“Bakı piyadalar üçün çox təhlükəli şəhərdir” - AÇIQLAMA - FOTO
Bakıda piyada və sürücülər arasında “mehribanlıq” artıq sərhəd tanımır. Bu dəfə bəhs edəcəyimiz problem düyməli işıqforlardır. Sürücülər iddia edirlər ki, bəzi piyadalar yolu qarşı tərəfə keçmədikləri halda əsassız yerə düyməni basır, nəqliyyatın hərəkətini ləngidirlər. Piyadalar isə bildirirlər ki, düyməli işıqforlar olmayan ərazilərdə yolu qarşı tərəfə keçmək mümkün deyil. Məhz buna görə də onlar düyməli işıqforların sayının artırılmasını istəyirlər.
Sakinlərin bu tələbləri yerinə yetiriləcəkmi? Bu gün paytaxt yollarında rast gəldiyimiz düyməli və səsli işıqforların hamısı işlək vəziyyətdədirmi? Paytaxtda düyməli, səsli işıqforlar, həmçinin yerüstü və yeraltı keçidlər kifayət qədərdirmi? Ümumiyyətlə, Bakıda bu günə qədər nə qədər düyməli və səsli işıqforlar quraşdırılıb? İlin sonuna qədər paytaxtda daha neçə belə işıqfor quraşdırılacaq? Həmin bu işıqforlardan əsassız yerə istifadə edən, nəqliyyatın hərəkətinə süni maneə yaradan hərəkət iştirakçıları barədə cərimə tətbiqi varmı? Əgər təcrübədə varsa, indiyə kimi məhz bu səbəbdən nə qədər protokol tərtib edilib?
Keçirdiyimiz kiçik sorğu zamanı şəhər sakinləri bildirdilər ki, Bakı piyadalar üçün təhlükəlidir. Piyadalar qeyd etdilər ki, şəhərdə nəinki yolu qarşı tərəfə keçərkən, hətta səkilərdə gəzərkən də özlərini təhlükəsiz hiss etmirlər:
“Piyada səkisinin sadəcə adı qalıb, özü yoxdur. Səkilərin yarısını parkinq ediblər, yarısına köşk qoyublar, yarısını da çayxana ediblər. Biz bilmirik ki, evdən çıxanda ayağımızı hara qoyaq. Piyada səkisi olmadığı üçün çox vaxt avtomobil yolunun kənarı ilə gedirik. Bu da təhlükəlidir. Lap səki ilə hərəkət etsək belə, avtomobillər sürətlə idarə olunduğundan tez-tez qəzalar baş verir, sürücülər idarəetməni itirib səkilərə çıxır, piyadaları vururlar. Piyadalara deyirlər ki, avtomobil yolunu yalnız piyada zolağı olan yerlərdən keçin. Amma bu da təhlükəsiz deyil. Piyada zolağında avtomobillə vurulan və ölən piyadaların sayından xəbəriniz varmı? Hansı təhlükəsizlikdən danışırsınız? Düyməli işıqforlar olan küçələrdə yolu qarşıya keçmək nisbətən rahatdır. O da hər küçədə yoxdur, ümumiyyətlə mərkəzdən kənarda heç nə yoxdur”.
Sakinlər daha çox şəhərin 20 Yanvar dairəsində, Sabit Orucov, Əhməd Rəcəbli küçələrində, Bakı-Sumqayıt, Binəqədi şoselərində və bir çox fərqli istiqamətlərdə piyadalar üçün təhlükəsiz infrastrukturun olmadığını düşünürlər.
Əhalinin şikayətlərini nəzərə alaraq bütün piyada zolaqları yaxınlığında mütləq düyməli və səsli işıqforlar quraşdırılmalıdırmı? Bu, mümkündürmü?
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş məsləhətçisi Ömər Xıdırov oxu.az-a bildirib ki, NİİM-in nəzarətində olan Bakı yollarında 85 kəsişmədə olan piyada keçidində səs qurğusu, 86 piyada keçidində isə piyada düyməsi mövcuddur:
“Piyadaların yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə NİİM müvafiq qurumlarla birlikdə şəhər ərazisində təhlillər aparır, bu cür qurğuların quraşdırılmasına ehtiyac olan yollar müəyyənləşdirilir və problemin aradan qaldırılması istiqamətində işlər görülür”.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev isə düşünür ki, Bakıda nəqliyyat və piyadalar üçün qurulan infrastruktur heç də yaxşı səviyyədə deyil:
“Xarici ölkələrdə yol infrastrukturu qurulan zaman hərəkət iştirakçıları arasında piyadalar önəmli hesab edilir. İnfrastruktur piyadanın üstünlüyü üzərində qurulur. Təəssüf ki Azərbaycanda bu istiqamətdə çatışmayan nüanslar çoxdur. Vətəndaş ilk növbədə yaşadığı şəhərdə rahat və maneəsiz piyada gəzə bilməlidir. İnfrastruktur tək gənc və sağlam piyadalar üçün deyil, yaşlı, uşaq, fiziki məhdudiyyətləri olan hər kəs üçün eyni dərəcədə təşkil olunmalıdır. Bütün müasir şəhərlər yeraltı, yerüstü piyada keçidlərindən imtina edir. Bakı isə təəssüf ki, hələ də bu keçidlərdə ilişib qalıb”.
Avtomobil yollarında piyada zolaqlarının olmasını və işıqforların quraşdırılmasını düzgün qərar sayan ekspert, bu məsələyə də kölgə salan məqamların olduğunu xüsusi vurğulayıb:
“Əgər eyni səviyyəli piyada keçidləri, işıqforlar varsa, bu, yaxşı haldır. Bəs bu piyada zolaqlarına qədər gələn piyada səkiləri hansı vəziyyətdədir? Tək piyada zolaqları, düyməli işıqforlar qoymaqla iş bitmir. İnsanlar şəhərdə gedəcəyi ünvana qədər dayanacaqlara, keçidlərə kimi piyada səkilərində rahat, maneəsiz hərəkət edə bilməlidirlər. Media şəhərdə bir küçəni təftiş etsə, nə demək istədiyimi başa düşəcək. Küçələrdə piyada, uşaq arabası, skuter, əlil arabası, velosiped və nəhayət nəqliyyat vasitəsilə nə qədər gəzmək imkanının olduğunu öz gözlərinizlə görməlisiniz. Paytaxtda hər şey yalnız avtomobil ilə hərəkət üçün nəzərdə tutulub, heç o da uğurlu deyil. Digər hərəkət iştirakçılarının rahat hərəkəti nəzərə alınmayıb. Son verilən qərarlar da bunu daha çox üzə çıxardı. Yaxın məsafəyə, məsələn bir-iki kilometrlik məsafəyə nə üçün piyada deyil, taksi ilə gedirik? Çünki piyada getmək üçün yollar yoxdur”.
Düyməli işıqforların nəqliyyatın hərəkətinə müsbət təsir edən amil olduğunu deyən Rauf Ağamirzəyev əlavə edib ki, bunun düzgün təşkili və genişləndirilməsi vacib məsələdir:
“Düşünürəm ki, bu istiqamətdə görülən işlərin sayı artırılmalıdır. Paralel olaraq piyada infrastrukturunun abadlaşdırılmasına ehtiyac var. Bu isə uzun zaman alacaq məsələ deyil, sadəcə sərt cərimələr tətbiq edilsə, düzələcək. Əks təqdirdə bu gedişlə daha bərbad vəziyyət yaranacaq. Biz son 15 ildə piyada səkilərindən kəsilib avtomobil yollarına verilən hissələrin çətinliyini çəkirik. Bir küçədə iki zolaqlı yol irəlidə gəlib beş zolağa çevrilir. Asfalt səhrasına gəlib çıxmışıq. Bunun fəsadları da az deyil. Sürət, asfalt sahənin genişlənməsi hesabına yaranan temperatur artımı, qırılan yaşıllıqlar səbəbindən ekosistemə dəyən ziyan və s. Ümumiyyətlə, bu amillər, Bakıda yaşayış keyfiyyətini sürətlə aşağı salır.
Biz, düyməli işıqfora qədər bir çox problemləri həll etməliyik ki, effektiv nəticə ala bilək. Birini edib, digərlərini düzgün tənzimləməsək, sistem istədiyimiz kimi işləməyəcək. Bu işləri yarımçıq etməkdənsə, keyfiyyətli iş görək. Küçələrdə sakitləşdirici elementlər qoyulmalıdır. Əgər iki zolaqdan artıq küçədirsə, orada təhlükəsizlik adası qurulmalıdır. Məhəllə girişlərini bacardıqca səki səviyyəsinə qaldırmalıyıq. Sürücülər fiziki olaraq hiss etməlidir ki, piyadalara aid zonaya daxil olurlar. Bu məqamlar olmasa sürücülər avtomobilləri yarış maşını kimi sürəcəklər. Bakıda dediyim normativlərin, yəni, müasir şəhərsalma elementlərini Ağ Şəhərdə, eləcə də Bəsti Bağırova küçələrində görürük. Bunun şəbəkəsini daha da artırmaq lazımdır. Dayanıqlı şəhərin birinci elementi parkinqin idarə olunmasıdır. Buna artıq yavaş-yavaş nail olunur. Daha sonra çeşidli ictimai nəqliyyata üstünlük vermək, piyada infrastrukturunun təşkili, mikromobillik vasitələri ilə sahələrin genişləndirilməsi, yol hərəkətinin təşkili məsələləri ardıcıllıqla nizamlansa, çox gözəl şəhərə sahib olarıq”.