Duracaqdakı avtomobilə sonradan dəymiş zərəri kim qarşılamalıdır? – ƏRŞAD HÜSEYNOV AÇIQLADI - FOTO

Son dövrlər müəyyən yol hərəkəti qaydalarını pozan avtomobillərin evakuator vasitəsilə duracağa aparılması halları artmaqdadır. Bunun bir sıra səbəbləri ortaya çıxır. Ya nəqliyyat vasitəsinin konstruksiyasına edilən müdaxilələr, ya sürücünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması, ya da ki, baş verən qəzalarda əsl səbəblərin məlum olması. Hansısa kiçik hadisə zamanı yol nəqliyyat vasitəsi idarəçilərinin spirtli içkinin, yaxud psixotrop maddənin təsiri altında olması faktı ortaya çıxırsa, sürücü təkcə inzibati xəta törətmiş olmur, bu zaman şəxslə əlaqəli cinayət işi də açıla bilir. Ehtimallar isə onu göstərir ki, spirtli içki və psixotrop maddənin təsiri altında avtomobil idarə edən şəxslər bu halda daha çox ağır nəticələnən qəzalar törədirlər. Yol polisi isə yaranan vəziyyəti nəzərə alaraq nəqliyyat vasitəsini cərimə meydançasına aparır.
Avtosfer.az xəbər verir ki, bu proses zamanı bəzi sürücülər avtomobillərinə zərər dəydiyini bildirərək narazılıq edirlər. Ən çox müzakirə olunan məqam isə odur ki, yol boyu və ya duracaqda avtomobilə dəymiş ziyana görə məsuliyyəti kim daşıyır – evakuator xidməti, duracaq sahibi, yoxsa dövlət qurumları?
Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynov saytımıza açıqlamasında bildirib ki, nəqliyyat vasitəsinin duracağa aparılması zamanı yaranan zərərə görə məsuliyyət daşıyan tərəf vəziyyətdən asılı olaraq dəyişə bilər:
“Əgər nəqliyyat vasitəsi öz hərəkəti ilə, yəni sürülərək duracağa aparılırsa, sükan arxasında olan şəxs – istər sahib, istərsə də polis əməkdaşı olsun – bütün nəticələrə görə məsuliyyət daşıyır. Yəni avtomobili sahibi özü aparırsa, zərər halında məsuliyyət ona, polis aparırsa, məsuliyyət dövlət qurumuna aid olur. Lakin avtomobil evakuator vasitəsilə daşınırsa, bu zaman məsuliyyət daşıyan tərəflər dəyişir”.
Ərşad Hüseynov bildirir ki, yüklənmiş avtomobil artıq “yük” sayıldığı üçün, bu yükün daşınması zamanı baş verən hər hansı zərərə görə evakuatorun sürücüsü və daşımaya cavabdeh qurum məsuliyyət daşıyır.
Bu halda da məsuliyyətin konkret kimə aid olduğunu müəyyənləşdirmək üçün hadisənin səbəbi və təqsirkar tərəf araşdırılmalıdır. Yol-nəqliyyat hadisəsi zamanı zərər dəymiş avtomobilin sahibi təqsirsizdirsə, ziyan təqsirkar tərəf tərəfindən qarşılanmalıdır. Əgər hadisə zamanı avtomobil icbari sığorta ilə təmin olunubsa, zərər sığorta şirkəti tərəfindən ödənilə bilər.
Duracaqda saxlanılan avtomobillərlə bağlı məsuliyyətə də toxunan Ərşad Hüseynov bildirir ki, bu məsələ həm Mülki Məcəllə, həm də Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.
“Avtomobil duracağa təhvil verildikdən sonra onun təhlükəsizliyinə və toxunulmazlığına görə artıq duracağın sahibi məsuliyyət daşıyır. Zərərin sübut olunması üçünsə bir sıra prosedurlar var. Hadisə yerində zədə qeydə alınmalı və Dövlət Yol Polisi tərəfindən sənədləşdirilməli və avtomobilin vəziyyəti ixtisaslaşmış servis tərəfindən qiymətləndirilməlidir. Bu prosedurlar nəticəsində təqsirkar şəxs müəyyən edilə və ondan ziyanın ödənilməsi qanun çərçivəsində tələb oluna bilər”.
Hüquqşünasın qeydləri ilə yanaşı bir də ölkəmiz üçün uğurlu hesab oluna bilən xaric nümunələri də var. Məsələn, qardaş Türkiyədə bu məsələ tamamilə fərqli formada öz həllini tapır. Belə ki, evakuatorla daşınan avtomobilə kiçik bir cızıq düşdükdə, yaxud evakuatorun özü belə qəzaya düşəndə daşınan avtomobilə hansısa zərər dəydikdə bu zaman daşıma barədə əmri verən qurum, yəni yol polisi məsuliyyət daşıyır. Bu barədə qanunda belə izah edilir ki, daşıma barədə əmri verən qurum vətəndaşın daşınabilən əmlakı ilə bağlı bütün təhlükəsizlik tədbirlərini tam təmin etməlidir. Hansısa xəta ucbatından daşınan avtomobil daşıma zamanı daşıyıcı nəqliyyat vasitəsinin üzərindən sürüşərsə, aşarsa, bu zaman avtomobilə hansısa zərər dəyərsə məsuliyyət daşıma əmrini verən qurumun üzərinə düşür. Bunun üçün isə yenə də avtomobilin daşıma zamanı, yaxud cərimə meydançasında olduğu vaxtda zərər görməsi ilə bağlı sübutlar mütləq şəkildə quruma təqdim edilməlidir. Əks halda isə qurum məsuliyyəti öz üzərindən ata bilər.
İsveçdə kimi sərt qanunları və əhalinin komfortunu düşünən ölkədə isə vəziyyət tamamilə fərqlidir. Bu ona görədir ki, İsveçdə istər özəl fəaliyyət göstərən sahibkarlıq subyektləri və şirkətlər, istərsə də dövlətin tabeliyində olan qurum və təşkilatlar üçün tam dəqiq, həm hazırkı dövrü, həm də gələcəyi düşünərək hesablanmış qanun və qərarlar var. Məsələn, İsveçrədə avtomobilə istər evakuatorla daşınan zaman, istərsə də cərimə meydançasında olduğu vaxtda hansısa zərər dəyərsə, bu zaman nə yükü daşıyan şirkət, nə də dövlət qurumu məsuliyyət daşımır. Bütün məsuliyyət yalnız vətəndaşın müqavilə bağladığı sığorta şirkətinin üzərinə düşür. Bunun səbəbi isə İsveçdə sığorta şirkətlərinə tələb edilən illik ödənişlərin yüksək olmasıdır. Azərbaycanda avtomobil sığortası üçün illik ödənişin həcmi 50-100 manat arası dəyişir və hansısa qəza baş verdiyi zaman dəymiş zərər 5000 manatdan yüksək olduğu zaman ödənişin həmin 5000 manatdan yuxarı hissəsini sığorta şirkətləri qarşılamır. Ümumilikdə isə sığorta şirkətləri vətəndanş və avtomobilə dəymiş zərərə görə, xəsarətə görə 55000 manatdan yuxarı ödəniş etmir. İsveçdə isə illik sığorta ödənişi 600 avrodan başlayır. Sığorta şirkətlərinin fəaliyyəti istiqamətində müəyyən sərbəstlik olduğu üçün hər bir şirkətin də özünəməxsus ödəniş tələbi ola bilir. Burada ən aşağı qiymət 600 avro olsa da, bəzi sığorta şirkətlərinin illik ödəniş məbləği 7500-9000 avro aralığında dəyişə bilir. Digər tərəfdən, İsveçdə vətəndaşların hər birinin həyat sığortası da var. Bu da avtomobil sığortalayan şirkətlərin də məsuliyyətini qismən azaldır. Vətəndaş öz həyatını sığortaladığı üçün Azərbaycandakı kimi avtomobil sığorta şirkəti əlavə olaraq 50000 manat axtarmalı olmur. Sığorta şirkətlərinin illik ödənişlərinin yüksək olması, eləcə də onların fəaliyyət sərbəstliyi avtomobilin evakuatorla daşınması, yaxud cərimə meydançasında olduğu zaman onun zədələnməsi və ya aşması halında dəymiş zərəri tamamilə qarşılamasına gətirib çıxarır. Bu baxımdan, mütəxəssislərin də fikrincə, ölkəmizdə də sığorta şirkətlərinin fəaliyyəti üçün müəyyən sərbəstliyin təqdim olunması, eləcə də buradakı qanunvericiliyin ölkəmiz üçün uğurlu nümunə olaraq seçilməsi, özünün müsbət təsirlərini göstərəcək.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" layihəsi çərçivəsində hazırlanmışdır. Bu məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Müəllif: Fidan Məmmədova



Fidan














