“Aİ-95” markalı benzin ucuzlaşacaq – Bu tarixdən sonra...
Yazarlar
3 Avqust 2021 17:45
Oxunub 2624
Azərbaycanda "Aİ-95” markalı avtomobil benzininə tələbin artması müşahidə edilir. Bununla əlaqədar olaraq son illərdə ölkəmizə daha çox "Aİ-95” benzini idxal olunur. Avtosfer.az bildirir ki, 2017-ci ildə 50,64 min ton "Aİ-95” markalı avtomobil benzini idxal olunduğu halda, 2018-ci ildə 57,72 min ton, 2019-cu ildə 53,8 min ton, 2020-ci ildə 97 min ton, bu ilin ilk 5 ayında 59 min ton benzin idxal edilib. Mövcud dinamika qalarsa, 2021-ci ilin yekununda "Aİ-95” markalı benzinin idxal miqdarı 120 min tonu ötə bilər.
Bəs, yüksək oktanlı benzinə tələbin artması ilə əlaqədar Azərbaycan "Aİ-92” markalı benzinin istehsalını dayandırıb, "Aİ-95” markalı benzinin istehsalına keçid edə bilərmi?
Sfera.az-a danışan enerji sahəsi üzrə ekspert Zəfər Vəliyev qeyd etdi ki, bunu tezliklə həyata keçirmək texniki baxımdan mümkün deyil. O həmçinin xatırlatdı ki, ölkəmizdə "Aİ-92” benzininə tələb daha böyükdür və bu tələbin ödənilməsi üçün yerli istehsalın saxlanılması vacibdir:
"Qısa müddətdə "Aİ-92” benzininin dövriyyədən çıxarılması, istehsalının dayandırılması mümkün deyil. Həm Azərbaycanda, həm də regionumuzda bu markadan olan benzinə tələb güclüdür.
Düzdür, "Aİ-95” benzininə də tələb artır. Tələbdəki artıma səbəb yanacağın keyfiyyəti ilə bağlıdır. Yüksək oktanlı benzin daha keyfiyyətli olduğundan avtomobil sahibləri bu benzinin istehlakını artırır. Amma mövcud tələb "Aİ-92” ilə müqayisədə xeyli azdır. "Aİ-95” benzininə illik tələb 100 min tona yaxın olduğu halda, "Aİ-92” benzininə tələb 1,2-1,3 milyon tondur”.
Ekspert hesab edir ki, əsas məsələ "Aİ-92” benzinin istehsalının dayandırılması yox, onun keyfiyyətinin artırılması olmalıdır. Z.Vəliyev Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsindən sonra bunun mümkün olacağını söylədi: "2023-cü ildən sonra "Aİ-92” benzinin keyfiyyəti artırılacaq və buna paralel olaraq "Aİ-95” benzin də istehsal ediləcək. Hazırda zavodun emal güclərində ikimərhələli modernləşdirmə və yenidənqurma işləri aparılır. Bu çərçivədə mövcud texnoloji qurğular modernləşdiriləcək, müəssisədə yüksək oktanlı benzin istehsalı, "Avro-5” standartlarına cavab verən "Euro-Dizel” və "Aİ-92” markalı avtomobil benzini istehsalı təmin olunacaq. Modernləşdirmə və yenidənqurma işləri 2023-cü ildə tam başa çatdırılmalıdır.
Hazırda zavodda "Aİ-95” markalı benzin istehsal edilmir. SOCAR-ın məlumatına əsasən, 2023-cü ildən sonra həm yüksək keyfiyyətli "Aİ-92”, həm də "Aİ-95” markalı benzinin istehsalı həyata keçiriləcək”.
Z.Vəliyev dedi ki, "Aİ-95” benzinin yerli istehsalının təşkili onun idxalına çəkilən xərci aradan qaldıracaq, eyni zamanda daxildəki qiymət indiki kimi yüksək olmayacaq.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR