsusən orada mühafizə xidmətinə məlumat ötürə bilir və yaxud da ki, hətta Yaponiya təcrübəsində olduğu kimi birbaşa qatarın sürücüsünə, maşinistə də xəbər göndərə bilir ki, maşinist vaxtında dərhal müdaxilə edə bilsin”.


Eltac Zülfüqaroğlu

FOTO QALEREYA
Oxunub : 266
ŞƏRH YAZ
Ad

E-mail

Şərh