Qatarlara daş atanları hansı cəza gözləyir? - AÇIQLAMA

Son vaxtlar qatarların daşlanması ilə bağlı görüntülərin yayılması bu cür təhlükəli əməllərə görə məsuliyyət məsələsini yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, belə hallar təkcə dəmir yolu infrastrukturuna maddi zərər vurmaqla kifayətlənmir, həm də sərnişinlərin və dəmir yolu əməkdaşlarının həyatı üçün ciddi təhlükə yarada bilər. Hazırda qanunvericilikdə özgə əmlakına qəsdən ziyan vurulması və nəqliyyat vasitələrinin və ya yolların yararsız vəziyyətə salınmasına görə müxtəlif məsuliyyət tədbirləri nəzərdə tutulur.
Bəs qatarları daşlayan şəxslər üçün qanunda cərimə və cəzalar necə dəyişdirilməlidir?
Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, istənilən əmlaka fərdi, xüsusi və ya dövlət mülkiyyətinə məxsus olmasından asılı olmayaraq zərər vurulması və ya ziyan vurulması hüquq pozuntusudur və ən azından mülki məsuliyyət yaradır:

“Bəzi hallarda vurulmuş zərərin miqdarından, hansı obyektdə ziyan vurulduğundan, həmçinin hansı məqsədlə ziyan vurulduğundan və bunun hansı nəticələrə gətirib çıxardığından asılı olaraq cinayət məsuliyyəti və ya inzibati məsuliyyət də yarana bilər. Qanunvericilikdə bununla bağlı aydın məsuliyyət tədbirləri də nəzərdə tutulur.
Bunun mənəvi tərəfi də var. Xüsusilə də nəqliyyata zərər vurulmasının mənəvi tərəfi ilə bağlı çox ciddi məqamlar var. Dəmir yolunun bütün infrastrukturu – qatarlar, dəmir yolu xətləri, avadanlıqlar – dövlətin mülkiyyətidir, ictimai mülkiyyətdir, hər kəsindir və qanunla müəyyən olunmuş qaydada hər kəsin bundan yararlanması üçün nəzərdə tutulub. Buna ziyan vurulması çox təhlükəli bir yanaşmadır. Özü də dəmir yolu xətlərində hansısa bir zərərli hərəkət eləmək, qatara daş atmaq, sonra dəmir yolu relslərinin üzərinə kənar əşyalar qoyaraq bir növ ara eksperiment keçirmək və sair. Bu, həm də çox təhlükəli hərəkətdir, çünki dəmir yolunun şişi pozula bilər, qatar relsdən çıxa bilər, qatara daş atanda həmin daş böyük daş olarsa, sərnişinlər xəsarət ala bilər, qabaq pəncərələrdən atılan daş böyük daş olarsa, məsələn, maşinist zədələnə bilər və ya xəsarət ala bilər.
Ona görə də bu yanlış hərəkətlərdən çəkindirmək üçün bir sıra tədbirlər görülməlidir. Təcrübə göstərir ki, belə hərəkətləri adətən yeniyetmələr eləyirlər. Bu da çox yanlış bir yanaşmadır. Onlar bunu hansısa bir şou ehtiyaclarını ödəmək üçün, bunun nəyə gətirib çıxaracağı kimi bir yanlış düşüncə ilə edirlər. Birinci növbədə maarifləndirmə, təşviqat, hətta tərbiyə işləri görülməlidir. Bu, hər kəsə öyrədilməlidir ki, özgənin əmlakına zərər vurmaq olmaz, ümumiyyətlə, hüquq pozuntusu törətmək olmaz, qaydalara, bütün hüquq normalarına ciddi riayət eləmək lazımdır”.
Ərşad Hüseynov qeyd edib ki, belə hərəkətlər isə daha təhlükəlidir:
“Qatarların sıradan çıxmasına gətirib çıxara bilər, dəmir yolunun işində fasilə yarana bilər, insanlar xəsarət ala bilər, yüklərə, dəmir yolunda daşınan yüklərə ciddi zərər dəyə bilər, infrastruktura ciddi zərər dəyə bilər. Onun üçün də təbliğat, təşviqat, maarifləndirmə işləri görülməlidir. Təcrübə göstərir ki, sadəcə cəzalandırmaqla heç də hər şeyi həll eləmək olmur.
Həm də burada ən maraqlı məsələlərdən biri odur ki, bu işləri görənlərin bəziləri inzibati məsuliyyətə, bəziləri hətta cinayət məsuliyyətinə cəlbetmə yaşına çatmamış uşaqlardır. Belə uşaqlar barəsində tədbir görülməsi də çətin olur. Düzdür, qanunvericilikdə nəzərdə tutulub, belə uşaqlar ziyan vurduqda, məsələn, 16 yaşına çatmayan uşaqlar, ümumiyyətlə, yetkinlik yaşına çatmayan uşaqlar özgənin əmlakına zərər vurduqda, onların valideynləri də müəyyən şərtlər daxilində həmin ziyana görə məsuliyyət daşıyırlar və maddi məsuliyyət olaraq vurulmuş ziyanı ödəməlidirlər. 16 yaşından yuxarı olanlarsa, həmin şəxslər, daşıyanlar, dəmir yoluna lazımi şeylər qoyanlar heç bir problemsiz, yəni heç bir məhdudiyyətsiz inzibati məsuliyyətə cəlb oluna bilərlər.

Bunun başqa, yetkinlik yaşına çatmayanlar isə, bizim ölkəmizdə qanunvericiliyə əsasən rayon icra hakimiyyətlərinin yanında yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyalar var. Həmin komissiyalara təqdim olunmaqla, o komissiyalarda davranış araşdırılır. Əgər bu davranışın baş verməsində valideynin səhlənkarlığı varsa, valideynin yol verdiyi səhvlər varsa, onda valideyn də hətta inzibati məsuliyyətə cəlb olunur, həm də dəymiş ziyanın qarşılığını ödəmək öhdəliyi qalır valideynin üstündə.
Bax, bu da təbliğ olunmalıdır, maarifləndirmə işləri aparılmalıdır ki, ay valideynlər, uşaqların qayğıkeşləri, himayəçiləri, uşaqlara nəzarət edin, öyrədin onları ki, belə ictimai təhlükəli hərəkətlərdən çəkinsinlər. Əsas effekt budur. Çünki təcrübə göstərir ki, sadəcə cəzalandırmaqla, cərimələməklə heç də hər şeyi həll eləmək mümkün olmur”.
Hüquqşünasın fikrincə, konkret əməllərə gəldikdə isə, təcrübə göstərir ki, bu daşatma nəticəsində o qədər də, bir qayda olaraq, o qədər də böyük zərər dəymir, məsələn, hansısa bir şüşə sınar və yaxud da dəmir yolu relsində ola bilsin, birləşmələr olur, bunlar da hamısı qiymətləndirilə bilən şeylərdir, maddi dəyəri var:
“İnzibati Xətalar Məcəlləsində sırf nəqliyyata ziyan vurmaqla bağlı iki norma var. Onların vəziyyətdən asılı olaraq ikisindən biri tətbiq oluna bilər. Məsələn, İnzibati Xətalar Məcəlləsində 232-ci maddə var: 232.1-ci maddə belədir – əmlakı qəsdən məhv etmə və ya zədələmə. Məsələn, daşı atır, qatarın şüşəsini qırır, əmlakı qəsdən məhv edir və ya zədələyir. Burada mülkiyyətçinin kim olmasından asılı olmayaraq dövlət mülkiyyətidir, hansısa bir şirkətin mülkiyyətidir və yaxud da ola bilər ki, şəxsi mülkiyyətdir. Özgə mülkiyyəti zədələndisə, buna görə həmin maddə üzrə məsuliyyət yaranır.

Amma məsuliyyət belə yaranır. Əgər vurulmuş ziyanın məbləği 5000 manatı aşmırsa, 5000 manata qədərdirsə, İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsi ilə inzibati məsuliyyət yaranır. Özü də kifayət qədər sərt məsuliyyətdir, onun sanksiyası nəzərdə tutulur ki, əgər özgə əmlakına kimsə qəsdən ziyan vurubsa, həmin vurduğu ziyanın bir mislindən iki mislinə qədər cərimə oluna bilər. Yəni bu nə deməkdir? Tutaq ki, kimsə daş atdı, vaqonun bir pəncərəsini qırdı, pəncərənin də 500 manat qiyməti var idi, bunu edən adamın 16 yaşı çatıbsa, 500 manatdan 1000 manata qədər cərimə oluna bilər. Yəni bir mislindən iki mislinə qədər. Yaxud da 1000 manatlıq bir ziyan vurubsa, 1000 manatdan 2000 manata qədər cərimə oluna bilər, həmin ziyanın da qarşılığı ödənilməlidir. Dediyim kimi, yetkinlik yaşına çatan şəxs nəzərdə tutulan cəriməni özü ödəməlidir. Yetkinlik yaşına çatmayan şəxs isə müəyyən şərtlər daxilində, təbii ki, bu avtomatik deyil, müəyyən araşdırma aparılır, valideynin (himayəçinin) səhlənkarlığı, onun tərbiyədə yol verdiyi boşluqlar varsa, həmin hallarda dəymiş ziyanı valideyn ödəməlidir.
Sırf nəqliyyatla bağlı bunun da bir xüsusi tərəfi də var. Yəni, İnzibati Xətalar Məcəlləsində həm də sırf nəqliyyatın işinin pozulmasına gətirib çıxaran belə hərəkətlərə görə ayrıca məsuliyyət nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsində 351.1-ci maddə var: 351.1-ci maddə belədir – nəqliyyat vasitələrini və yolları yararsız vəziyyətə salma. Düzdür, bu daha ciddi normadır. Burada dağıtmaqla, zədələməklə, başqa üsullarla yolları, nəqliyyat vasitələrini və nəqliyyat avadanlıqlarını yararsız vəziyyətə salmadan söhbət gedir. Yararsız vəziyyətə salma o deməkdir ki, həmin vurulmuş ziyan aradan qaldırılana qədər istifadə edilə bilməyəcək. Bunu da yenə 16 yaşından yuxarı şəxslər eləyərsə, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinə qədər cərimə oluna bilərlər. Sanksiyalar oxşardır. Məsələn, dəmir yoluna 1000 manat ziyan vurubsa, həmin adam 1000 manatdan 2000 manata qədər cərimə olunacaq, üstəlik, vurduğu ziyanı da hər bir halda ödəməlidir”.
Ərşad Hüseynov bildirib ki, törədilən hadisələrin həcmi ilə əlaqədar son sanksiyalar yetərlidir:
“Sadəcə olaraq, bu sanksiyalara nəzarətdə yaxşı olmalıdır. Əsas məsələ təbliğat, təşviqat, maarifləndirmədir. Eyni zamanda həmin faktlar qeydə alınmalıdır, kim tərəfindən törədildiyi aşkar edilməlidir, məsuliyyətə cəlb etmə yaşında olan şəxs isə birbaşa məsuliyyətə cəlb olunmalıdır, yetkinlik yaşına çatmayan, məsuliyyətə cəlb edilə bilməyən şəxs isə, onların valideynləri, himayəçiləri, qayğıkeşləri müəyyən edilərək, onlar barəsində tədbir görülməlidir və yenə də vurulmuş ziyan ödənilməlidir. Burada da nəqliyyat vasitələrini və yolları yararsız vəziyyətə salma (yəni 351.1-ci maddədə) belədir ki, əgər vurulmuş ziyan 50000 manata qədərdirsə, inzibati məsuliyyət yaranır. Amma 50000 manatdan yuxarıdırsa, onda hətta cinayət məsuliyyəti yaranır. Özgənin əmlakına 5000 manata qədər ziyan vurmaq, qəsdən ziyan vurmaq inzibati məsuliyyət yaradır, 5000 manatdan yuxarı olanda cinayət məsuliyyəti yaranır. Nəqliyyat vasitələrini və yolları yararsız vəziyyətə salmaq 50000 manata qədər ziyan vuranda inzibati məsuliyyət yaranır, 50000 manatdan yuxarı olduqda isə cinayət məsuliyyəti yaranır.
Bunu qeydə alıb tətbiq eləmək lazımdır, həm də dediyim kimi, maarifləndirmə işləri görmək lazımdır ki, bunun qarşısı alınsın. Düşünürəm ki, sanksiyalar yetərlidir, həmin sanksiyalar öz təsirini göstərə bilər, sadəcə bundan doğru, düzgün və operativ mübarizə aparılmalıdır.
Milli Məclisin deputatı Arzuxan Əlizadə isə bildirib ki, dəmir yolu infrastrukturuna və hərəkətdə olan qatarlara daş atılması, relslərin üzərinə yad cisimlərin qoyulması kimi hallar yolverilməzdir və ciddi təhlükə yaradır:

“Bu cür davranışlar ilk növbədə sərnişinlərin və dəmir yolu əməkdaşlarının həyatını riskə atır, eyni zamanda qatarların hərəkətində problemlərə, texniki zədələrə və maddi itkilərə səbəb ola bilər. Xüsusilə azyaşlıların belə hərəkətlərə yol verməsi məsələyə daha həssas yanaşmağı və profilaktik tədbirləri gücləndirməyi tələb edir.
Burada əsas istiqamətlərdən biri uşaqların və yeniyetmələrin maarifləndirilməsidir. Məktəblərdə, xüsusilə də dəmir yolu xətlərinə yaxın ərazilərdə yerləşən təhsil müəssisələrində təhlükəsizlik qaydaları ilə bağlı mütəmadi maarifləndirici görüşlər keçirilməli, uşaqlara belə əməllərin sadəcə “oyun” və ya zarafat olmadığı, ağır nəticələrə səbəb ola biləcəyi izah edilməlidir. Bu prosesə valideynlərin də cəlb olunması vacibdir. Eyni zamanda sosial şəbəkələr və kütləvi informasiya vasitələri üzərindən real təhlükələri göstərən maarifləndirici kampaniyaların keçirilməsi də effektiv nəticə verə bilər”.
Deputat son olaraq qeyd edib ki, digər tərəfdən, dəmir yolu ərazilərində təhlükəsizlik tədbirləri, müşahidə kameralarının sayı və texniki nəzarət imkanları artırılmalıdır:
“Riskli ərazilər müəyyən edilməli, həmin zonalarda nəzarət və xəbərdarlıq mexanizmləri gücləndirilməlidir. Əlbəttə, belə halların qarşısının alınmasında hüquqi məsuliyyət də mühüm rol oynayır, lakin məqsəd yalnız cəzalandırmaq deyil, bu təhlükəli davranışların ümumiyyətlə baş verməsinin qarşısını almaq olmalıdır. Təhlükəsiz dəmir yolu sistemi üçün dövlət qurumları, təhsil müəssisələri, valideynlər və cəmiyyət birlikdə məsuliyyət daşıyır”.

Azərbaycan Dəmir Yolları QSC-dən Avtosfer.az-a verilən məlumatda bildirilib ki, 2026-cı ilin 6 ayı ərzində Azərbaycan Dəmir Yollarnın (ADY) hərəkətdə olan sərnişin qatarlarına daş atılması, qatarların qarşısına heyvan çıxması, relslərin üzərinə kənar əşya qoyulması və digər hadisələr zamanı dəmir yolu nəqliyyatına ziyan dəyməsi ilə nəticələnən 12 hadisə qeydə alınıb:
“Bu kimi hadisələr nəticəsində dəymiş ziyanın məbləği 18 min manat müəyyənləşdirilib.
Qeyd edək ki, sərnişinlərin, eləcə də dəmir yolu infrastrukturu ətrafında yaşayan insanların təhlükəsizliyi ADY üçün prioritetdir. Bu məqsədlə mütəmadi maarifləndirmə tədbirləri, xüsusilə təhsil müəssisələrində görüşlər keçirilir, keçidlərdə infrastrukturun təkmilləşdirilməsi və yol nişanlarının yenilənməsi istiqamətində işlər davam etdirilir, həmçinin Abşeron dairəvi dəmir yolu marşrutu və Kürdəmir sahəsində 100 min metr uzunluğunda çəpərləmələr həyata keçirilib”.
Eltac Zülfüqaroğlu
Sentyabr ayında qəzalarda ölənlərin sayı bu səbəblərə görə artıb – EKSPERT - VİDEO
Yaşıl işıqda dönən sürücüyə cərimə yazıla bilər? – İZAH – VİDEO
Sağ zolaqda bu hərəkətə görə cərimə yazılır? – Qanun nə deyir – VİDEO
Məktəb həyəcanı başlayır: Bu şəxslər cərimələnə bilər - DETALLAR
Sürücülərin qəza riskini artıran düşüncə tərzi budur – XƏBƏRDARLIQ - VİDEO
Maşının qapısının açılmasına görə baş verən qəzalarda kim məsuliyyət daşıyır? – AÇIQLAMA
Bu düşüncə həm sürücüləri, həm də piyadaları təhlükəyə atır – XƏBƏRDARLIQ - VİDEO
İriqabaritli maşınlarla paralel döngəyə girməyin – MÜTƏXƏSSİS – VİDEO
Bu hallarda maşın cərimə meydançasına aparılır - Sürücülərə XƏBƏRDARLIQ
Sol zolaqda gedən avtomobili sağdan keçmək olarmı? – İZAH - VİDEO
Tuneldə bu qaydanı pozan sürücülər cərimələnə bilər – XƏBƏRDARLIQ - VİDEO










