Bakıda tıxac qəsdən yaradılır? - Ağlasığmaz iddiaya CAVAB
Uzun illərdir ki, yağış yağan kimi Bakıda yollarda sürət həddi endirilir.
Bəziləri iddia edir ki, məhz sürət həddinin endirilməsi paytaxtda tıxaclara səbəb olur. Yağmurlu havalarda sürət həddindəki azalma özünə tərəfdarla yanaşı əleyhidarlar da toplayıb.
Bəs tıxaclara səbəb həqiqətən sürətin azaldılmasıdırmı?
Mövzu ilə bağlı danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, sürət həddinin bir qədər endirilməsi tıxaca səbəb olmur. O, bu iddiaları yersiz hesab edib:
“Yağışlı havada sürət həddi adətən yüksək sürət olan yollarda endirilir. Bu da Heydər Əliyev prospektini daha çox əhatə edir. O ərazidə isə sürət həddinin endirilməsinin hər hansı problem yaratdığını düşünmürəm. Çünki həmin prospektdə tıxac olmur, hər hansı narahatlıq yaradan məsələ yoxdur. Əgər kimsə bu iddianı öz təxəyyülünün məhsulu kimi ortaya atırsa, onun şəxsi fikridir. Amma ümumilikdə sürət həddinin endirilməsinin hər hansı problem yaratdığını demək sadəlövhlük olardı. Bu, məlumatsızlıqdan irəli gəlir, belə adamlar avtomobillə bağlı çox məhdud məlumatlara malikdir. Sürət həddinin endirilməsi heç bir problem yaratmır, illərdir bu ənənə var. Bu sadəcə təhlükəsizliyi təmin etmək üçün atılan addımdır, bunu hamı başa düşüb qəbul edir. Quru havada normal maşın sürə bilməyənlər sosial şəbəkələrdə sürət davası edir. Bu, məntiqsizlikdir”.
Ekspert aidiyyəti qurumların təhlükəsizlik məqsədilə atdığı addımları tam doğru hesab edib:
“Heydər Əliyev prospektində 90 km/saat sürət müəyyənləşdirilib. Yağışlı havada sürəti maksimum 70 km/saata salırlar. Bunun da ciddi problem yaratdığını və ya yarada biləcəyini düşünmürəm. Çünki belə bir hal müşahidə edilməyib. Digər küçələrdə isə zatən sürət normal qalır. Əksinə, biz hesab edirik ki, yağışlı havalarda sürücülər özləri sürəti aşağı salmalıdırlar.
Bəzən sürücülər bunu nəzərə almır, bu səbəbdən aidiyyəti qurumlar məcbur qalıb özləri sürət həddini endirirlər. Çünki insan özbaşına buraxılanda gedib min cür hadisə törədir, başqalarına xəsarət yetirir. Aidiyyəti qurumlar bunun baş verməməsi üçün bəri başdan sürət həddini azaldır. Çünki bizim mental düşüncəmiz elədir ki, ciddi bir tapşırıq olsa belə, bəzən fikirləşirik ki, “əşşi heç nə olmaz”. Biz “Heç nə olmaz” prinsipi ilə yaşayanda da görürük ki. Nə isə olur. Ona görə də əvvəlcədən dövlət qurumlarının atdığı addımları normal qarşılamaq lazımdır. Mən bunları düzgün hesab edirəm”.
(yenisabah)