Aktauda qəzaya uğrayan təyyarə ilə bağlı xarici media nə yazır?
Dekabrın 25-də Azərbaycanın "Embraer-190" təyyarəsi Aktau hava limanında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər ölüb. Fəlakətdən dərhal sonra faciəyə nəyin səbəb olduğu ilə bağlı bir neçə versiya səsləndirilib.
Avtosfer.az xarici medianın Aktauda baş verən təyyarə qəzasına necə reaksiya verdiyini və hadisələrin hansı versiyalarını təqdim etdiyini diqqətinizə çatdırır:
"Euronews": "Rusiya təyyarəni səhvən vurub"
"Euronews" Azərbaycan hökumətindəki mənbələrə istinadən yazır ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb.
BBC: "Bu, hava hücumundan müdafiə raketinə çox bənzəyir"
BBC İngiltərədən olan aviasiya eksperti Castin Krumpa istinadən bildirir ki, qəzaya uğrayan təyyarənin gövdəsinə və kabinənin içərisinə foto və videolarda görünən zədələr xarici təsirdən xəbər verə bilər. Britaniya nəşri təyyarənin qəzaya uğramasının mümkün səbəblərindən biri kimi vurulan hava hücumundan müdafiə raketinin adını çəkir.
"Təyyarənin arxa və sol tərəfindəki işarələr hava hücumundan müdafiə raketinin partladılmasının nəticələrinə çox bənzəyir. Bunu fraqmentlərin izlərinin yerini qiymətləndirməklə demək olar", -
ekspert Castin Krump qeyd edib.
"The Telegraph": "Təyyarə Ukraynaya məxsus pilotsuz uçan aparatla səhv salına bilər"
Nəşr Britaniyanın aviasiya təhlükəsizliyi şirkəti Osprey tərəfindən aparılan təhlilə istinadən yazır ki, Embraer-190-ın Aktauda qəzaya uğramasının ehtimal olunan səbəbi Qroznı üzərində Rusiya hava hücumundan müdafiə sistemlərinin işi olub.
"Rusiyanın təyyarəni vurması versiyası təyyarənin yüzlərlə mil yanlış istiqamətdə uçmasından və gövdəsində dəliklərlə qəzaya uğradıqdan dərhal sonra ortaya çıxdı", - deyə "The Telegraph" yazır. Nəşr qeyd edir ki, həm aviasiya mütəxəssisləri, həm də bəzi rusiyalı “hərbi müxbirlər” eyni fərziyyəni irəli sürüblər: qəzaya uğrayan təyyarənin gövdəsindəki dəliklər hava hücumundan müdafiə raketinin partlaması nəticəsində yaranan parçaların izləridir. Mütəxəssislərin ardınca "The Telegraph" etiraf edir ki, Bakı-Qroznı təyyarəsi Ukraynaya məxsus pilotsuz uçan aparatla səhv salına bilərdi (görünmənin zəif olduğu bir şəraitdə bu, istisna edilmir).
"Pilotlar dispetçerə havada müəyyən bir obyektlə toqquşma barədə məlumat verdilər - əvvəlcə bunun quş ola biləcəyi güman edildi, lakin sonradan göyərtədəki oksigen çəninin partladığı məlum oldu . Bu, fəlakətin səbəbinin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən atəşə tutulması versiyasının lehinə olan arqumentdir", - KİV-də qeyd olunub.
"The Guardian": "Quşların vurması ehtimalı az idi"
"The Guardian" müxtəlif mənbələrdən alınan məlumatları ümumiləşdirərək bir neçə mövcud versiyanı təkrarlayır. KİV-ın topladığı rəy və şərhlərdən çıxarıla bilən əsas nəticə ondan ibarətdir ki, AHY8432-nin texniki problemlərinin əslində quş vurması nəticəsində yaranma ehtimalı azdır.
"Rusiya mediasında təyyarənin Ukraynaya məxsus pilotsuz uçan aparatla səhv salaraq Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurula biləcəyi ilə bağlı fikirlər var", nəşr yazıb. Britaniya nəşri Rusiya (və daha az dərəcədə Qazaxıstan) hakimiyyətinin təyyarə qəzası ilə bağlı müzakirələrin intensivliyini azaltmağa çalışdığını göstərir və rəsmi araşdırmanın hələ başa çatmadığını vurğulayır.
CNN: "Daxili problemlərin yaranma ehtimalı azdır"
CNN öz materialında təyyarənin qəzaya uğrama şəraitini təsvir edir və faciənin səbəbləri ilə bağlı bir neçə versiyanı qısaca yazır. Amerika nəşri təyyarənin pilotsuz təyyarələrin hücumu və ya hava hücumundan müdafiəsi səbəbindən qəzaya uğraya biləcəyini iddia etmir, lakin qeyd edir:
"Rusiya səlahiyyətliləri təyyarənin niyə dənizi keçdiyini dərhal izah etməyib, lakin qəza Rusiyanın cənubunda pilotsuz təyyarələrin zərbələrindən qısa müddət sonra baş verib. Ölkənin bu bölgəsindəki hava limanları daha əvvəl pilotsuz təyyarələrin təhlükəsi səbəbindən bağlanıb və çərşənbə günü səhər saatlarında təyyarənin marşrutu boyunca ən yaxın hava limanı belə bağlanıb".
CNN həmçinin qeyd edir ki, təyyarə hələ oktyabr ayında tam texniki baxışdan keçib, yəni göyərtəsində daxili problemlərin olma ehtimalı az idi.
"Associated Press": "Təyyarənin GPS sistemi niyə işləməyib?"
"Associated Press" "Flightradar"a istinadən bildirir ki, qəzadan əvvəl 4K-AZ65 bortunda Aktau hava limanı üzərində xarakterik “səkkiz rəqəm” təsvir edilib. Eyni zamanda, təyyarə uçuşun son dəqiqələrində nəzərəçarpacaq dərəcədə yuxarı və aşağı hərəkət edib. Bunlar naviqasiya sisteminin nasazlığının əlamətləridir.
"FlightRadar24" ayrı bir onlayn yazıda bildirir ki, təyyarə ciddi GPS tıxanması ilə qarşılaşıb və bu, təyyarənin səhv ADS-B məlumatlarını ötürməsinə səbəb olub.
"Söhbət təyyarələrin marşrutlarını izləməyə imkan verən məlumatlardan gedir", - nəşr yazıb. "Associated Press" qeyd edir ki, Rusiya əvvəllər dəfələrlə GPS siqnallarını qəsdən pozmaqda ittiham olunub.
"Mint": "Fəlakətin dörd əsas versiyası var"
Aktauda “Embraer-190” təyyarəsinin qəzaya uğramasına gözlənilmədən, lakin ciddi maraq Hindistan mediası tərəfindən göstərilib. Əksər nəşrlər qısa qeydlər və xülasələrlə məhdudlaşır. Ancaq bəziləri öz analizlərini verirlər.
Hindistanın "Mint" portalı qəzanın dörd mümkün günahkarının adını çəkir. Birinci seçim “rəsmi”dir: Quş sürüsü ilə toqquşması. Hindistan portalının verdiyi ikinci versiya isə təyyarədə oksigen balonunun partlamasıdır. Üçüncüsü, pis hava şəraitidir, lakin bu, idarəetmə sistemindəki problemlərin əsas səbəbi deyil, təyyarənin Mahaçqalaya və ya Qroznıya niyə uçmadığı sualına daha çox cavabdır.
"Mint"ə görə, təyyarə qəzasının dördüncü mümkün səbəbi Qroznıya yaxınlaşarkən təyyarəni vura bilən Rusiya hava hücumundan müdafiə sistemləridir. "Bu və ya digər şəkildə bu iddiaların heç biri hələ təsdiqini tapmayıb. Ölümlə nəticələnən təyyarə qəzasının səbəbləri hələ də araşdırılır".
Hazırda qəzaya uğrayan "Embraer-190" təyyarəsinin araşdırmaları davam etdirilir.