Azərbaycanda bu qabların satışı qadağan edilə bilər — AÇIQLAMA

Son illərdə ekoloji problemlərin artması fonunda plastik tullantıların azaldılması məsələsi daha da aktuallaşıb. Xüsusilə birdəfəlik plastik butulkaların ətraf mühitə vurduğu zərər bu mövzunu gündəmdə saxlayır. Dünyanın bir çox ölkəsində artıq bu istiqamətdə qadağalar və məhdudiyyətlər tətbiq olunur. Azərbaycanda da plastik butulkaların istifadəsinin məhdudlaşdırılması məsələsi müzakirə edilən əsas mövzulardan birinə çevrilib.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a bildirib ki, Gürcüstan hökuməti aprelin 1-dən etibarən plastik butulkalardan istifadənin qadağan edilməsi ilə bağlı qərar qəbul edib:
“Bu, kifayət qədər əhəmiyyətli addım hesab olunur. Məsələ ondadır ki, plastik tullantılar yalnız butulkalardan ibarət deyil, onların bir çox növləri var. Bununla belə, ən çox istifadə olunan plastik məhsullardan biri məhz butulkalardır. Xüsusilə su qabları, “Coca-Cola”, “Fanta” kimi içkilərin qablaşdırılmasında geniş istifadə olunur. Azərbaycan hökuməti də bu sahədə müəyyən addımlar atıb. 2021-ci il fevralın 15-dən Nazirlər Kabinetinin 42 saylı qərarı ilə birdəfəlik plastik torbaların və bəzi plastik qabların istifadəsi məhdudlaşdırılıb. Bu qərara çəngəl-bıçaq dəstləri, qaşıqlar və digər oxşar məhsullar da daxildir. Eyni zamanda, plastik torbaların marketlərdə ödənişli istifadəsi tətbiq olunub. Qərarın icrasından sonra qısa müddət ərzində plastik torbaların istifadəsində müəyyən azalma müşahidə edilib. Lakin sonradan, xüsusilə meyvə-tərəvəz bazarlarında və bəzi mağazalarda bu qaydaların tətbiq edilməməsi səbəbindən onların istifadəsi yenidən artıb”.
Ekoloq bildirib ki, Statistika Komitəsinin məlumatına görə, plastik torba istehsalı əvvəl 17 min ton olduğu halda, hazırda 20 min tonu keçib və artmaqda davam edir:
“Bir çox ölkələrdə, xüsusilə Avropa İttifaqı dövlətlərində, Fransada, Almaniyada və İngiltərədə plastik torbaların ödənişli edilməsi effektiv nəticə verib. Hazırda həmin ölkələrdə insanlar mağazaya gedərkən öz torbalarını gətirməyə üstünlük verirlər. Təəssüf ki, Azərbaycanda bu proses davamlı şəkildə aparılmadığı üçün gözlənilən nəticə əldə olunmayıb. Gürcüstanın atdığı addım plastik butulkalardan istifadəni müəyyən qədər məhdudlaşdıra bilər. Lakin bunun ciddi azalmaya səbəb olacağı gözlənilmir. Çünki alternativ məhsullardan istifadə genişləndirilməlidir və əsasən şüşə qablara keçid təmin olunmalıdır”.
Ekoloq deyib ki, şüşə qabların istehsalı nisbətən baha başa gəlir.
“Burada əsas məsələ plastik məhsulların, xüsusilə qabların təkrar emalı üçün müəssisələrin yaradılmasıdır. Bu istiqamətdə Azərbaycanda fəaliyyət hələ də kifayət qədər inkişaf etməyib. Gürcüstan hökumətinin isə bu sahədə istehsalı stimullaşdıracağı ehtimal olunur. Azərbaycanda şüşə qabların bir hissəsi yerli istehsal olunsa da, böyük hissəsi idxal edilir ki, bu da onların geniş istifadəsini çətinləşdirir. Eyni zamanda, “Coca-Cola” kimi iri istehsalçıların, eləcə də digər içki şirkətlərinin təkrar emal proseslərini geniş tətbiq etməsi vacibdir. Bu baş vermədikcə plastikdən istifadənin azalması gözlənilmir. Təəssüf ki, hazırda bu istiqamətdə ciddi irəliləyiş müşahidə olunmur”, – deyə o qeyd edib.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










